“Gənc sərnişinlər qulaqlıq taxıb,  guya yatırlar” – Avtobus sürücüsü ilə MÜSAHİBƏ
14 noyabr 2025 14:36 (UTC +04:00)

“Gənc sərnişinlər qulaqlıq taxıb, guya yatırlar” – Avtobus sürücüsü ilə MÜSAHİBƏ

0

Ən stressli peşələrdən biri marşrut avtobusunun sürücüsü olmaqdır. Gün boyu yüzlərlə müxtəlif xarakterli insana xidmət etmək, onların nazı ilə oynamaq, əsəblərinin gərginləşməsinə rəğmən, yol hərəkəti qaydalarına əməl etmək insandan həqiqi mənada dözüm tələb edir.

Lent.az 42 ildir dayanmadan avtobus sürücüsü olan Bəxtiyar Mahmudovla müsahibəsini təqdim edir.

- Bəxtiyar bəy, neçə ildir avtobus sürürsünüz?

- 1980-ci ildən bəri. 2 il əsgərlikdə sürücü olmuşam. 1983-cü ildən də avtobus sürürəm.

- Yorulmursunuz?

- Öyrəşmişəm.

- Gündə neçə saat işləyirsiniz?

- 8 saat işləyirik. Bir həftə səhər, bir həftə axşam.

- Yolda sizi ən çox əsəbiləşdirən nədir?

- Ən çox əsəbiləşdirən sürücülərdir. Tıxacı kim yaradır, guya? Yolda hamı bir-birinə hörmət eləsə, tıxac da yaranmaz.

- Fikirləşdim ki, sərnişinlər deyəcəksiniz.

- Sərnişinlər rahatdırlar. İndi sürdüyüm 147 nömrəli avtobus cəmi 5 dayanacağa gedir. Əvvəllər çətin idi, hərə deyirdi bir yerdə saxla, amma indi elə deyil.

- Sərnişinlə aranızda münaqişə yaranıb?

- O qədər. Birdir, ikidir? (gülür).

- Sərnişin kartı vurmadan içəri keçəndə, siz də avtobusu sürmürsünüz?

- Burada başımızın üstündə kameralar quraşdırılıb. Bizə də tapşırırlar ki, əgər işə sən nəzarət edirsənsə, sən də ayıq ol, kartı vurmadan keçən olmasın. Çalışmaq lazımdır ki, o səviyyəyə çatdırmayasan. Kimsə kartı vurmur, nə qədər desən də, vurmursa, onun səviyyəsinə enmək lazım deyil. Ətrafda qadın var, uşaq var. Hamı tələsir.

Amma düzünü deyəcəm, hərdən bir ya iki dəfə olur ki, kimsə gəlir, baxırsan ki, imkansızdır, üst-başından bilirsən ki, pulu yoxdur, ya əlilliyi var, gözləri görmür, kasıbdır. Yaxınlaşır izah eləyir ki, ay əmi ya, ay oğul, vəziyyət budur. Onda keçirirəm. Bu yazılmamış qanundur. Əslində onu etməməliyəm, amma o anda kömək etməsən axşam evə gedəndə övladların sənin üzünə baxmaz.

- Əslində olmamalıdır, amma siz hərdən etmisiniz. Ona görə maaşınızdan tutmurlar ki?

- Məhz mənim dediyim hallarda yox. Biri var ki, bilə-bilə israf edəsən, biri də var ki, insanlıq xətrinə. Amma mənim başıma gəlməyib ki, maaşımdan tutulsun. Hansısa sürücüdə olubsa, onu bilə bilmərəm.

- Qadınlar daha aqressivdir, ya kişilər?

- Qadınlar. Kişi sürücü ilə kişi sərnişin yol gedə bilir. Evdə, ailədə belə, kişiylə qadın uzlaşa bilmir, o ki, qalsın avtobusda.

Dünən səhər avtobusu ilk dayanacağa aparıram. Qapını açdım, bir qadın ədəbsiz söz işlətdi, baxdım, amma görə bilmədim kim idi. Yanımda duran xanıma dedim ki, o mənə dedi? O da gülə-gülə deyir ki, bilmirəm ki. Belə adamlara baş qoşmaq lazım deyil. Ona cavab versəm, aləm bir-birinə dəyər, günümüz korlanar.

- Özünüz avtobusdan istifadə edirsiniz?

- Yox (gülür). 2 ay bundan qabaq minmişdim, deyəsən. Metrodan da bəlkə də 40 ildir istifadə etmirdim. Bu yaxınlarda maşınla gedə bilmədim deyə, metroya mindim, onda da polislər saxladı. Dedim nə olub? Dedilər cinayət axtarış bölməsindənik. Dedim, cinayətkara oxşayıram, 40 ildir minmirəm metroya. Dedilər, elə gördük xam adama oxşayırsan. Yəqin ki, kiməsə bənzədiblər. Danışdıq elədik, çıxdım.

