Neyrotexnologiya sahəsində fəaliyyət göstərən REMspace startapı, elmi fantastikaya bənzəyən bir inkişafla lusid yuxu zamanı insanlar arasında ilk dəfə ikitərəfli ünsiyyətə nail olduğunu açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, insanın yuxu gördüyü zaman, yuxu gördüyünü dərk etdiyi bu tip yuxulara lusid yuxu, yaxud da daha aydın izah üçün şüurlu yuxu demək olar. Siz də mütləq belə bir yuxu təcrübəsi yaşamısınız. Bəs bu zaman tanıdığınız biri ilə eyni yuxunu paylaşmaq necə? Görünür, yuxu üzərində işləyən və şüurlu yuxu ilə bağlı tədqiqatlar aparan REMspace, xüsusi hazırlanmış avadanlıqlarla bunu bacarıb. Hələlik elm ictimaiyyəti tərəfindən təsdiqlənməmiş bu iddia doğru çıxarsa, yuxu tədqiqatlarında yeni bir mərhələ başlaya bilər. Şirkət, xüsusi avadanlıqlar istifadə edərək 2 şəxsin uğurla lusid yuxu gördüyünü və bu müddət ərzində bir-birilərinə mesaj göndərdiklərini iddia edir.
REMspace-in təsisçisi Michael Raduga, 2023-cü ilin may ayında öz kəllə sümüyünə mikroçip yerləşdirərək yuxularını idarə etmək məqsədilə bir təcrübə aparmış və bu hadisə dünya miqyasında böyük maraq doğurmuşdu. Raduga, bu çipin REM yuxusu zamanı beynin motor korteksini stimullaşdırmaq üçün hazırlandığını iddia edir. Bu təhlükəli təcrübə zamanı ölümcül qan itirmə riski ilə üzləşməsinə baxmayaraq, Raduga hələ də təcrübənin potensialına inanır. Şirkət, təcrübələri bir-birindən uzaqda olan 2 iştirakçı üzərində həyata keçirdiyini bildirir. Məlumatlara görə, server ilk iştirakçıya yuxu gördüyü zaman təsadüfi bir söz göndərib və iştirakçı da bu sözü yuxusunda təkrarlayıb. Təkrarlanan söz və cavab server tərəfindən qeydə alınıb. 8 dəqiqə sonra ikinci iştirakçı lusid yuxusunda bu mesajı qəbul edib və təsdiqləyib. Şirkət bununla yuxularda ilk dəfə “söhbət” aparıldığını söyləyir.
REMspace, xüsusilə REM yuxusu zamanı baş verən şüurlu yuxuların müxtəlif tətbiq sahələrinə sahib olduğunu bildirir. Şirkət, şüurlu yuxunun psixi sağlamlıq problemlərinin həllindən tutmuş yeni bacarıqların öyrənilməsinə qədər geniş istifadəyə malik ola biləcəyini iddia edir. Raduga, şüurlu yuxuların köməyi ilə kabusların azalacağını, fobiyalarla üzləşmənin mümkün olacağını və şəxsi problemlərin həll ediləcəyini bildirir. REMspace əlavə olaraq, yuxular zamanı aşkar edilə bilən bir yuxu dili inkişaf etdirdiyini açıqlayıb. “Remmyo” adlanan bu dilin, elektromioqrafiya sensorları vasitəsilə yuxu zamanı yaranan səslərin tutularaq ünsiyyət üçün istifadə edilə biləcəyi irəli sürülür. Ancaq bu texnologiyanın da elmi cəhətdən təsdiqlənməsi hələ baş verməyib.
REMspace-in tədqiqatları elmi olaraq təsdiqləndiyi halda, yuxu tədqiqatlarında yeni bir dövr başlaya bilər. Şirkət, daha mürəkkəb ünsiyyət formalarına imkan verəcək texnologiyalar üzərində işlədiyini və gələcəkdə yuxu zamanı tam söhbətlərin aparılmasının mümkün olacağını iddia edir. Raduga, bir neçə il ərzində yuxu ünsiyyətinin geniş yayılacağını proqnozlaşdırır. Ancaq bu iddiaların təsdiqlənməsi üçün elmi dünyadan rəsmi araşdırmalar gözlənilir.