<b>Eyfel qülləsini partlatmaq istəyən “Polat Alemdar” </b>- <span style="color:red;">KADR ARXASI
12 dekabr 2014 12:14 (UTC +04:00)

Eyfel qülləsini partlatmaq istəyən “Polat Alemdar” - KADR ARXASI

Dünya kino sənayesində istehsal olunan filmlərin müəyyən hissəsi təxəyyül məhsulu olsa da, əksərinin ssenarisi real həyatdakı hadisələrə və şəxsiyyətlərə söykənir. Lent.az həyatları film olmuş məşhur şəxslər haqda silsilə yazıları davam etdirir. Türkiyə sərhədlərini aşan, ölkəmizdə də böyük maraqla izlənilən Osman Sınavın “Qurdlar vadisi” serialındakı obrazlar, ələlxüsus baş qəhrəman Polat Alemdar obrazının kimliyi ilə bağlı indiyə kimi çox versiya irəli sürülüb. Ancaq ən ağlabatan və inandırıcı versiya Polat Alemdar obrazının Abdullah Çatlının prototipi olmasıdır.

 

 

...2009-cu ilin sonlarında Abdullah Çatlının qardaşı Zəki Çatlının “Star” qəzetinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər də Polat Alemdarın Çatlının prototipi olduğu versiyasını daha da qüvvətləndirib. Zəki Çatlının müsahibəsində Polat Alemdarın dediyi “İki nəfərin bildiyi sirr deyil” ifadəsinin, həmçinin “Sonunu düşünən, qəhrəman ola bilməz” sitatının da qardaşına məxsus olduğunu bildirib: “Bu  sözlərin hamısı qardaşıma, Abdullah Çatlıya məxsusdur”.

 

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) isə rəsmi saytında serial və baş qəhrəman Polat Alemdar obrazı haqda açıqlama yayaraq, serialdakı hadisələri ssenari müəlliflərinin təxəyyülü adlandırıb.

 

Abdullah Çatlı: Həqiqət, yoxsa mif?!

 

 

 

Bəs, yaxşı həyatı başdan-başa müəmma ilə dolu olan Abdullah Çatlı kimdir? 1956-cı ildə Nevşehirdə anadan olan Abdullah Çatlı 1977-ci ildə Ülkü (Ülkücülük –Doqquz bitik doktrinasının prinsipi olaraq Alparslan Türkeş və Milliyyətçi Hərəkat Partiyasının xəttində idarə olunan təşkilatın adı-F.M) Ocaqları Ankara vilayəti sədrliyinə, 1978-ci ildə isə Ülkücü Gənclər Dərnəyinin sədr müavini vəzifəsinə seçilib. 11 iyul 1978-ci ildə öldürülən Hacettepe universitetinin dosenti Bədrəddin Cömertin qətlində şübhəli bilindiyi üçün Çatlı haqqında qiyabi həbs qərarı verilib və çox keçmədən Sakaryada tutulub. O, Ankaradakı Bahçelievler qətliamında, yazıçı-jurnalist Abdi İpəkçi sui-qəsdində, 14 mart 1978-ci ildə İstanbul universitetinə bombalı hücumda, 12 sentyabr çevrilişi ərəfəsində bir neçə əməliyyatda da yaxından iştirak edib. Onun haqqında ilk dəfə mətbuatda Uğur Mumcu yazıb. Uğur Mumcunun qənaətinə görə, Çatlıdan dövlətin çirkli işlərində vasitə kimi istifadə olunub. Deyilənlərə görə, hətta Çatlının “Yaşıl pasport”u  da olub ki, onun vasitəsilə Çatlı maneəsiz hərəkət imkanı qazanıb.

 

ASALA terrorçularının qənimi

 

Türkiyə dövlətinə qənim kəsilən erməni ASALA terror təşkilatının məhv edilməsində Abdullah Çatlı adı qırmızı xətlə keçir. Müəyyən bir qisim bu əməliyyatda Çatlının rolunun şişirdildiyini desə də, MİT rəsmi sənədlərlə ASALA-nın zərərsizləşdirilməsində Çatlının iştirak etdiyini təsdiqləyib. 1982-ci ildə Türkiyənin Kanadadakı hərbi attaşesi Atilla Altıkatın erməni terrorçuları tərəfindən öldürülməsindən sonra Türkiyə dövləti “SOS” siqnalı verir və ASALA-ya qarşı əks-hücum planı işlənib hazırlanır. 42 nəfərdən çox türkiyəli diplomatı öldürən ASALA-dan qisas mümkün qədər leqal şəkildə alınmalı idi.

