Əməkdar artistdən ürəkdağlayan sözlər: “Tabutun içində…” - VİDEO
28 yanvar 2020 17:38 (UTC +04:00)

Əməkdar artistdən ürəkdağlayan sözlər: “Tabutun içində…” - VİDEO

   

Öz Məcnunu şəhid olmuş Leyli – əməkdar artist Gülüstan Əliyeva 

 

 

Gülüstan Əliyeva Opera Balet Teatrının solistidir, Məcnunun Leylisidir. Milli Konservatoriyanın dosentidir, əməkdar artistdir. 

 

Şəhid Zahid Əhmədovun xanımıdır. 

 

Yevlax rayonunda anadan olub. Orta məktəbi də orda oxuyub. Gənc istedadların respublika müsabiqəsinə qatılıb. 

 

1982-ci ildə həmin müsabiqənin qalibi olub. Onu Bülbül adına Musiqi məktəbinə qəbul ediblər. 

 

 

Sənət müəllimi unudulmaz sənətkar İslam Rzayev olub. 

 

Tələbə vaxtı Bakı Dövlət Universitetinin hüququ fakültəsində oxuyan Zahidlə tanış olub. 

 

Zahid hüququ bitirib, 1988-ci ildə, doğma Cəbrayıl rayonuna təyinatını alıb. 

 

“Çox savadlı kadr idi, rus və ingilis dillərini bilirdi. Onu burda saxlamaq istəyirdilər, nazirliyə dəvət olunmuşdu. Dedi, yox, rayonumda vəziyyət ağırdı. Getdi, arada iş ilə bağlı, ya hansısa bəhanə ilə gəlirdi Bakıya, görüşürdük. 

 

Mən konservatoriyanın muğam sinfinin ilk məzunuyam. Azərbaycanda yenilik idi, ilk dəfə ali təhsilli muğam ifaçısı-müəllimi yetişirdi. Bütün musiqi ocaqlarından dəvət almışdım işləməyə. Mən hər şeyi arxada buraxıb, ailə qurmağı seçdim. Bakının mərkəzindən Cəbrayılın dağ kəndinə ərə getdim. Qalacıq kəndinə. Düzdür, Zahidin işinə görə biz Cəbrayılın özündə yaşayırdıq, amma Bakıdan baxanda o vaxtlar Cəbrayıl özü elə kənd kimi görünürdü. İnsanın sevgisi dünya boyda olanda onunla yaşadığı yer də dünya boyda gəlir.

 

Diplomumu alanda artıq yoldaşımla gedib aldıq. 90-cı illərdə çox ağır dönəmlər yaşadıq. Sərhəddə ordumuz yox idi, ancaq milislər dayanırdı düşmən qarşısında. Rus ordusu ermənilərə dəstək verirdi. Bizim müdafiə qüvvələrimiz ancaq kiçik könüllü dəstələrdən və milislərdən ibarət idi. Gedirdi, günlərlə üzünü görmürdüm. Həm sərhəddə olurdu, həm də cinayətkarlığa qarşı mübarizədə. Şəhərin içində olsaq da ön cəbhədə olanları onlarla birgə yaşayırdıq.

 

 

Zahid 1991-ci ilin sentyabrında şəhid olur. “Atası şəhid olanda oğlum Rüfətin qırxı təzəcə çıxmışdı. 

Çox gec gələrdi evə, səhər yaxın gəlib paltarını dəyişib, yenə gedərdi. Yatmırdı, oyadıb uşaqla oynayardı ki, qoy bir az çox görüm onu. İki aylıq uşaq oynamaq bilməzdi ki, sadəcə, göz-gözə baxardılar. Deyirəm ona ki, biz bu gün həyatdayıq, sən atanın davamçısısan. Daxili İşlər orqanlarında çalışır. Ailəlidir, iki nəvəm də var. 

 

 

“Pis yuxu görmüşdüm. İstədim danışam ona, qoymadı. Mənim yuxularım çin çıxırdı deyə, danışmağa qoymadı.

Şöbəyə dəyib yenə qayıtdı, gördüm həyətdən çağır.

Dedi, uşağı çıxart eyvana, görüm. Çıxartdım qucağımda, bir az baxdı, əl yellədi, getdi. 

Bu, onun son gedişi oldu. Bir azdan gördüm uşaqlar həyətdə bir küçüyü daşlayırlar, ürəyim pis oldu, acıqlandım uşaqlara. Keçdim içəri televizorda Rübabə Muradova oxuyurdu:

 

 

Gəl bizə, gəl bizə, gəl bizə, yar

 

Qurbanam o qaş-gözə yar.

 

Uşağı əmizdirə-əmizdirə məni ağlamaq tutdu bu mahnıya. Elə ağlayıram, elə bil ölüm düşüb. 

 

Heç bir saat keçmədi Zahidin əmisi oğlu Tofiq gəldi, dedi ki, Zahid minaya düşüb, xəstəxanadadır.

 O can üstündə olduğu müddətdə Rüfət birnəfəsə ağladı. Onun ölüm xəbəri ilə Rüfətin səsi kəsildi, indiyə qədər heyrətlənirəm buna. Yatdı uşaq səssiz-səmirsiz.

 

Müqəddəs Hacı Qaramanda dəfn etdik Zahidi. 1993-cü ilin yanvarında son dəfə onu ziyarətə getdim məzarı üstünə, sonra çıxmalı olduq Cəbrayıldan.

1994-cü ildə qardaşım şəhid oldu. Bircə qardaşım vardı. 1995-ci ildə artıq qərara aldım ki, gəlim Bakıya. 

 

Gün var, bütün ömrə bərabərdir, ay var ki, bir neçə ömrə bərabərdir. 11 ay - 317 gün evlilik müddətimiz həyatımın ən gözəl günləri idi. O 11 ay həyatda olmadığı bu 29 ili doldurur, bundan sonra da dolduracaq. Bir gün yaranan bir gün öləcək. Amma şərəfli ölmək, ölümün gözünə dik baxmaq, ölə bilməyi bacarmaq hər insanın işi deyil. İnsana canından yaxın nə ola bilər, onu da vətən üçün sipər edəsən.

 

Sənətə gəlmək istəmirdim. İki dəfə Bakı Dövlət Universitetə hüquqa sənət verdim, bir balım çatmadı. 

1996-cı ildə özümdə güc tapıb, gəldim Opera Teatrına.. Eyni vaxtda Zabitlər evinin hərbi orkestrində solist idim. Bu günə kimi də operada çalışıram, Operanın Leylilərindən biriyəm.Milli Konservatoriyanın dosentiyəm”.

 

 

Səsləndirdi: İqrar Eyvazov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10135
avatar

Oxşar yazılar