2536
17:26
04 Mart 2019

Bağdad təcridxanası: “kafər qızı”, bacının faciəsi, “burun əməliyyatı” - II HİSSƏ - Səbuhi Məmmədli yazır

…Pasportumu azından əlli dəfə o yan - bu yana vərəqləyir. Məni təyyarəyə qədər müşayiət edən Bağdad aeroportunun miqrasiya idarəsinin zabitinə tərs-tərs baxıb, yenə pasportu vərəqləməkdə davam edir. Bu dəfə mənə qəzəblə baxıb, yüksək səslə nəsə deyir. Əlimi yelləyib, heç nə başa düşmədiyimə işarə vururam. Yenə nəsə deyir. Bu dəfə mən dillənirəm osmanlı ləhcəsində:

- Türkcə konuşan kimsə varmı?

Bir nəfər irəli çıxır. Təhlükəsizlik xidməti əməkdaşının dediklərinin tərcümə etməsini xahiş edirəm…

- Deyir ki, sənin vizan var, səni niyə deportasiya edirlər ki?

- Bunu mən də bilmirəm.

Türk qardaşımızla zabit öz aralarında ərəbcə nəsə danışırlar…

- Deyir ki, gözlə, aydınlaşdırmalıyam.

(Əvvəli burda http://lent.az/news/307443)

İkinci hissə

Həm Kudus, həm də digər banqladeşlilər, eləcə də “Ku” mənə xoş yanaşırdılar. “Ku”ya deyəndə ki, 4 yaşlı qızımın ən sevimli oyuncağı zürafədi, uğunub gedirdi gülməkdən. Deyirdi bizə qonaq gəlin, sizə əsil zürafəni göstərim. “Ku” İraqda küçə təmizləyib. Ayda 200 dollar maaş alırmış. Madaqaskarda isə onu heç bu da gözləmir.

Hə, “Ku” gündə Allah bilir neçə dəfə namaz qılan banqladeşliləri çox maraqla izləyirdi. Və hər dəfə ayin başlayanda çox ciddi sifət alırdı.

Amma açığı, “Ku”dan fərqli, Kudus, Halaleddin və Rəşidul İslam, necə deyərlər, mənə bir köynək yaxın idilər. Baxma, hamımız “kulli islam” idik axı...

Halaleddinin həyatı tam faciədi. Onun bacısı Myanmada ərdəymiş. Məlum hadisələr zamanı onu və yeznəsini öldürüblər. Halaleddin ağlaya-ağlaya danışır ki, bacısı hamilə imiş. Yeznəsinin başını kəsiblər, bacısının isə qarnını yarıb, 7 aylıq uşağını da qətlə yetiriblər.

- Müsəlmanları sevmirlər, nə Hindistanda, nə Myanmada. Yetər ki “Allahu əkbər” deyəsən, öldürəcəklər. Banqladeşdə elə deyil. Bizdə hindlilər də yaşayır, xristianlar da. Hamıya ibadətə imkan verirlər.

***

Kameramıza 4 pakistanlı gətirirlər. Hər üç banqladeşli az qala nifrətlə baxır onlara. Aranı düzəltməyə çalışıram:

- Pakistan “kuli muslim”...

Təsdiqləyirlər. Amma sıfır reaksiya. Sonradan biləcəkdim ki, sən demə, hər ikisi müsəlman dövləti olsa da, banqladeşlilərin Pakistana patoloji nifrəti var. Bu isə ötən əsrin 70-ci illərinin əvvəllərində baş vermiş Pakistan-Banqladeş müharibəsi ilə bağlıdır. Banqladeşlilər həmin müharibəni, xüsusilə qadınların kütləvi şəkildə zorlanması hallarını unuda bilmirlər.

***

Halaleddinin xanımı macardır. Adı da Luara. İnternetdə tanış olubar. Luara da etmə tənbəlik, dur gəl, Dəkkəyə. Amma ailəsi daş atıb başını tutub ki, bu kafər qızını sənə almayacağıq. Az qala daş-qalaq edəcəklərmiş. Halaleddin də Luaranı götürüb gedir İraqa işləməyə. Avropanın göbəyində böyümüş Luara da Banqladeş və İraq kimi ekzotik ölkələrə “səyahət” edəndən sonra qayıdır ölkəsinə. Qucağında da iki körpəsi. İndi kamera yoldaşım arvadı və uşaqlarıyla ancaq internet vasitəsilə danışır.

***

Məhəmməd Kudus deyir ki, Banqladeşin əhalisi 160 milyona yaxınlaşır.

- Dolanışıq çox çətindir. Ot da olsa, tapıb yeməliyik ki, acından ölməyək. Bir az Dəkkədə dolanışıq var. Hamı ölkəni tərk edir. Bəxti gətirənlər Avropaya, qalanı isə Misirə, İraqa, Əmirliyə gedir. İndi İraqdan da deportasiya edirlər, ya edəcəklərmi, bəlli deyil. Evə gedək çıxaq, sonrasını fikirləşərik.

- Nə fikirləşəcəksən ki?

- Bəlkə Çinə getdim. Orada günə 5 dollar qazanmaq olur.

****

Hamımız, deportasiyanı gözləyirik. Amma mühafizəçinin lal sükutu və bir kimsənin bizi arayıb-axtarmaması əsəbləri çox gərir.

- Səncə, bizi nə vaxt göndərəcəklər?

Kudus fikrə gedir.

- Onu heç kim deyə bilməz. Bu gün, sabah, bir ay. Kefləri nə vaxt istəsə.

