Noutbuklar çoxdan əsas iş alətinə çevriliblər. Onlar səhər açılır və bütün gün, bəzən isə gecə boyu fasiləsiz şəbəkəyə qoşulu qalır. Bəs noutbuku həmişə şarjda saxlamaq olarmı?
Lent.az xarici mediaya istinadla xəbər verir ki. müasir modellər daima şarjda qalmağa uyğun dizayn edilib, lakin nəzərə alınmalı bəzi məqamlar var. Əgər noutbuk çox qızırsa, deməli, batareya zərər görür. Belə halda adaptorun fişini çıxarmaq, cihazın soyumasına imkan vermək və mümkün qədər lüzumsuz halda qoşulu saxlamamaq daha yaxşıdır.
Müasir noutbukların köhnələrdən əsas fərqi batareya növü və ağıllı enerji idarəetməsidir. "Qara qutulu" adaptor gərginliyi tənzimləyir, batareya isə özünü kiçik porsiyalarla doldurur ki, həddindən artıq yüklənməsin. Yəni noutbuk 100 faizə çatanda enerji yalnız səviyyəni qorumaq üçün verilir, artıq "doldurma" aparılmır.
Bununla belə, çox şey istifadədən asılıdır. Ofis işləri, brauzer, sənədlərlə işləmə kimi yüngül tapşırıqlarda cihazın daim şarjda qalması təhlükəsizdir. Amma ağır işlər görürsünüzsə, batareya və adaptor daha çox yüklənir. Daimi istilik və yüksək enerji istehlakı batareyanın ömrünü azaldır, buna görə də bəzən fişi çıxarmaq və noutbuka "dincəlmək" şansı vermək lazımdır.
Cihazı nə çox qızdırın, nə də çox soyudun. Günəş şüaları altında saxlamaq, yorğan üzərində işlətmək bütün bunlar batareyanın ömrünü qısaldır. Gecə istifadə etmirsinizsə, noutbuku söndürmək və vaxtaşırı batareyadan işlətmək faydalıdır.
Beləliklə, batareya "donmuş" vəziyyətdə qalmır. Windows 11-də daxili enerji qənaəti rejimləri var, onlardan da istifadə etmək tövsiyə olunur. Və gərginlik dəyişmələrinə diqqətli olun. İldırım, elektrik sıçrayışları və ya işığın sönməsi zamanı noutbuku şəbəkədən ayırın. Keyfiyyətli şəbəkə filtri və ya UPS istifadə etmək yaxşı sığortadır.