 

Zəki Çatlının sözlərinə görə, ASALA-nı məhv etmək planı qardaşına tapşırılan zaman Abdullah ilk olaraq terrorçulara qucaq açan Fransa dövlətinə zərbə vurmaq təklifini irəli sürüb: “Qardaşım terrorçuları barındıran Fransanı cəzalandırmaq üçün Eyfel qülləsini partlatmağı təklif edir. Abdullah hələ üstü açılmamış neçə-neçə əməliyyatda iştirak edib. O, 1983-cü ildə Həsən Qurdoğlu pasportu ilə ASALA-nı çökdürüb və 1984-cü ilin yanvarında Türkiyəyə qayıdıb. Onu qarşılayanlar arasında hətta dövlət nümayəndələri belə olub. ASALA-nın məhv edilməsi münasibətilə ziyafət təşkil olunub”.

 

Jurnalist Ümid Zileli Çatlının sirli həyat yaşadığı qənaətindədir:

 

 

“12 sentyabr 1980-ci il çevrilişindən sonra Çatlı Mühsin Yazıçıoğlu ilə birlikdə qeybə çəkilib. Bu iki şəxsin MİT-in adamları olduğu deyilir. Çatlı ölən zaman yanında çanta olub. Amma nədənsə o çanta tapılmadı. Kutlu Savaşın Çatlının öldüyü Susurluq qəzası ilə bağlı hazırladığı raportun 12 səhifəsi mediaya açıqlanmadı. İlk əvvəl gizli saxlanmış 12 səhifə bir neçə ildən sonra hissə-hissə açıqlandı və dövlətin içində necə bir təşkilatın oturuşduğu gün üzünə çıxdı. Həmin təşkilatın bir əlinin ordu, bir əlinin polis, bir əlinin də MİT-in içinə girdiyi bilindi. Bütün qaranlıq işlər dövlətin adına çıxarılır. Susurluq qəzası ilə bağlı komissiya yaradılmışdı. Həmin komissiyanın hansı şəraitdə fəaliyyət göstərməsi indi də yadımdadır. Hətta komissiya üzvlərindən Fikri Sağlara sui-qəsd də təşkil olunmuşdu. O vaxtkı baş nazir belə komissiyanın iclasına gəlməkdən imtina etmişdi. Komissiyanın işi yarımçıq qaldı. Susurluq işi açılsaydı, Türkiyənin bugünkü vəziyyəti daha şəffaf olacaqdı”.

 

12 sentyabr çevrilişindən sonra MİT-lə əməkdaşlıq edən bir neçə sağ və sol yönümlü şəxslər həbs olunsalar da, Çatlı aradan çıxa bilmişdi. Deyilənə görə, çox sıx mühafizə altında olan Çatlı 12 sentyabr ərəfəsində bir müddət Bolqarıstan və Vyanada yaşayıb. 22 fevral 1982-ci ildə İsveçrədə Mehmet Özbay adına hazırlanmış pasportla saxlanılsa da, sərbəst buraxılıb. 22 oktyabr 1983-cü ildə Parisdə MİT-lə əlaqə saxlayaraq erməni ASALA terror təşkilatına qarşı 5 əməliyyatda iştirak etməsi MİT-in rəsmi sənədlərində də öz təsdiqini tapıb. 22 oktyabr 1984-cü ildə Parisdə saxlanılarkən üzərində Həsən Qurdoğlu adına hazırlanmış pasport olub. Çatlı Fransada 7 il azadlıqdan məhrum edilib. 16 sentyabr 1985-ci ildə Papa işində şahid kimi dindirilib. Oral Çelikin Papaya sui-qəsddə əlinin olmadığını bildirən Çatlı Mehmet Əli Ağcanın bolqar agenti olduğunu deyib. Çatlı daha sonra İsveçrəyə ekstradisiya edilib. 21 mart 1990-cı ildə saxlanıldığı həbsxanadan qaçıb.

