Təhsil millətin gələcəyidir
12 sentyabr 2017 10:04 (UTC +04:00)

Təhsil millətin gələcəyidir

 

Hər bir ölkənin uğurlu inkişafının əsasında  yüksək səviyyəli təhsil dayanır. Müasir dövrdə ölkələrin inkişafı təkcə iqtisadi göstəricilərlə, təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi ilə deyil, təhsilin inkişaf səviyyəsi, elmi potensialın olması ilə şərtlənir. Təhsil hər bir insana öz davamlı gələcəyini formalaşdırmaq, zəruri bilik, bacarıq və vərdişləri əldə etmək imkanı yaradır.

Müasir dövrdə dinamik inkişaf edən, beynəlxalq aləmin etibarlı bir üzvünə çevrilən Azərbaycan üçün də təhsil problemi olduqca aktualdır. Uzun müddət SSRİ tərkibində ümumi prinsipial təhsil prinsiplərinə adaptasiya olunmuş Azərbaycanın müstəqillik qazanması ilə yeni strateji konsepsiyaya keçməsi çoxşaxəli və uzunmüddətli olmuşdur. 1999-cu ildə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı”nın təsdiq olunmasıyla bütün təhsil sistemində, o cümlədən ali təhsil pilləsində islahatlar sistemli xarakter almağa başlamışdır.

Ali təhsil sahəsində islahatlar əsasən Avropa strukturları ilə, Avropa İttifaqı, Avropa Komissiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Ali təhsil sahəsində Respublikamızın  həyata  keçirdiyi ən vacib islahatlardan biri Boloniya sisteminə keçidin əsasının qoyulması olmuşdur. Avropada vahid ali təhsil məkanının yaranmasını nəzərdə tutan və 1999-cu ildə başlamış bu prosesə ölkəmiz 2005-ci ildə qoşulmuşdur. Boloniya Bəyannaməsinin müddəalarını həyata keçirmək üçün 2006-2010-cu illəri əhatə edən Tədbirlər Planı təsdiq edilmişdir.  Həmçinin, 2009-cu ildə qəbul edilən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycanda təhsil sahəsində aparılan islahatların normativ-hüquqi bazasının təkmilləşdirilməsinə imkan vermişdir. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 3 mindən çox tələbə xaricdə təhsil almağa göndərildi. Prezident İlham Əliyevin 2012-ci 29 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında strateji hədəflərdən biri də müasir təhsil sisteminin formalaşdırılmasıdır. Həmin sənədə əsasən, 2013-2020-ci illərdə təhsildə idarəetmənin təkmilləşdirilməsi davam etdirilməli, bütün maraqlı tərəflərin cəlb olunmasını təmin edən idarəetmə modelinə üstünlük verilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiq edildi.  Hazırda Azərbaycanda gənc nəslin elm və təhsilə cəlb olunması üçün dövlət tərəfindən mühüm addımlar atılır. Bunun bariz nümunəsi olaraq Elmin İnkişafı Fondunun, Bilik Fondunun gənc tədqiqatçılar üçün yaratdığı şəraiti, perspektivləri, həyata keçirilən layihələri qeyd etmək olar. Təhsil Nazirliyi tərafindən 2014-2015-ci tədris ilindən başlayaraq ali təhsilin bakalavriat səviyyəsində SABAH qrupları, yəni savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qrupların təşkili layihəsi həyata keçirilməyə başlanılıb.

 Prezident İlham Əliyev hər zaman təhsilin inkişafına qayğı göstərib və bu qayğıda əsas yeri rayon və şəhərlərdə yeni məktəblərin tikintisi tutur. Təsadüfi deyildir ki, son illərdə ölkəmizdə yüzlərlə məktəb tikilib, yaxud əsaslı şəkildə təmir edilib və ən son avadanlıqlarla təhciz edilib.  Son günlər dövlət başçısının paytaxt məktəblərində əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə şəxsən tanış olması təhsilin inkişafına olan dövlət dəstəyinin bariz nümunəsidir. Təhsil sahəsində həyata keçirilən çoxşaxəli islahatlar ölkəmizdə təhsilin keyfiyyətini yüksəldir. Müstəqil Azərbaycanımızın gələcəyinin təməlində məhz düşünülmüş milli təhsil siyasəti dayanır.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22262

Oxşar yazılar