689
12:18
18 Fevral 2013

Türkiyədə Xocalı ilə bağlı konfrans keçirilib

Türkiyənin İqdır vilayətində Qaradağlı və Xocalı Soyqırımı ilə bağlı konfrans keçirilib. Lent.az -ın məlumatına görə, konfransın təşkilatçılarından olan Türk Eğitim Sen İqdır şöbəsi başqanı Ali Arslan açılış çıxışında 1992-ci ilin fevral ayında ermənilərin Qaradağlıda və Xocalıda bir soyqırım törətdiklərini və bütün dünyanın ermənilərin bu vəhşiliyini bilməli və qınamalı olduğunu deyib.

Daha sonra konfransda çıxış edən araşdırmaçı və tarixçi Arslantürk Akyıldız, Türkiyənin millət vəkili Sinan Oğan, professor Yusuf Halaçoğlu, Azərbaycanın Qarsdakı baş konsulu Asiman Əliyev, Türkiyə Azərbaycan dərnəyinin baş katibi Ənvər Türkoğlu, İqdır şöbəsi başqanı Serdar Ünsal, İstanbul Azərbaycan dərnəyinin sədri Səfər Karakoyunlu və digərləri Xocalı soyqırımı haqqında danışaraq, soyqırımın beynəlxalq aləm tərəfindən tanınmağın vacibliyini qeyd edib.

Konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir: “Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı edilmiş bir cinayətdir. Hər kəs Azərbaycanı bu mövzuda dəstəkləməlidir. Ermənistan Azərbaycanın 20% torpağını işğal altında saxlayır. Bu gün 1 milyon Azərbaycan Türkü evinə dönə bilmir. Ermənistan beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türklərin əsas məsələsi olmalıdır.

Azərbaycan millət vəkili Aydın Mirzəzadə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında heç bir şey əldə edə bilmədiklərini, iqtisadi cəhətdən çətinliklər yaşadığını bildirib: “Əgər işğal edilən torpaqlar olmasaydı, Xocalı faciəsi də yaşanmazdı və ermənilər Azərbaycan ilə dost olsaydılar, indi inanıram ki, iqtisadiyyatları da daha yaxşı olardı. Xocalıda yaşananlar bir soyqırımıdır, ermənilər bunun hesabını verəcəklər".