Hələ də bəzi sahələrdə təkmilləşməyə, asanlaşmaya ehtiyac var. Bunlardan biri də avtomobillərin icbari sığortası ilə bağlıdır.
Belə ki, avtomobilin icbari sığorta müddətinin keçməsi barədə hazırda idarəetmə hüququ olan şəxsə heç bir bildiriş falan göndərilmir. Sanki sürücü üçün qəsdən tapmaca qurulub. Araşdırma zamanı məlum oldu ki, sığorta müddətinin bitməsi barədə bildiriş avtomobili ötən il kim hansı nömrə ilə sığorta etdiribsə, ona gedir. Bəs yaxşı həmin avtomobili sonradan alan, hazırda etibarnamə yolu ilə onu idarə edən şəxsin günahı nədir? Təbii ki, kimsə avtomobilin qanuni sığorta müddətinin bitdiyini bildiyi halda onu idarə etməz. Heç kim cərimələnmək üçün sino getmir.
Emil Ağabağırov
Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert Emil Ağabağırov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, sürücü maşını alarkən, yaxud sonradan sığorta şirkəti vasitəsilə sığorta şəhadətnaməsi barədə məlumat almalıdır:
“Bəli sığorta şirkətləri sistemdə hansı nömrədirsə, ona bildiriş göndərirlər. Bu nömrəni dəyişmək mümkün deyil. Yeni maşın alan şəxs icbari sığorta bürosu ilə əlaqə saxlayaraq, avtomobilinin hansı şirkətdə qeydiyyatda olduğunu və sığorta şəhadətnaməsinin hansı tarixdə qüvvədən düşməsini öyrənməlidir. Sığorta müddəti bitibsə, avtomobili idarə edən şəxs 50 manat məbləğində cərimə edilir. Ən optimal variant dediyim kimidir, sürücü özü məlumat almalıdır.
Lakin sığorta şirkətinin hazırda maşını idarə edən şəxsə bildiriş göndərməsi praktiki cəhətdən mümkün deyil. Bu bir az geniş inteqrasiyalar toplusudur. Bir maşın üzrə bir neçə nəfərə etibarnamə verilə bilər, Həmin şəxslərin də bir neçə mobil nömrəsi ola bilər. Bu cəhətdən bu variant mümkün olmur”.
Avtomobil eksperti Eldəniz Cəfərov isə Lent.az-a açıqlamasında bildirib ki, sığorta barədə bildiriş də texniki baxışla eyni qaydada, avtomobili idarə edən şəxsə göndərilməlidir:
“İcbari sığorta fərdi məsuliyyət sığortasıdır. Ona görə də sığorta edən kimdirsə, onun telefonuna SMS gəlir. Amma bir məsələ də var ki, məsələn texniki baxışla bağlı bildiriş avtomobili hazırda etibarnamə ilə idarə edən şəxsə gəlir. Ona görə də düşünürəm ki, elə sistem qurulmalıdır ki, bu sığorta ilə bağlı bildirişlər də avtomobilin hazırkı sahibinə də gəlsin”.
Eldəniz Cəfərov
Əksər sürücülər də düşünür ki, avtomobillərin icbari sığorta şəhadətnaməsinin qüvvədən düşməsi ilə bağlı bildirişin avtomobilin hazırkı sahibinə getməsi daha məntiqlidir. Təsəvvür edin, avtomobili aldığımız şəxslə heç bir əlaqəmiz yoxdur. Sığorta şirkətləri ilə əlaqə saxlamaq da hər zaman mümkün olmur. Bəzən yarım saata yaxın telefonda gözləsən də səsi çıxan olmur təəssüf. Beləcə qalırsan çarəsiz və sığortanın bitməsi məlumatını yalnız cərimələnəndə bilirsən. İndi siz deyin, kimdir günahkar? Yaxşı olmazmı ki, cərimələr kimi, sığorta bildirişi də asanlaşdırılsın?
Qeyd üçün bildirək ki, avtomobili sığorta etdirmədən nəqliyyat vasitəsini idarə etməyə görə, İnzibati Xətalar Məcəlləsinin 469.3-cü (İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) madədəsilə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Görünür, bildiriş sistemi təkmilləşməsə hələ çox 50 manatların başı ağrıyacaq.