- Bəs övladlarınız?

- Onların da avtomobili var. Onunla gedib-gəlirlər. Bizim üçün avtobus ev telefonu kimidir. Var, amma istifadə eləmirik (gülür).

- Elektrikli avtobus idarə etmisiniz?

- Bəli.

- Hansı rahatdır.

- Onlar çox rahatdır, minəndə elə bilirsən metroda gedirsən.

- Deyirlər enerjisi bitəndə yolda qalır.

- Ola bilər, texnikadı, hər şey baş verə bilər. İnsan belə,  yol getdiyi yerdə ürəyi tutur, o ki, qalsın insanın yaratdığı texnika.

- Bu yaxınlarda bir sürücünün ürəyi tutmuşdu, idarəetməni itirmişdi. Siz hər gün müayinə olunursunuz?

- Bəli, hər gün həkim otağına gedib, sonra işə çıxırıq. Orada ürək döyüntüsünü, qan təzyiqini, saturasiyanı və ən əsası içkili olub, olmadığımızı yoxlayırlar.

- Alkoqol istifadə edirsiniz bəs?

- Toyda, nişanda, hə. Amma işə çıxanda heç vaxt.

- Sərnişin var, işi düz gətirmir, dava-dalaşla minir marşruta əsəbin tökür sürücüyə. O hallarla rastlaşanda nə edirsiniz? Əsəbinizə toxunmur?

- Toxunur təbii ki, İnsanın səbri daşanda hər şeyi edə bilər. Ona görə də, səbrli olmaq lazımdır. Sərnişin əsəbimə toxunanda ən az 3-ə kimi sayıram, ya da Allah şeytana lənət eləsin, deyirəm. Ona görə yox ki, Allah sözünü işlədirəm, sadəcə özümə vaxt verirəm ki, özümü idarə edim. Görürsən sərnişin qışqırır-bağırır. Xahiş edirəm ki, sakit ol, narahat olur insanlar.

- Belə çıxır ki, dalaşmırsınız?

- Hal-hazırda yox.

- Əvəllər olub?

- Çox olub. Cavan olmuşuq, o vaxtlar adam söz götürmək istəmirdi, amma indi 62 yaşım var, gənclikdəki kimi hərəkət mənə yaraşmaz.

- Nə vaxtsa sərnişinlərlə problem yaranan yerdə videonuz paylaşılıb?

- Yox, sərnişin tərəfindən çəkiliş olmayıb. İnsan yaşa dolduqca, qorxaq olur. Mən 30 il əvvəlki Bəxtiyar deyiləm.

- Necə idi o Bəxtiyar?

- Çılğın.

- Çılğın olub nə eləmisiniz?

- Nə eləməmişəm (gülür). 

- Bəs dostlaşdığınız sərnişinlər olub?

- Sərnişinlərin çoxu ilə dost olmuşam. Eləsi var ki, gedirik çay içirik, danışırıq, görüşürük.

- Avtobusda sərnişin nəyisə qırsa, zədələsə, ödənişini kim verir?

- Əgər özüm görürəmsə, deyirəm. Yox, əgər artıq-əskik danışırsa, heç nə demirəm. Zəng edib xəbər edirəm ki, filan vaxt, filan dəqiqədə belə bir hadisə olub, araşdırın. Onunla da problem həll olur. Sürücü avtobusun hər yerini güdə bilmir axı. Eləsi var, qələmlə oturacağı yazır, eləsi var bıçaqla cırır, yediyi yeməyin qabını atır ortaya.

- “Niyə saxlamısan, sür gedək”, deyənlər var?

- Tıxac olur, yol bağlıdır, deyirlər ki, sür. Onda bir kəlmə deyirəm ki, hələ ki, avtobuslara qanad qoşulmayıb, yoxsa, baş üstə. Tıxac da, çox çəkmir, 5-7 dəqiqə.

- Qapının arasında qalan adam olub?

- Cavan vaxtı yadıma düşür, bir kişi qapının arasında qalmışdı. O vaxtlar avtobuslar belə deyildi. Kondisioner də yox idi. Qapıdan asıla-asıla gedirdilər. Amma indi qapı bağlanmayanda sürmək olmur.

- Yer üstündə mübahisə olur?

- İndi marşrutda heç kim – heç kimə yer vermir. Amma mən özüm otursam, gənc bir xanım gəlsə, ona da yer verərəm. Bizim nəsili elə tərbiyə ediblər. İndikilər oturan kimi nauşniki taxıb, yatırlar. Necə olursa, dayanacağa çatan kimi ani refleks yaranır, oyanırlar (gülür). Söz yox, indiki uşaqları da biz böyütmüşük, amma mühit dəyişib.

