72 və 145 saylı marşrut avtobuslarından çoxsaylı şikayətlər var. 72 saylı avtobusun dayanacaqda axşamlar saat 8-dən sonra xətdən çıxarıldığı, 145 saylı avtobusun isə yararsız və bərbad vəziyyətdə olması sakinlərin “canını boğazına yığıb”. Uzun müddətdir həll olunmayan problem isə günü-gündən böyüyür.
Görəsən, bu avtobusların aqibəti necə olacaq?
Lent.az-ın sorğusuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 72 saylı marşrut avtobusunun daşıyıcısına bu qaydalara ciddi riayət etmələri barədə tapşırıq verilib.
“Köhnə Günəşli qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən 72 saylı müntəzəm marşrut xətti üzrə gündəlik 16 avtobus sərnişinlərə xidmət göstərir. Marşrutun sərnişin tələbatı nəzərə alınaraq iş qrafiki saat 06:00-dan saat 20:00-dək müəyyən edilib. Belə ki, “Sədərək” ticarət mərkəzinin iş qrafikinə uyğun olaraq sonuncu avtobus dayanacaqdan saat 20:00-da yola düşür. Marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaları təmin edilməlidir. Daşıyıcıya səlahiyyətində olan marşrut avtobuslarının sürücülərinə bu qaydalara ciddi riayət etmələri barədə tapşırıq verilib.
Abşeron rayonunun Mehdiabad qəsəbəsini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən 145 saylı marşrut isə bu il müsabiqəyə çıxarılaraq avtobuslar yenilənib. Marşrut üzrə sərnişindaşımaya 7 kiçiktutumlu avtobus cəlb edilib. Avtobuslar arasında interval 15 dəqiqə təşkil edir. Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir”.