 

Mehmet Əli Ağca 1997-ci ildə televiziya kanallarından birinə verdiyi müsahibədə Çatlı haqda bunları söyləyib: “Çatlı Kosta Rikada qısa, amma vacib antiterror hazırlığı keçmişdi. Karateni mükəmməl bilirdi. Eyni zamanda, ingilis dilində yaxşı danışırdı. Saxta pasport hazırlamaq işində də peşəkar idi. Abdullah Çatlı 12 sentyabr çevrilişində çox yaxından iştirak edib”.

 

Çatlının yaxın dostu Oral Çelik isə Susurluq komissiyasına verdiyi ifadədə dövlətin onları sifarişlə çalışdırdığını deyib: “Çatlı böyük adam idi. Onunla birlikdə erməni ASALA terror təşkilatına qarşı Avropada 28 əməliyyat keçirmişdik. Hər əməliyyat üçün də dövlətdən on min dollar mükafat alırdıq. Amma pulumuzun çox hissəsini ala bilmədik. Dövlətin bizə on min dollar borcu var”.

 

 

Jurnalist Atilla Akar Çatlının 12 sentyabrdan əvvəl və sonra Türkiyədə aparıcı fiqurlardan biri olduğunu düşünür: “Məncə Çatlının həyatı 3 hissəyə bölünür. Birinci Çatlının Ankarada ülkücü fəaliyyəti nəzərə çarpır. Ülkücü jarqonu ilə desək “Rəis” kimi tanınmağa başlayıb. Bu dövrdə Çatlı həm də özünə bağlı komanda formalaşdırmağa başlayıb. Əgər Bədrəddin Cömərtin öldürülməsi və Bahçelievlərdəki qətliamda Çatlının əli varsa, deməli Çatlı 12 sentyabr çevrilişində açar şəxs olub. Eyni zamanda, Çatlının “Yüzbaşı” Memhet Əli Çevikər adlı əsrarəngiz şəxslə əlaqəsinin olduğu deyilir. Əgər bunlar doğrudursa, o vaxt üçün Çatlının Özəl Hərb dairəsi, yəni “Gladio” (İkinci Dünya Müharibəsindən sonra Qərbi Avropanın Varşava Müqaviləsi Təşkilatının işğalına müqavimət göstərmək məqsədilə İtaliyada NATO tərəfindən gizli olaraq yaradılmış kontr-partizan əməliyyatının kod adı-F.M) kimi bir təşkilatla əlaqədə olduğunu deyə bilərik. Abdi İpəkçinin qətlində, Papanı güllələyən Ağcanın həbsxanadan qaçırılması və gizlədilməsində Çatlının böyük rolu olub. İpekçi də İtaliyanın baş naziri Aldo Moro kimi qətlə yetirilmişdi. Bu isə, yenə deyirəm, Çatlının “Gladiovari” bir təşkilatla əlaqədə olduğuna dəlalət edir. Çatlı ilk mərhələdə “Gladio”ya bağlı biri kimi görünsə də, sonradan MİT-lə əlaqədə olduğunu görürük. Məsələn, ASALA-ya qarşı əməliyyatları nümunə göstərə bilərik. Daha sonra isə başqa bir Çatlını görürük. Bu Çatlı daha çox Mehmet Özbay pasportu ilə hərəkət edir və 12 sentyabrdan əvvəlki cinayətlərinə görə axtarışdadır”.

 

Abdullah Çatlı adı axtarışa verildiyi üçün o, daha çox Mehmet Özbay pasportundan istifadə edirdi. Çatlı 1993-cü ildə Türkiyədə Şahin Ekli adına hazırlanmış pasportla qayıdan zaman saxlanılıb. Lakin, qısa müddətdən sonra sərbəst buraxılıb. Abdullah Çatlı 3 noyabr 1996-cı ildə Balıkesirin Susurluq vilayətində avtomobil qəzasında ölüb. Qəza zamanı avtomobildə Çatlıdan başqa DYP Şanlıurfa millət vəkili Sədat Edip Bucak, İstanbul polis rəisinin keçmiş müavini Hüseyn Qocadağ və Qönçə Ulus olub. Çatlı Sədat Edip Bucağa aid 06 AC 600 dövlət nömrə nişanlı qara rəngli “Mercedes”lə Kuşadasından İstanbula hərəkət edib. Onun olduğu avtomobil noyabrın 3-ü 19.25 radələrində Susurluq qəsəbəsində yanacaqdoldurma məntəqəsindən yola çıxan 20 RC 721 nömrəli yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Hüseyn Qocadağ, üzərində Həsən Özbay pasportu olan Abdullah Çatlı və Qönçə Ulus ölüb, Sədat Edip Bucak isə yaralanıb. Onun üzərindən “Yaşıl pasport” və silah tapılıb.  Çatlı 5 noyabr 1996-cı ildə anadan olduğu Nevşehirdə izdihamlı şəkildə dəfn olunub. Yaşamı müəmma ilə dolu olan Çatlının ölümünün də üstünə sirr pərdəsi çəkilib.

