Həmişə yazılarımda dilimizə gəlmiş əcnəbi sözləri öz ahəng qanunumuza uyğun yazmağa çalışmışam. Məsələn, “müəllim” sözünü “məllim”, “təəccüb” sözünü “təcüb”, “məəttəl” sözünü “mətəl” kimi işlətməyə, yəni yazmağa çalışmışam. Düzdü, bəzən redaktorlar yazdığım tekstlərdə bu kimi sözləri Azərbaycan dilinin rəsmi orfoqrafiya lüğətini əldə əsas tutaraq düzəldiblər. Hətta mənim qramatika (qrammatika) bilgimə də şübhə ilə yanaşıblar. Lakin ən yaxşı halda, özümün izahımdan sonra bu “savadsızlığımı” yazarın stili kimi qəbul eləyib qələmlərinin ucunu geri çəkiblər.
Düşünürəm ki, rus dilinin qaydalarına uyğun olaraq, məsələn, “motor”, “Moskva” kimi yazılışında “o” hərfi, deyilişində “a” səsi işlədilən sözlər dilimizin qaydalarına uyğun olaraq “mator” və “Maskva” kimi yazılmalıdı. Çünki bizim yazılı və şifahi dildə “o” yazıb “a” kimi tələffüz olunma qaydası yoxdur.
Eləcə də bizdən başqa dillərə adlamış sözlərimiz yeni dil məkanının qaydalarına uyğun olaraq dəyişib. Bircə misal: məsələn, rusların işlətdiyi “koltso” (üzük) sözü “kolça” (yəni qolbağı) sözündəndi. Slavyanlar mənimsəyərkən sözü öz dillərinin ahəng qanununa uyğunlaşdıraraq kullanıblar. Yaxud, “bezvozmezdnıy” sözünün kökündə bizim “muzd” sözü durur. Sözün tərcüməsi təmənnasız, yəni əvəzində muzd ödənilməyən deməkdi. Lakin daxildə gizlənən sözün kökü “muzd” şəklindən “mezd” şəklinə düşmüşdü.
Bu proses təkcə türk-slavyan söz mübadiləsində deyil, bütün dünya xalqları arasında belə aparılır. Adicə, sərhədsiz yaşayan Avropa xalqları qonşudan aldığı istənilən yeni sözü öz dilinin ahəng qanununa uyğunlaşdırmasa bağrı çatlayar.
Bəli, burda mübahisə doğuracaq bir şeylər söyləmək istərdim. Axı biz danışarkən “təəccüb elədim” yox , “təcüb elədim”, yaxud “məəttəl qaldım” yox, “mətəl qaldım” deyirik. Bəs nə üçün ərəbdən gələn sözlərdən ötəri ağzımızı əyib danışmalıyıq? “Təsərrüfat” demirik axı, “təsərfat” deyirik!
Sovetlər vaxtı bütün türk respublikalarında Kirill əlifbası tətbiq edilirdi. Mən Rusiyada tələbə olan dövrlərdə Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan gələn tələbələrin gətirdikləri kitabları oxuyandan sonra başa düşdüm ki, rus imperiyası bilərəkdən bizim aramıza anlaşılmazlıqlar atıb. Məsələn, Məhəmməd Füzulinin çağdaşı olan özbək şairi Nəvainin şeirlərini özbəkcədən oxuyarkən heç nə başa düşmürdüm. Halbuki, hər iki klassikimiz orta çağ türk bədii dilində yazıb. Yəni əlifbada çoxlu süni problemlər quraşdırmışdılar. Məsələn, bizim işlətdiyimiz əlifbada “c” hərfi “ç” hərfinin quyruqlu variantı sayılırdısa, özbəkcədə bu hərfi quyruqlu “j” hərfi ilə almışdılar. Özbək dostlarım Nəvainin qəzəllərini kitabdan ucadan oxuyarkən eynən Füzulinin dili anılırdı. Lakin biz özümüz Nəvaini oxuyarkən qəti şəkildə o dilə yaxınlaşa bilmirdik. Yəni biz o kitablarda “ey can” ifadəsini anlaşılmaz şəkildə “ey jan” kimi oxuyurduq.
Klassik türkmən şairi Məhdimqulunun isə dili eynən Molla Pənah Vaqifin dilidi. Bu sirri türkmənlərin özləri Məhdimqulunu yanımızda ucadan oxuyandan sonra anlamışdıq.
Kiril əlifbasının özbək dilinə vurduğu bir zərbəni də örnək gətirmək istəyirəm. “Sağır nun” kimi anladığımız “Nı” səsini almaq üçün özbək dilçiləri “n” hərfinin yanına bir “q” hərfi də əlavə etmişdilər. Nəticədə, tutaq ki, “mənə bax” ifadəsi “mənqə bax” kimi yazılırdı. Yaşlı nəslin nümayəndələri sağır “nun”u “Nı” kimi səsləndirsələr də, yeni nəsil nümayəndələri kitablara istinad edərək bu ifadəni “mənqə bax” kimi işlətməyə başlamışlar. Bircə hərfin yanlış qəbuluna görə özbək dili bizim dillə qədim uyğunluğunu biabırçı vəziyyətdə itirib.
Bizim istifadə etdiyimiz Kiril əlifbasında apostrof deyilən bir işarə də vardı. Bu işarə, bir qayda olaraq, dilimizdəki alınma sözlərin uzanan saitinin belinə qoyulurdu. Məsələn, “şer” sözündə “e” hərfindən sonra qoyulan apostrof sözü “şeer” kimi deməyi diktə edirdi. Götürdüyümüz latın qrafikasında bu imkanın olmadığına görə “şeir” sözünü hərə bir cür yazmalı olub. Bəzilər bu sözü köhnədəki kimi “şer”, bəziləri “şeyir”, bəziləri “şeir”, bəziləri isə “şeer” kimi yazır.
Beləcə, oxşar problemləri dilçilərimizə deməkdən də qorxuram. Desəm, söz su yerinə axacaq...