Göz problemləririndən biri də "tənbəl göz"dür. Tibbi dildə Abliopiya adlandırılan bu problem ən çox uşaqlarda aşkarlanır. Daha doğrusu, tənbəl göz problemi uşaqlıq, körpəlik dövründən başlayaraq inkişaf edir. Uşaqlarda görmə zəifliyinin əsas səbəblərindən biri hesab olunur. Abliopiya nədir? Hansı səbəblərdən yaranır? Bu hal necə aradan qaldırılır? Ümumiyyətlə, onu aradan qaldırmaq mümkündürmü?
Lent.az oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyevanın bu barədə məqaləsini təqdim edir:
Tənbəl göz, gözlərdə, görmə sistemində fiziki müayinə zamanı aşkarlanmayan qüsur, heç bir struktur dəyişiklik olmadan optik korreksiya ilə, cərrahi müdaxilə ilə artmayan görmə zəifliyidir.
Ambliopiya anormal binokulyar qarşılıqlı təsir nəticəsində görmə kəskinliyinin birtərəfli və ya ikitərəfli azalmasıdır. Ambliopiya yunanca "amblios" küt və ya solğun, "OPS" görmə deməkdir. Müayinə edən həkim heç bir dəyişiklik görmədiyi bir halda xəstələrin zəif gördükləri vəziyyət. Yəni "Tənbəl göz" - gözün özündə hər hansı bir daxili orqanik nevroloji anomaliyası ilə deyil, görmə ilə əlaqəli olan beyin kortikal sahəsində inkişaf problemidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2015-ci ildə olan məlumatına görə, dünyada əhalinin 1-5% ində müxtəlif dərəcəli ambliopiya rast gəlinir. Vaxtından əvvəl doğulmuşlarda və vaxtında müayinə olunmayan uşaqlarda daha çox rast gəlinir.
Göz tənbəlliyi adətən körpəlik və erkən uşaqlıq dövründə (doğumdan 7 yaşadək) başlayır. Bu, bütün ölkələrdə uşaqlar arasında görmə zəifliyinin demək olar ki, əsas səbəbidir.
Ambliyopiya əksər hallarda yalnız bir gözdə olur, lakin hər iki gözdə də baş verə bilər. Erkən yaşlarda aşkarlanıb vaxtında müalicə olunsa, görmə itiliyini artırmaq olar, əks halda görmə zəifliyi ömürlük qalacaq.
Zəif görən gözə müvəqqəti və ya daimi istifadə üçün təyin olunmuş eynəklərlə, bəzi hallarda hətta kontakt linzalar, okkluziya, görmənin bərpası istiqamətində aparılan aktiv və passiv müalicə kursları ilə uşaqlara kömək etmək olur.
Ambliopiyanın zəif dərəcəsindən əziyyət çəkən bir çox uşaqlar dərk etmirlər ki, onlar zəif görürlər, çünki onların digər gözündə müqayisədə yüksək görmə qabiliyyəti olur.
Tənbəl gözlü insanlar adətən aşağıdakı simptomlardan biri və ya bir neçəsindən əziyyət çəkirlər:
Zəif görmə (bir və ya hər iki gözdə)
Görmədə ikiləşmə
Zəif stereo görmə
Zəif dərinlik qavrayışı: 3D şəkilləri, filmləri seyr edərkən çətinliklər
Aşağı Kontrast həssaslıq
Binokulyar görmə çatışmazlığı
Gözlərin çəpləşməsi (yuxarı, aşağı, xarici və ya daxili)
Başın anormal məcburi vəziyyəti (başın əyilməsi, üzü və ya çənəni yuxarı-aşağı çevirmək)
Uşaqlar fikirlərini ifadə edə bilmədiyi yaşlarda bu şikayətləri, simptomları yalnız valideynlər və müəllimlər uşaqların anormal vizual davranış ilə hiss edə bilərlər. Məhz bu səbəbdən erkən yaşda görmənin yoxlanılması lazımdır. Xüsusilə vaxtından əvvəl doğulmuşlar, zəif çəkili doğulanlar, ailə anamnezində ambliopiyası olanlar, inkişafdan geri qalanlar, müxtəlif sindromlu doğulmuşların müayinəsi vacibdir.
Ambliopiya reftaktiv qüsur (miopiya, hipermetropiya, astiqmatizm), çəplik yaxud obstruktiv (optik mühitlərin bulanması) səbəbindən ortaya çıxa bilir.
Müalicəsi refraksiyaya uyğun eynək təyin edilib yüksək görmə təmin etmək və tənbəl gözü görmə aktına cəlb etməkçün,yükləmək, yəni ən yaxşı görən gözü bağlamaqla zəif görən gözdən istifadə etmək istiqamətində aparılır. Okkluziya, pleoptika, medikamentoz və xususi təlim proqramları ilə müalicə 8 yaşına qədər uşaqlarda effekt verir, gecikmiş və düzgün riayət olunmamış hallarda isə individual olaraq lazımi nəticə əldə olunmaya bilər.
Abmbliopiya uşaqlarda təhsil səviyyəsinə və gələcəkdə karyera yüksəlişinə, özünə inam və həyatın ümumi keyfiyyətinə təsir göstərdiyi üçün valideynlərə diqqətli, məsuliyyətli və səbrli olmaq məsləhətdir.