 

Qəzada yaralanan Sədat Edip Bucak isə iki il azadlıqdan məhrum olunub. Bucak Çatlının içərisində siyasətçilərin, generalların nömrələrinin olduğu telefon kitabçasını da məhkəməyə təqdim edib. Amma kitabçadakı nömrələrin sahiblərinin adı gizli qalıb. Əslində, həmin kitabçanın Bucakın əlinə keçməsinin özü də qaranlıq məqamlardan idi. “Ergenokon” işində dindirilən Ergün Poyraz isə prokurorluğa verdiyi ifadədə Çatlının Susurluqdakı qəzada ölmədiyini iddia edib: “Hadisə yerinə ilk gələn Abaza Yalçın olub. Mən Abaza Yalçınla söhbət etmişəm. Qəzadan sonra Çatlının boynunu sındırıblar. Qəzadan isə ilk xəbər tutan şəxs Vəli Kiçik olub. Elə Vəli Kiçik də Çatlının və yanındakıların boyunlarını sındıran 4 nəfəri tanıyır. Vəli Kiçik bunları açıqlasın. Məndə çox yaxşı məlumatlar var, amma təəssüf ki, onları sübut edəcək dəlillərim yoxdur”.

 

Başqa bir versiyaya görə, avtomobilin əyləci sıradan çıxıb.

 

MİT-də yüksək vəzifələrdən çalışmış Korkut Ekenin jurnalist Sayğı Öztürklə müsahibəsində Çatlı ilə bağlı dediyi məqamlar isə xüsusilə diqqət çəkir:

 

- Abdullah Çatlını tanıyırsınızmı?

 

- Abdullan Çatlını MİT-dən təqaüdə ayrıldıqdan sonra, İstanbuldakı ziyafətdə tanımışam.

 

- Çatlı ilə polisdə çalışandan sonra əlaqə qurmusunuz?

 

- Təqaüdə çıxandan uzun müddət sonra nə MİT, nə də polislə əlaqəm olub. 1993-cü ildə polisdə çalışarkən Çatlı ilə əlaqə yaratdım. Məhkəmədə də Çatlını tanıdığım barədə suala cavab olaraq bildirdim ki, bəli, mən Çatlını həm Abdullah Çatlı, həm də Mehmet Özbay kimi tanıyırdım. Onun çoxlu şifrəli adları olub.

 

- O, tapşırdığınız işin öhdəsindən gələ bilirdi?

 

- Çatlı mühüm işlər görüb. Ona dedim ki, PKK-nın hərbi qanadının rəhbəri hazırda Hollandiyaya qaçıb. Onun yerini müəyyənləşdirib bizə xəbər ver. 15 gündən sonra məlumatları gətirdi. O, Avropadakı türklərin çoxunu təşkilatlandırıb. Çatlı hər getdiyi ölkədə kral kimi qarşılanıb.

 

- Çatlı bunların qarşılığında sizdən nə istəyirdi?

 

- Əsas təhlükəsizlik, bir də dövlət tərəfindən axtarışa verilməməyini istəyirdi. Belə adamlar daha çox ailələrinin yanında rahat yaşamaq niyyətində olur.

 

- Onu xaricə necə göndərirdiniz?

 

- Mehmet Özbay adına hazırlanmış pasportu var idi. Onun “Yaşıl pasport”u haqda ətraflı məlumatım yoxdur. Belə əməliyyatlarda “Yaşıl pasport” şübhə yaradır.

 

- Çatlı ölənə kimi sizinlə çalışıb?

 

- Çatlı mənimlə çox çalışmayıb. Məndən sonra kiminlə çalışdığını isə deyə bilmərəm. Başımın üstündən başqaları ilə əlaqə saxlayanlardan xoşum gəlmir. Çatlı bunu yaxşı bilirdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar