Əgər mütəmadi olaraq limonlu yaşıl çay içsəniz, orqanizmdə mühüm dəyişikliklər baş verə bilər.
Limonlu yaşıl çay həm soyuq formada sərinləşdirici içki kimi, həm də isti şəkildə qəbul edilə bilər. Dietoloq Aviv Coşua bildirib ki, bu kombinasiyanın xüsusilə qan şəkərinin tənzimlənməsi və immun sisteminin düzgün işləməsi üçün faydası var.
Lent.az yaşıl çayın faydalarını təqdim edir:
Aparılan tədqiqatlar göstərib ki, bir neçə həftə ərzində yaşıl çayın qəbulu katexin adlanan antioksidantlar sayəsində qanda şəkər səviyyəsini tənzimləməyə kömək edə bilər. Bu maddələr orqanizmdə iltihabı azalda, bağırsaq sağlamlığını dəstəkləyə bilər ki, bu da həm sağlam şəxslərdə, həm də metabolik sindromu olanlarda (ürək-damar xəstəlikləri, insult və diabet riskini artıran faktorlar toplusu) qan şəkərinin aşağı düşməsinə səbəb ola bilər.
Bundan əlavə, digər bir tədqiqat yaşıl çayın acqarına qanda şəkərin səviyyəsini aşağı sala bildiyini göstərib, yəni 8-12 saat qida qəbul edilmədikdən sonra ölçülən şəkəri azalda bilir.
Eyni zamanda limon suyu, tək halda və ya yaşıl çaya əlavə edildikdə, orqanizmdə nişastanın həzm prosesini ləngidərək yeməkdən sonrakı qan şəkərinin kəskin yüksəlmələrinin qarşısını ala bilər.
Limonlu yaşıl çay içmək insulinin təsirinə qarşı davamlılıq riskini azaltmağa kömək edə bilər. İnsulin qanda şəkəri tənzimləyən hormondur və bəzən orqanizm ona düzgün reaksiya vermir.
Həmçinin yaşıl çaydakı antioksidantlar iltihabı azaldır, oksidləşmə stressini minimuma endirir və orqanizmin insulindən səmərəli istifadə qabiliyyətini yaxşılaşdırır, eyni zamanda həzm zamanı karbohidratların sorulmasını zəiflədir.
Bir araşdırmada 2-ci tip diabeti olan şəxslərin 16 həftə ərzində yaşıl çay ekstraktı qəbul etdikdən sonra insulinə davamlılıq səviyyəsinin azaldığı müəyyən edilib. Yaşıl çaya şəkər əvəzinə bir az limon suyu əlavə etmək artıq şəkər qəbulunu azaltmağa kömək edir, bu isə insulindirencinin qarşısını ala bilər.