ABŞ "bomj"larının güzəranı
03 yanvar 2025 21:00 (UTC +04:00)

ABŞ "bomj"larının güzəranı

Dünyanın ən zəngin ölkələrindən biri olan ABŞ-da bomjların sayı getdikcə artır. 

Rəsmi hesablamalara görə, ölkədə 3 milyondan çox evsiz-eşksiz, küçələrdə yaşayan sakin var. Qeyri-rəsmi statistikaya görə isə bu rəqəm qat-qat çoxdur.  

ABŞ-ın bir neçə ştatı var ki, orada evsizlərin sayı rekord həddə olduğundan, mətbuat həmin əraziləri “evsizlik epidemiyası yayılan bölgələr” adlandırır. Bunlar Los-Anceles, Nyu-York, Çikaqo və San-Fransisko şəhərləridir.

Küçələrdə gecələyən evsizlərin təxminən 30%-i uşaqlar və yeniyetmələr, 40%-i qadınlar, 38%-i isə əlilliyi olan şəxslərdir. Bu statistika yalnız sığınacaqlardan gedən evsizlərin qeydiyyatına əsaslanır. Real vəziyyət isə daha acınacaqlıdır.

Evsiz şəxslərin daha çox sürətlə artan kateqoriyası uşaqlı  analardır. Bu qadınlar əsasən, alkoqolik ərlərinin zorakılığından canlarını qurtarıb evdən qaçanlardı.  Doğrudur, ABŞ hökuməti onları sığınacaqlarla təmin edir, lakin sığınacaqlarda da vəziyyət elə ürəkaçan deyil. Sosial evlərdəki ciddi rejim azad həyat arzulayan insanlar üçün çox darıxıdırıcıdır. Beləliklə, təkbaşına ev kirayələyə, övladına baxa bilməyən ana, pulsuzluqdan hansısa bələdiyyənin həyətində çadır qurub yaşamağa üstünlük verir. 

Rəsmi hesabatlarda məmurlar evsizliyin artmasının üç səbəbini göstərirlər: ucuz mənzillərin olmaması, yoxsulluq və işsizlik. Əslində isə səbəblər xeyli müxtəlifdir. 

Məsələn, 50-ci illərdən başlayaraq, ABŞ hakimiyyəti ruhi-əsəb dispanserlərini maliyyələşdirməyi dayandırdı. Nəticədə, psixi xəstələrin əksəriyyəti küçələrə tökülüşdülər. Beləliklə də, şəxsi evi olmayan, qohumlarının imtina etdiyi ruhi xəstələrdən ibarət bomj koloniyaları yarandı.

Küçə sakinlərinin arasında veteranlar da az deyil. ABŞ Veteranlarla İş Departamenti əhalinin bu həssas təbəqəsini sosial mənzil və tibbi xidmətlərlə lazımi səviyyədə təmin edə bilmir. 

İnsanların kütləvi şəkildə evsiz qalmalarının digər bir səbəbi də köhnə məhəllələrin, gecəqonduların dövlət tərəfindən sökülməsidir. 

Sökülən köhnə evlərin yerində parklar, biznes mərkəzləri, bahalı yaşayış kompleksləri salınır. Nəticədə ərazidə kirayə haqqı və mənzil qiymətləri fantastik dərəcədə bahalaşır, yüksək məbləği ödəyə bilməyən sakinlər məcburən evsizlər sırasına qoşulmalı olurlar. 

Bomj həyatı yaşayanlar arasında yetim, eləcə də valideynlərinin imtina etdiyi azyaşlılar da var. Narkomanlar, alkoqoliklər, həbsdən çıxan keçmiş cinayətkarlar da küçələrdə yaşayanlar sırasındadır. Bu cür şəxslərin mədəni kollektivdə çalışmaq, yaxşı maaşlı işə düzəlmək və ya mənzil kirayələmək şansı, demək olar ki, yoxdu.

Ancaq ABŞ hakimiyyəti evsizlərin, işsizlərin  sayının artmasında qəti maraqlı deyil və müxtəlif layihələrlə bu problemi aradan qaldırmağa çalışır. Çünki dövlət hər evsiz, işsiz vətəndaşının yaşaması üçün ona aylıq sosial müavinətlər ödəməli olur ki, bu da dövlət üçün əlavə yükdür.

Nümunə üçün deyək ki, Florida ştatının verdiyi hesabata görə hər bir evsiz şəxsə ildə təxminən 31.000 dollar xərclənib. Bu məbləğə küçədə yaşayan şəxsi sığınacağa gətirən polisə ödəniş, şəxsin sığınacaqda  saxlanması, xəstəxanaya yerləşdirilməsi və digər xərclər daxildir. Üç milyon evsiz şəxsin hər birinin saxlanması üçün adambaşına 31 min dolların ödənilməsi dövlət üçün həqiqətən böyük məsrəfdir.

Hökumət ucuz mənzillərin tikintisi üçün layihələr hazırlasa da onların həyata keçirilməsi üçün xeyli vəsait tələb olunur. Psixi xəstələrin daimi müalicə alacağı və yaşayacağı komplekslərin tikilməsi barədə qanun layihəsi hazırlansa da nədənsə, qanunun qəbulu yubadılır.

ABŞ hakimiyyəti fikirləşməkdə olsun, sizə xəbər verək ölkədə fəaliyyət göstərən özəl təşkilatlardan, QHT və fondlardan.

Hökumətdən fərqli olaraq, ölkədəki QHT-lər bu sahədə xeyli təqdirəlayiq işlər görürlər. Yerli kapitalstlərin maliyyə yardımları hesabına formalaşan xeyriyyə fondları, cəmiyyətlər evsiz şəxslərə, həssas təbəqədən olan insanlara yardımlarını əsirgəmirlər. Bu məsələdə kilsələr xüsusi fəallıq göstərir.

Ayrı-ayrı imkanlı şəxslər və özəl qurumlar tərəfindən yaradılan sığınacaqlarda pulsuz gecələmək, duş almaq və yeməklə təmin olunmaq mümkündür. Kilsələr mütəmadi olaraq, bu imkansızlara pulsuz nahar yeməyi verirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2703
avatar

Murad Köhnəqala

Oxşar yazılar