363
10:48
23 Mart 2019

Yükləri gəmilərə dronlar daşıyacaq - Uğurlu test

“Airbus” şirkəti pilotsuz uçan aparata yükləri yanalma körpüsündən gəmilərə çatdırmağa imkan verən test proqramını işə salıb.
Lent.az ictnews-a istinadən xəbər verir ki, artıq texnologiya Sinqapurda sınaqdan keçirilib.
“Airbus” sınağı “Wilhelmsen Ships Services” logistika şirkəti və Sinqapur hökuməti ilə birgə həyata keçirir. Dronun ilk uçuşu ötən cümə baş tutub – “Skyways” pilotsuz uçan aparatı gəmiyə üçölçülü çap obyektlərinin daxil olduğu 1,5 kiloqramlıq yükü çatdırıb.
Məlumata görə, testlər dronun “Marina South Pier” yanalma körpüsündən uçuşunu və təxminən 1,5 km məsafəyə – lövbərdə dayanan gəmiyədək pilotsuz uçuşu nəzərdə tutur: aparat yükü göyərtədə qoyduqdan sonra sahilə qayıdır. Uçuş müddəti 10 dəqiqə təşkil edir.
“Airbus” şirkəti mütəxəssislərinin sözlərinə görə, “Skyways” dronları sahildən 3 km uzaqda dayanan gəmilərə 4 kiloqramadək yüklər çatdırır. Aparatlar avtonom rejimdə xüsusi hava dəhlizləri ilə hərəkət edirlər. Gələcəkdə “Airbus” dronların şəhər şəraitində sınağını planlaşdırır. Bundan başqa, tezliklə Sinqapur Milli Universiteti ilə testlərin başlanılması nəzərdə tutulur.