Hə, bu artıq ciddi siqnaldı. O it iyi verən döşəkdə min bir xəstəlik tutmaq olar. Burdan qurtulmaq üçün mütləq nəsə fikirləşmək lazımdı.

Mühafizəçini səsləyirəm:

- Mən Azərbaycan vətəndaşıyam. Bu gün Bağdad-Bakı reysi var. Rəisi çağır, mən onunla danışım, ölkəni tərk edim.

- Rəis heç kimlə görüşmür. Özləri nə vaxt istəsə, deport edəcəklər. Bu məsələylə bağlı daha məni narahat etmə.

- Necə yəni nə vaxt istəsə. Mənim ürəyim xəstədir. Mən dərman qəbul etməliyəm. Nə vaxta qədər burda qalacam ki?

- Onu deyə bilmərəm.

Nədənsə ağlıma ilk gələn Elçin Məmmədzadə oldu. APA -da ərəb dili tərcüməçimiz olmuş əziz qardaş. Mesencerlə onu arayıram.

- Elçin, bu adamlara başa sal ki, mən kiməm və səhhətim pisdi.

Elçin uzun-uzadı danışır. Cavabı isə lap pis.

- Səbuhi, bu adamlıq bir şey yoxdu. Deyir, mən mühafizəçiyəm, bilmirəm. Ola bilər, bir ay qalsın.

***

- Qəhvə istəyirəm.

Mühafizəçi süpürgəçilərdən birini çağırır. O da 1 dollarlıq qəhvə üçün 5 dollar alıb gedir.

10 dəqiqə sonra geri qayıdır.

Bir stəkan qəhvəni azı 5 siqaretlə içirəm. Doğrudanmı burdan çıxış yoxdur? Yox, nəsə fikirləşmək lazımdı. Adam üfunət iyi verən, hər tərəfi tüpürcəkli bir yerdə min xəstəlik tapa bilər.

İlk ağlıma gələn burnum oldu. Mənim burnum çox həssasdır. Adi bir toxunuşla qan gələ bilər. Elə də etdim. Yüngülcə zərbədən sonra qan ləkələri artıq kameranın döşəməsini bürümüşdü. Sağ olsun Kudus, tez qışqırmağa başladı. Mühafizəçi də həyəcanla ratsiya vasitəsilə həkim çağırdı.

İnsafən, tez gəldilər. Təzyiq 160-100. Əslində işçi təzyiqim 140-90-dır. Bir az da həyəcan artırmışdı.

- Xəstəxanaya! - həkim qərar verir. Haradansa əlil arabası gətirirlər. Məni arabada aeroportdan bayıra çıxarırlar. Yenə nə pasport yoxlama, nə hansısa bir sorğu-sual. Bir sözlə, dərəbəylik.

Aeroportdan 5-6 kilometr aralıda bir tibb məntəqəsidir. Təzyiqimi ölçürlər. İynə vururlar.

Ürəyimdə problemlər olduğunu deyirəm. Səbirlə dinləyirlər.

- Mən bu gün Bağdadı tərk etməliyəm. Bütün dərmanlarım Bakıdadı. Ürəyimdə ciddi problemlər var.

Baş həkim harasa zəng edir.

10 dəqiqədən sonra tibb məntəqəsinə iki məmur daxil olur.

Sən demə, bu təzyiqlə təyyarəyə minib-minə bilməyəcəyimi soruşurlar.

Baş həkim qəti şəkildə yox deyir.

Mən israr edirəm.

Ərəbcə hansısa sənədə qol çəkdirirlər.

Üstündən 15 dəqiqə də keçir, məni yenidən təcridxanaya qaytarırlar.

***

Sən demə, burada əməlli hazırlıq başlayıbmış.

Kudus:

- Deyəsən, səni bu gün göndərəcəklər.

- Nə bildin?

Sənə görə bura zəng ediblər.

Hə, Fevzi bəy imiş. İraq parlamentinin türkmən deputatı. Durumumla bağlı onu da xəbərdar etmişdim. Sağ olsun, aeroportun miqrasiya xidmətini ayağa qaldırıbmış. Müraciət etdiyim səfirliyimiz isə sonacan susdu…

***

…Təyyarə saat 17-də qalxmalıdı. Bir saat qalır. Məni arayan bir kimsə yox. Mühafizəçi sakitləşdirir:

- Ən yüksək səviyyədə qərar verilib, Bakıya uçacaqsan.

- Axı 1 saat qalıb?

- Səbirli olun.

***

- Mammadov.

Əlində pasportum və biletim bir məmurdur. Arxasınca gəlməsini əmr edir. Bakı reysinin uçuş qapısına kimi aparıb, başqa bir məmura təhvil verir. O isə mənə kənarda yer göstərir.

- Burdan heç hara tərpənməyin.

Nə edəsiyəm ki?

Uçuşa 10 dəqiqə qalmış sanki təhlükəli bir terrorçunu aparırmışlar kimi mən əhatəyə alıb, təyyarəyə qədər müşayiət edirlər. Təyyarənin trapında isə bir başqasına təhvil verirlər…Təhlükəsizlik xidmətini əməkdaşına.

***

… Təyyarə gecikir. Məndən başqa hamı yerini tutub. Nəhayət, zabitlə aramızda olan tərcüməçimiz dillənir:

- İndi aydınlaşdıracaqlar. Bu zabit anlamır ki, sən Bağdada niyə gəlmisən və indi niyə gedirsən. O biri görəvli isə deyir ki, deportasiya olunursan. Pasportunda isə xeyli ölkənin viza və möhürü var. Bu da bir az qaranlıq qalıb onlara.

…Elə mənə də…