Valideynlər arasında uşaqların peyvənd olunmasına qarşı birmənalı fikri yoxdur. Son vaxtlar isə “topuq testi” adı altında valideynlərə təklif edilən müayinə məqsədli testlər gündəmdədir.
Azərbaycanda da geniş yayılmış “topuq testi” yeni doğulmuş uşaqlara rutin olaraq edilir. Bu testin edilməsində heç bir məcburiyyət yoxdur.
Bəs, “topuq testi” nədir?
Lent.az-ın məlumatına görə, test ilə uşaqda əsasən hipotiroidizm və fenilketonuriya yoxlanılır. Yoxlama üçün qan dabandan götürülür. Doğulduğu ilk üç gün ərzində (uşaq daha çox protein qəbul edincə) edilməlidir. Maksimum 7 günü keçməməlidir. Əgər ilk 24 saat ərzində götürülməsi vacib olmuşsa, 1-2 həftə sonra təkrar yoxlanılır. Testin cavabı üç həftə ərzində məlum olur - ya pozitiv, ya neqativ. Pozitiv isə təkrar test edilir.
Fenilketonuriya anadangəlmə xəstəlikdir. O da bu test ilə aşkar edilir. Bu zaman fenilalanin hidroksilaza adlı ferment çatışmır. Qanda fenilalajin və onun metabolitleri artır. Onların artıq miqdarı beyinə toksiki təsir göstərir.
Pediatr Aytən İsmayılzadənin sözlərinə görə, hipotireoz da bu testlə aşkar edilir:
“Hipotireozun da erkən aşkar edilməsi vacibdir. Bu qalxanvari vəzin işinin zəifləməsinə, hormonlarının çatışmazlığı ilə bağlı xəstəlikdir. Bu xəstəliklər müalicəsiz qalarsa, ağıl geriliyi, boy qısalığı, katarakt kimi ciddi problemlərə gətirib çıxara bilər”.
Həkim onu da qeyd edib ki, ölkəmizdə bu testi valideynlərin öz istəyi ilə edirlər.