Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Xankəndidə yaşayan sakinlər tərəfindən qeyd edilib. Otuz dörd illik yurd həsrətindən sonra doğma torpaq, Xankəndi şəhərində sakinlərin bayram sevinci şəhərdə atəşfəşanlıqla müşahidə olunub.
Lent.az xəbər verir ki, qonaqlar öncəliklə bayram yarmarkasında böyük monitor vasitəsi ilə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini dinləyib.
Xankəndi şəhəri 2025-ci ili doğma sakinləri ilə birlikdə qarşılayıb. Bayram ərəfəsində təşkil edilən konsert proqramı, bir neçə gün davam edən yarmarka və bir-birindən maraqlı tədbirlər sakinlər üçün əsl əyləncəyə çevrilib. Yeni ilin gəlişi münasibətilə Xankəndi səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.
Bayram sevincini bölüşmək üçün Zəfər meydanına toplaşan dövlət qurumlarının əməkdaşları, Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar atəşfəşanlığı böyük maraqla izləyiblər. Atəşfəşanlıq Qarabağın, Xankəndi şəhərinin səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıqj coşqu ilə qarşılanıb.