Əzizə Rəmixanova, Hörmət Rəmixanov və nəvələri
12 aprel 2021 13:00 (UTC +04:00)

Əzizə Rəmixanova, Hörmət Rəmixanov və nəvələri

Virusun gətirdiyi uğur, dünyanın izlədiyi ailə, cırtdan evdə bir gün - REPORTAJ-VİDEO

...Tale onu Moskvaya, Pekinə, hətta uzaq Floridaya, Mayamiyə belə aparıb çıxarmışdı. Qusarın dağ kəndindən, Hildən olan bu cavan oğlanın, necə deyərlər əlinin duzu çox qısa zamanda uğur qazandırmışdı ona. Və…

Və günlərin bir günü okeanın o biri tayından durur gəlir kəndlərinə. Ana-atasını görməyə. Amma geri qayıda bilmir. Lənətə gəlmiş pandemiya...

Hə, qayıda bilmir geri. Amma bu pandemiyanı nə qədər lənətləsə də, bir şöhrət də gətirir ona. Bu gün onu on milyonlarla insan tanıyır dünyada. Milyon yarım insan isə hər gün onu - Əmiraslanı izləməkdədir. Təkcə Əmiraslanı da yox ha? Anası Əzizə xalanı, atası Hörmət kişini. Onların bişirib hazırladıqları ləziz-ləziz təamları. Və o təamların necə hazırlanmasını...

*

Qusarın mərkəzindən 15 km aralıda yerləşir Hil. Ən böyük kəndidir rayonunun. Hə, yaddan çıxmamış onu da deyək ki, bir zamanlar rayonun mərkəzi də elə Hil olub.

Evlərini tapmaq o qədər də çətin olmadı. Həmkəndliləri dünyaca məşhur yerlilərinin evinə gedən yolu həvəslə göstərdilər bizə.

Qapını döyürük. Bizi Hörmət kişi qarşılayıb evə dəvət edir. Bir az da gileylidir nədənsə. Bunun səbəbini isə bir azdan biləcəyik...

Hörmət Rəmixanov

*

Onlar nəinki Azərbaycanda, bütün dünyada “Kənd Həyatı” adlı YouTube kanalıyla məşhurlaşdılar. Təbiətin qoynunda, ocaqda bişirdikləri müxtəlif yeməklərin hazırlanmasını elə bu kanala yüklədikdən sonra bir də gördülər ki, milyonlarla insan onları izləyir.

- Bu, oğlumun ideyası idi. O, uzun müddət xarici ölkələrdə aşpaz kimi fəaliyyət göstərib, Moskvada, Pekində və Amerikanın Florida ştatında, Mayamidə işləyib. Keçən il bizi görməyə gəldi. May ayında qayıtmaq istəyirdi ki, pandemiya düşdü, gedə bilmədi. Elə o vaxtdan burada qalası oldu. Hazırda özü Bakıda yaşayır. İşsiz qaldı və bekarçılıqdan nə edim deyə düşündü. Sonra da belə bir ideya irəli sürdü. Hobbi kimi başladığı bu iş biz heç düşünməzdik ki, bu qədər maraq doğurar.

Əslində bu evdə aşpazlıq ənənəsi, necə deyərlər olub. Evin xanımı Əzizə xala kənd toylarında, məclislərdə aşpazlıq edib həmişə. Elə Əmiraslana ilk yardımçı da Əzizə xala olub.

- Oğlum “Yutub” kanalı açdı və anası yeməkləri bişirərkən çəkdiyi videoları ora yerləşdirdi. Yavaş-yavaş izləyici toplandı.

Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir. Qısa müddətdə milyon yarım abunəçi toplayan kanalın videoları dünyaca məşhur yemək səhifələrinin diqqətini çəkib. Məsələn, 26 milyondan çox izləyicisi olan “Taste Life” səhifəsi onların videolarını həvəslə paylaşırlar. Həmin videoları isə milyonlarla insan baxır.

Tərəvəzçiliklə və heyvandarlıqla məşğul olan ailə həftə ərzində iki yemək videosu hazırlayır. Bişirilən yeməklərdə özlərinin becərdiyi tərəvəzlərdən istifadə olunur. Və hər dəfə izləyicilərinə müxtəlif yeməklər təqdim edirlər.

Çəkilişləri həm evlərinin həyətində, həm də evdən xeyli uzaqda yerləşən meyvə bağlarında edirlər. Həmin meyvə bağında qurduqları kiçik ev cırtdanların evciyini xatırladır. Bəlkə də bura gələnlərin diqqətini elə videolardan gördükləri mənzərə çəkir.

-  Əslində, fərqli heç nə etmirik. Öz mətbəximizin yeməklərini bişiririk. Tskan, afar (göy qutabı) və digər gündəlik hazırlanan yeməklər. Hər şey adi həyatda olduğu kimidir. Tək fərq ondadır ki, öz yetişdirdiyimiz məhsullardan yemək hazırlayırıq. Yeməklərin ocaqda hazırlanması da digər xoşagələn haldı.

Hörmət kişi deyir ki, məşhur olandan sonra onların evindən qonaq-qara əskilmir.

- Sanki bizim əlaqə nömrəmizi metroda elan ediblər. Bakının küçələrinə vurublar. Hər kəs zəng edir. Bura hər cür insan gəlir. Ailəsi ilə gələnlər də olur. Açığı, bizim onlara ayıracaq vaxtımız yoxdur. Kənd təsərrüfatı ilə məşğul olan adamlarıq. Elə bilirlər burada olanlar bekardı. Gəlirlər ki, onlara qonaqlıq verək. Belə olmaz axı.

Hə, yuxarıda qeyd etmişdik, gileylidir, narazıdır nədənsə Hörmət kişi. Bax, buna görə imiş.

- Xaricdən gələnlər də çox olur. Fransadan gələn olub. Amerikadan da gəlmək istəyənlər də var idi, amma razılaşmadıq. Biz heç kimdən heç nə istəmirik. Heç bir dəstək də gözləmirik. Vaxtı ilə gəlib bütün kanallardan çəkilişlər ediblər. Çox sağ olsunlar. Amma bundan sonra lazım deyil. Elə bu cür öz işimizə davam etmək bizə yetərlidir. Heç kimlə görüşmək istəmirik.

Əzizə xalanı soruşuruq. Evdə olmadığını deyir. Oğlu isə iki gündən sonra gələcək növbəti çəkiliş üçün. Qapını ağzında ağacdan yonulmuş stol və stulu göstərir.

- İstəyirik ki, hazırladığımız hər şey təbii olsun. Elə özüm bu stol və stulları ağacdan yonmuşam. Allah qoysa, bir neçə beləsini də hazırlayacam.

Qapın ağzında qəfil dillənir.

- Siz məni doğru anlayın. Vallah bezmişik Adam qarşılayıb yola salmaqdan. Axı biz kəndli adamlarıq. Qapıda bilirsiz nə qədər iş var? Gəlin sizə çay dəmləyim. Elə otlardan ki dadını heç vaxt unutmayacaqsınız...

...Təşəkkürümüz bildiririk. Çünki həm bizim həm də onun işləri var…

 

 

Lamiyə Məmmədova

Səbuhi Məmmədli

Qusar, Hil

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 66072
avatar

Oxşar yazılar