39
10:11
29 Yanvar 2018

Röya Lalə Məmmədovaya cavab verdi: "Mənə görə narahat olmayın"

Əməkdar artist Lalə Məmmədovanın “ APA TV”-nin “Show time” verilişində Röya - İradə İbrahimova qalmaqalına münasibət bildirməsi, qalmaqalı yenidən alovlandırıb. Lent.az -ın məlumatına görə, Röya L. Məmmədovanın səsləndirdiyi fikirlərə sosial şəbəkə vasitəsi ilə cavab verib:

"Çox xahiş edirəm ki, bu söhbəti bağlayasınız. Lalə də, İradə də, Tolik də mənimdir. Başqa problemlər var ki, onu görə bilmirik. Hərənin öz seçimi var. Həm İradədən, həm də Lalədən xahiş edirəm ki, mənim seçimimə hörmətlə yanaşsınlar".

Röya Türkiyə şou-biznesində tanınması üçün xərclədiyi pullar barədə də danışıb: "Mən aldanmamışam. Tanınmağım üçün pul da tökmürəm. 25 ildir orada yaşayıram. Söhbəti uzatmayın. Arxamda möhkəm duran dostlarım var. Bu arada deyim ki, Lalə də bilsin. Keçən il Antalyada Polat Yağçı konsertimi təşkil edib. Həmin konsertimdən qazanc əldə etdim. Siz mənə görə narahat olmayın. Mən sağlam şəkildə addımlayan sənətçiyəm. Sizdən heç bir işimə görə pul istəməmişəm. Sadəcə xeyir və şər işlərinizdə mən sizin əlinizi necə sıxıramsa, siz də mənim əlimi elə sıxın".

Qeyd edək ki, L.Məmmədova “Show time” verilişində Röya-İradə qalmaqalından danışarkən bu sözləri demişdi: ““Mənim üçün nə İradə, nə də Röya... Mənim üçün əsas olan haqdır. Haqq varsa, mən haqqın yanında olacam. Mən nəyin əleyhinə idim? Röya ilə İradə aralarındakı anlaşılmazlığı öz aralarında araşdırmalı idilər. Bu işə prodüser, vizajist, saç ustası münasibət bildirdi. Hərəsi bir status yazmışdı. Biri Röyaya xoş gəlmək üçün onu müdafiə edirdi, digəri İradəni. Amma elə deyil. Siz bu insanların arasında olmamısınız. Sadəcə, mənə bu barədə sual verildi deyə münasibət bildirdim. Əlbəttə, sənət adamı olaraq bütün bunlar mənə xoş deyildi. Birinci sözünü İradə deyib, mən də İradənin sözlərinə qoşuldum. Dedim ki, düz deyir... Nə qədər sənət adamlarımız Türkiyədə tanınmaq üçün ətək-ətək pul tökdülər. Zeynəb Xanlarovadan başqa hansı müğənnimiz Türkiyədə konsert verib, pul qazanıb? Heç biri. İradənin Röyaya iradı pis mənada deyilməmişdi. Sadəcə, o dedi ki, içi özü qarışıq Türkiyədə Azərbaycan müğənnilərini qəbul eləmirlər. Hətta dedi ki, Röya çox zəhmətkeş qızdı, amma orada ulduz ola bilməyəcək. Sənət adamlarımız ucaldıqca, bir az şöhrətə çatdıqca, onların ünvanına deyilən söz qəlblərinə tez toxunur. Başa düşürəm, zəhmət çəkirlər. Bir də İradə-Röya qalmaqalında təhqir yox idi. Bizim üçün Röya da, İradə də eynidir, sənət yoldaşıdır. Mən kənardan baxıram, görürəm ki, kiminsə şöhrətdən başı gicəllənir. Onların ətrafında elə bir insan da yoxdu ki, onları ayıltsın. Niyə? Çünki şöhrət bu gün var, sabah azala bilər. Bir də yanlarında olan insanları qınayıram, onları qızışdırırlar. "Səndən yoxdur, sən ulduzsan" kimi sözlərlə onları inandırırlar. Bir az aşağı düşmək lazımdır, ayağın yerə dəysin. Göydə uçursan, amma sən bu torpaqdan çıxmısan”.

Onun bu sözləri isə prodüser Tolikin ürəyincə olmamışdı.