5818
15:44
29 Aprel 2014

Prezidenti özündən çıxaran foto - “DÜNYANI SARSIDAN KADRLAR”

Fotoqraf Nik Yutun ən məşhur şəkli. 1972-ci ildə çəkilən bu şəkil müəllifinə şöhrət gətirdi, “Pulitser” mükafatına layiq görüldü və müharibə dəhşətlərini əyani nümayiş etdirən bir əşyayi-dəlilə çevrildi.

1970-ci illərdə "Associated Press" agentliyinin fotomüxbiri kimi Vyetnamda işləyən Nik bu şəkli Amerika hərbi hava qüvvələrinin Tranq Banq kəndinə hava hücumundan dərhal sonra çəkib. Dörd bir tərəfdə partlayan yandırıcı bombalarının dəhşətindən gözləri böyümüş uşaqlar kənddən qaçırlar. Onların arasında əynindəki paltarı alışdığından bədəni möhkəm yanmış, paltarını birtəhər çıxararaq, lüt qaçan bir qız da var. Bu qız o vaxt doqquz yaşı olan Kim Pakdır. Gözlərində ölümün nəfəsini aydın duymuş insana xas divanə bir ifadə var...

O vaxt bu foto mediada bir partlayış effekti doğurdu. Özü də Vyetnamda deyil, Amerika Birləşmiş Ştatlarında. Ölkəni etiraz nümayişləri bürüdü. Bu güclü dalğaya beynəlxalq hüquq müdafiəçiləri qoşuldular. Prezident Nikson bu fotonu saxta elan etməkdən savayı çarə tapmadı. Amma insanları aldatmaq mümkün olmadı. Fotoşəklin müəllifi Nik Yutun sərt bəyanatı isə ictimai fikrin ifadəçisinə çevrildi: "Bu foto elə Vyetnamdakı müharibənin özü qədər realdır".

Şəkildəki qız məhz fotoqrafın səyi nəticəsində sağ qaldı. Nik Yut uşağı təcili xəstəxanaya çatdırdı. Həkimlər müayinədən sonra qızcığazın sağalmayacağını bildirdilər. Amma on dörd ay xəstəxana həyatı və yeddi cərrahiyyə əməliyyatından sonra Kim Pak sağaldı... *

***

Hal-hazırda Kim Pak əri və iki oğluyla birgə Kanadada yaşayır. O, indi YUNESKO-nun xoşməramlı səfiri, müharibədə zərər çəkmiş uşaqlara yardım göstərən "Kim" fondunun prezidentidir. Kim deyir ki, bu şəkil mənim üçün çox mühümdür, çünki Nik Yutun fotosu olmasaydı, insanlara əsl müharibənin nə olduğunu anlatmaqda çətinlik çəkərdim...