[b]“Tutulmayan oğru” “Fantomas”dan bağbanlığa qədər...[/b] - DƏLİ DAHİLƏR
07 mart 2016 14:41 (UTC +04:00)

[b]“Tutulmayan oğru” “Fantomas”dan bağbanlığa qədər...[/b] - DƏLİ DAHİLƏR

0

 

Dünya kino sənətinin ən parlaq ulduzlarından olan, milyonların sevimli aktyoru, komediya ustası Lui de Fünes 31 iyul, 1914-cü ildə Paris yaxınlığındakı Kurbevua qəsəbəsində doğulub. Uşaqlıqdan fransız, ispan və ingilis dillərində sərbəst danışan Lui  gözəl rəsmlər çəkir, fortepianoda ifa etməyi bacarırdı.

Məzəli mimikası, gülməli hərəkətləri və yumor istedadı Luini ətrafdakıların sevimlisinə çevirmişdi. Balaca boyuna və komik görkəminə görə onu “Fü-fü” (gülüş doğuran fit səsi) deyə çağırırdılar.

Civə kimi bir yerdə dayanmayan, olduğu hər yerdə pozitiv ab-hava yaradan bu dinamik oğlan rəsm və musiqi dərslərindən başqa məşhur aktyor Rene Simonun dram dərnəyinə də gedirdi. 

Sonralar özünü musiqi sənətində püxtələşmiş hesab edən gənc Lui, Paris ətrafında yerləşən Piqala şəhərindəki məşhur “Mulen Ruj” kabaresinin əhlikef müştəriləri üçün caz musiqiləri ifa etməyə başladı. Onun mükəmməl  virtuoz ifası, komik, məzəli dinamikası tamaşaçılara qeyri-adi emosional təsir bağışlayırdı. Gənc cazmenin dəlisov hərəkətləri kafenin müştərilərini durmadan artırır, kabarenin axşam performanslarını cazibədar və unudulmaz edirdi.

Lakin İkinci Dünya müharibəsi, müvəqqəti olsa da, Fransanın bu qaynar, şən həyatına son qoyur. Paris alman ordusu tərəfindən işğal edildikdən sonra Lui de Fünes, musiqi məktəblərinin birində solfecio müəllimi kimi çalışmalı olur.

Uğursuzluqla nəticələnən birinci evlilikdən sonra Lui xeyli müddət qadınlarla ünsiyyətdən qaçır. 
Bu uzaqlaşma, Luinin “həyatımın işığı” adlandırdığı qadınla tanışlığına qədər davam edir. Musiqi məktəbində sekretar işləyən Janna Avqustina adlı xanım məşhur fransız yazıçısı Gi de Mopassanın qohumlarından idi. İstedadlı musiqi müəllimi ilə gənc və gözəl Janna arasında başlanan alovlu sevgi macərası bir ildən sonra cütlüyün evliliyi ilə nəticələnir. Bu evlilikdən onların Patrik və Olive adlı iki oğlu dünyaya gəlir. Məşhur aktyor sevimli xanımı ilə ölənə qədər, düz qırx il birgə sevgi dolu ömür yaşayır.

Lui de Fünesin kino karyerasındakı addımları 1945-cildən başlayır. Jan Stelinin “Barbizon aldanış” filmində oynadığı ilk epizodik rol ona heç bir şöhrət gətirmir. Sonradan çəkildiyi bir neçə filmdə, oynadığı ikinci dərəcəli rolların  uğursuzluğu da onu ruhdan salmır.  Elə  rejissorların özləri də bu nadir sifətə malik aktyoru itirmək istəmir, onun daxili aləmini, elastik oyunçuluq qabiliyyətini tam üzə çıxaracaq uyğun obraz tapmağa çalışırdılar. 

Yalnız 1958-ci ildə “Tutulmayan oğru sayılmır” filmində oynadığı baş roldan sonra Lui de Fünesin aktyorluq karyerası canlanmağa başlayır. Film Fransada və xarici ölkələrdə sürətlə yayılaraq rejissor və yaradıcı heyətə  böyük pullar qazandırır. Lui de Fünesin yaratdığı komik surət  brokonyer Bleronun adına görə həmin film bəzi yerlərdə “Blero” kimi də tanınır.

“Blero”dan sonra dalbadal müxtəlif komediya  filmlərinin əsas qəhrəmanı olan Lui de Fünesin şöhrəti 1960-cı illərdə pik nöqtəsinə çatır. Geniş tamaşaçı məhəbbəti qazanan komediya ustası insanları güldürməkdə davam edir,  Fransanı öz mahir oyunçuluğu ilə heyrətləndirirdi. Dünya kinematoqrafiyasında yenilik kimi qəbul edilən “Komissar Jüv və Fontamas” trilogiyasındakı komissar rolu aktyora ümumdünya şöhrəti gətirir. Lakin baş verə biləcək uğursuzluq ehtimalından çəkinən rejissor Andre Yunebel çəkilişi 10 seriyada planlaşdırılan bu fantastik komediyanı üçüncü seriyadan sonra dayandırır. Lui de Fünesin filmdə yaratdığı axmaq komissar obrazı isə aktyor oyununa görə, dünya kino tarixinin ən parlaq incilərindən sayılır.

“Fantomas” filmindən sonra komediya dahisinin “Razinya” və “Böyük gəzinti” filmlərində yaratdığı obrazları görməkdən ötrü  dünyanın bütün kinoteatrları çoxsaylı tamaşaçı ordusu ilə aşıb-daşırdı. Fünesin iştirakı ilə çəkilən filmlər böyük şöhrət qazanır, bu da onu ən çox tələb olunan oyunçuya çevirirdi. Pərəstişkarları sevimli ulduzu həyatda görmək eşqi ilə dünyanın hər yerindən Fransaya axışırdı.

Lui de Fünes 1973-cü ildə Fransanın ən ali dövlət mükafatı “Fəxri Legion Ordeni” ilə təltif olunur.

Kino çəkilişlərini davam etdirən yumor ustası 1975-ci ildə qəfildən dalbadal iki dəfə infarkt keçirdir. Səhhəti ilə əlaqədar həkimlər onun iş fəaliyyətinə qadağa qoyurlar.

Lui de Fünes rahat və sakit həyat tərzi keçirmək üçün sevimli xanımı ilə Nant yaxınlığında yerləşən “Şato-de-Klermon” adlı qədimi iqamətgahına köçür. Gülüş ustası öz sağlamlığını bərpa etmək və təbiətə daha çox qarışmaq üçün burada bağbanlıq edərək müxtəlif qızılgül sortları yetişdirməklə məşğul olur.

Daim qaynayan, enerjili Lui bir müddət sonra səhhətində azacıq irəliləyiş hiss edən kimi yenidən kinoya qayıdır. Rejissor Klod Zidinin təklif elədiyi “Qanad yoxsa qıç” adlı kinokomediyanın ssenarisini oxuyan aktyor filmdə çəkilməyə razılıq verir. Lui bundan başqa 1982-ci ildə ekrana çıxan “Jandarm və jandarmetkalar” adlı sonuncu filmində insanları gözü yaşarıncaya qədər güldürür.

Həyatı boyu yüzdən çox filmə çəkilən, bütün dünyanı güldürməyi bacaran məşhur aktyor,  əfsanəvi insan Lui de Fünes 1983-cü ilin yanvarında gözlərini həyata əbədi yumur. 
Onun Le-Seyle şəhəri yaxınlığında bir zamanlar yaşadığı evi hazırda ev-muzeyi kimi fəaliyyət göstərir. Muzeydə ölməz aktyorun heç yerdə nümayiş olunmayan kadrları, şəxsi əşyaları, geyim kolleksiyası, filmlərdə oynadığı obrazların aksessuarları sərgilənir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 899

Oxşar yazılar