Bakı Nəqliyyat Agentliyinin taksi xidmətlərinin qiyməti üçün vahid tarif yaratmaqla bağlı layihəsi taksidən istifadə edən mütləq əksəriyyətin mənfi reaksiyasına səbəb oldu. Sosial şəbəkə istifadəçiləri tərəfindən özəl şirkətlərin xidmət haqqından və keyfiyyətindən razılıq barədə məlumatlar paylaşıldı.
Lent.az mövzu ilə bağlı şəhərdə taksidən istifadə edənlər və sürücülər arasında sorğu keçirdik. Apardığımız sorğu zamanı əksər taksi sürücüləri şirkətlərin qoyduğu qiymətdən narazı qaldıqlarını və müştərilərini itirdiklərini dedilər.
Ancaq istifadəçilərə gəldikdə isə verilən cavablar tam əksinə oldu. Belə ki, demək olar hər kəs hazırkı qiymətlərdən razı olduqlarını və Bakı Nəqliyyat Agentliyinin vahid tarif təyin edəcəyi təqdirdə qiymətlərin sərf etməyəcəyini bildirdi.
Onu da qeyd edək ki, Agentliyin şöbə müdiri Hikmət Babayevin məlum çıxışı əksəriyyət tərəfindən birmənalı olaraq qarşılanmayıb. Ötən gün isə qurumun şöbə müdiri barədə inzibati tədbirlər görüləcəyini qeyd edib.