- Bəs siz yaşlılar ayaq üstə durub, gənclər əyləşəndə nə isə demisiniz heç?

- Çox. Həmişə deyirəm ki, yaşlı insandır, ona yer verin. Amma qayıdıb deyirlər ki, biz də yorulmuşuq, işdən, dərsdən gəlirik. Dediyimə əməl edirsə, çox sağ olsun, eləmirsə...

- Məncə, xatırlatmağa ehtiyac yoxdur. İnsan özü başa düşmür?

- Var. Biz xatırlatmaya-xatırlatmaya bu yerə gəlib, çıxmışıq. Ona görə bu gün vəziyyət belədir.

- Qıçıq yaranacaq axı gənclərdə.

- Canları sağ olsun. Uzaq başı yer verməyəcəklər. Onsuz da vermirdilər. Əsas ürəyim sakit olacaq.

- Sizi qıcıqlandıran nədir bəs?

- Qarşıda bir xanım kart vurub, avtobusa keçir. Bir də görürsünüz ki, hansısa kişi onu tapdaladı, keçdi qabağa. Hərdən deyirəm ki, ay xanım, yol verin, o kişi yəqin gedib evdə paltar yuyub, yemək bişirəcək.

Lap əvvəllər kişilər arxa qapıdan, qadınlar qabaqdan minirdilər. Mümkün deyildi ki, o yol dəyişsin. Elə olsa, onu sürücü özü atardı yerə. Xeyir ola, qadın mindiyi yerdən minirsən?  Onda pulu düşəndə verirdilər deyə, o sistem işləyirdi.

- Səhər növbəsi olanda evdən neçədə çıxırsınız?

- Növbətçi maşın 4-ə 15 dəqiqə qalmış müəyyən dayanacaqlarda çıxır. Mən də 15 dəqiqə işləmiş əyləşirəm maşında, gəlirik işə. Sürücü üçün ən çətin iş səhər sübhdən oyanmaqdır. Elə axşam növbəsində də çətindir, gecə saat 2-də evə çatırıq.

- Sürücülər əlilliyi olan sərnişinlərə kömək edəndə onu paylaşıb, “Əhsən, halal olsun!”, yazırlar, tərifləyirlər.

- O bizim vəzifə borcumuzdur. Buna görə tərifə ehtiyac yoxdur. Tərifdən xoşum gəlmir. İşimdir, etməliyəm.

- İşdə nədən xoşunuz gəlir bəs?

- Sərnişin minəndə salam verir, xoş gördün eləyirik. Bax, onda əhvalım elə gözəl olur ki.

- Bəs iş başında söhbət eləməyə icazə var?

- Əslində olmamalıdır, amma buna görə xüsusi tapşırıq da verilməyib. Sadəcə fikrimiz yayılmasın deyə, diqqətli olmaq lazımdır.

- Xarici ölkədə olmusunuz? Orada növbə mədəniyyətini görmüsünüz?

- Olmuşam. Rusiyadan avtobus da götürmüşəm. O vaxtlar insanlar sıra ilə düzülürdülər, bir-birlərinə hörmət eləyib, minirdilər. İndi bizdə heç metroda sıra gözləyən yoxdur. Hələ sıra mədəniyyəti bizə gəlib, çatmayıb.

- Sürücü olduğunuz vaxtlarda ən çox yadınızda qalan nə olub?

- Bir dəfə sərnişinlərdən birinin epilepsiyası tutmuşdu. Dili qatlanmışdı. Marşrutu saxladım, düşdüm aşağı dedim kimdə qələm ya daraq var. Bir xanım çantasından böyük, qalın taxta daraq verdi. Xəstənin boğazının iki tərəfindən sıxıb, darağın ucu ilə dilini qaytardım. Əlini ağzına salıb, dili dartmaqla olan iş deyil. Bunun qaydası budur.

- Bunu sizə öyrədirlər, yoxsa özünüz bilirsiniz?

- Təlim keçirlər.

- Niyə taksi yox, avtobus sürdünüz?

- Mən heç sürücü olmaq istəmirdim.

- Bəs niyə buradasınız 42 ildir?

- Həkim olmaq istəyirdim. Xala oğlu dedi ki, gedək qaraja, avtobus sürücüsü ol. Gəldim ki, sürücü olub, pul yığıb sonra oxuyub, həkim ol. Sonra yığa bilmədim, burada da qaldım. Onda 20 yaşım var idi.

- Yadınıza düşəndə necə hiss eləyirsiniz?

- Pis oluram. Kaş belə olmazdı deyirəm, amma neyləyək, həyat. Yaşa dolandan sonra oxumaq olmadı.

Foto - İlkin Nəbiyev © APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1958

Oxşar yazılar