Səmimi, sədaqətli, çılğın:  Yaşasaydı bu gün 80 yaşı tamam olacaqdı - PORTRET
09 may 2022 11:15 (UTC +04:00)

Səmimi, sədaqətli, çılğın: Yaşasaydı bu gün 80 yaşı tamam olacaqdı - PORTRET

Bəlkə də yazıya belə başlamaq düzgün deyildi. Amma bu adam haqda yazı yazıramsa, bu məqamı mütləq qeyd etməliydim. Çünki tale elə gətirmişdi sonradan mən də onun kimi jurnalist oldum. Və ən maraqlısı bilirsinizmi nədir? Hə, təxminən 30-31 il əvvəl mən gələcəyin jurnalisti, amma o vaxt tələbə olan biri həyatımda ilk müsahibəmi ona vermişdim. O da yadımdadı, sərt danışmışdım, özü də Mütəllibov hakimiyyətinin əleyhinə. Onun, Sirus Təbrizlini “Açıq-aşkar” verilişində. Təbrizlinin “Açıq-aşkar”ı verilişi, üstündən illər keçməsinə baxmayaraq, hələ də unudulmayıb.

 

Bir dəfə mən bu verilişi həmin dövrdə bütün post-sovet məkanında məşhur olan Aleksandr Nevzorovun “600 sekund” (“600 saniyə”) proqramıyla müqayisə etmişdim və bu müqayisədə üstünlüyü Təbrizlinin “Açıq-aşkar”ına vermişdim. Bilirsinizmi niyə? Çünki pafosdan uzaq idi, səmimi idi, xalqın idi.

Təbrizli jurnalist olmaya da bilərdi. Film kimi həyatı olub onun. 80 il əvvəl Təbrizdən başlayan, 9 il əvvəl Nabranda bitən ömrə o, nələri sığışdırmayıb? 


Yazımızın qəhrəmanı bir meydan adamı, xalq hərəkatının nümayəndəsi kimi də yadda qalıb. O, eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Mətbuat və informasiya naziri, millət vəkili, Milli Məclisin komissiya sədri olub. Və bütün bu vəzifələrdə, işlərdə onun həyatından bir qırmızı xətt keçir. Bunu bir cümləyə çevirsək, belə yazmaq olardı: O, həmişə, hər yerdə səmimi idi.

Sirus Xudadat oğlu Zindadel (Təbrizli) 1942-ci il mayın 9-da Təbriz şəhərində anadan olub. Atası Xudadat bəyə şah ordusunun zabiti olsa da, bir türk millətçisi idi. Bəlkə də elə bu səbəbdən Pişəvəri hərəkatına qoşulmuş, orda fəal rol oynamışdı. Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı süqut etdikdən sonra 1951-ci ildə ailəsini də götürüb Azərbaycana gəlmişdi. Ailə əvvəl Bakıda, sonra isə Qubada məskunlaşmışdı. 

Hələ yeniyetməykən Quba Konserv zavodunda işləməyə məcbur olmuşdu. 
Amma çox az adam bilir ki, o, ailənin maddi durumu ağır olduğu üçün uşaq evinə verilmişdi. Burada isə onun iti zəkası və fitri istedadı üzə çıxmışdı. 

Müəllimlərindən biri onunla eyni sinifdə oxuyan nadinc bir uşağa balaca Sirusu göstərib belə demişdi: “Dediklərimi unutma, vaxt gələcək bu uşaq nazir olacaq”.
Təsadüfi deyil ki, həm indi, həm də onda Azərbaycanın ən prestijli ixtisaslarından olan şərqşünaslığı seçmiş və bu kimsəsiz, heç bir adamı  olmayan uşaq AZərbaycanın yeganə universitetinə, ADU-ya (indiki BDU) daxil ola bilmişdi. 
Amma bunu da çox az adam bilir ki, yenə məhz imkansızlıq üzündən - işləyib ailəyə kömək etmək gərək idi - o, ixtisasını dəyişib jurnalistika fakültəsində qiyabi təhsil almağa məcbur olmuşdu.

Sonralar Bakı və Sumqayıtda müəllim də işləmişdi, amma jurnalistika, yazıb-yaratmaq hissi bir an belə onu tərk etməmişdi. “Ədəbiyyat və incəsənət” qəzetinə üz tütmüş, “Ulduz” jurnalında çalışmışdı. 

Qarabağ münaqişəsi başlayanda Moskvanın qərəzli mövqeyinə etiraz olaraq 1989-cu ilin iyunun 7-də kommunist partiyasının qırmızı biletini tullamışdı və eyni zamanda sevimli işindən belə ayrılmışdı. Və o da təsadüfi deyil ki, Təbrizli Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri idi. 

 

“Azadlıq” meydanındakı çıxışlarının birində deyirdi: “Qarabağ torpağında atılan güllələr hamımızın köksünə dəyir. Fəhlənin də, rəhbərin də. Əgər sabah Azərbaycan adlı qatarımız qəzaya uğrayacaqsa, ümumi vaqonda gedən də həlak olacaq,  məxsusi vaqonda gedən də”.
Amma onun siyasi fəaliyyətinin yüksəliş dövrü qarşıdaydı. 

1992-ci ildə Sirus Təbrizlinin də daxil olduğu və tarixə "91-lər" olaraq yazılan 91 nəfərdən ibarət ziyalılar qrupu, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin, Azərbaycanda iqtidar uğrunda fəal mübarizəyə səsləyən, onun iqtidara qayıdışını tələb edən müraciətə imza atır. 
“91”lərdən biri onun haqqında demişdi:
“Sirus Təbrizli ilə ilk dəfə 1992-ci ilin iyununda tanış oldum. Biz həmin dövrdə yaş senzi ilə bağlı keçirdiyimiz mitinqlərdə birlikdə olmuşuq. Sonradan YAP-ın yaradılması prosesində birgə iştirak etdik. Mən iyunun 13-də bir qrup görkəmli ziyalımızla, Naxçıvana Heydər Əliyevin yanına getdik. Biz xahiş eləmişdik ki, partiya yaradaq və sədri olsun. O, nə “hə”, nə də “yox” dedi. Biz anladıq ki, prinsipcə razıdır. Sonradan mən iyunun 22-də yenidən qayıtdım. Heydər Əliyev bildirdi ki, partiya ilə bağlı Sirus Təbrizli ilə əlaqə saxlayım. Bildirdi ki, Sirus Təbrizli partiya üçün ad fikirləşib”.
Hə, gələcəyin iqtidar partiyasının adını da məhz o qoymuşdu. 

Amma  bu 91 imzanı toplamaq, Heydər Əliyevlə Naxçıvanda dəfələrlə görüş, onun az qala həyatı bahasına başa gələcəkdi. 
Onu izləyirdilər.
Onun ailəsini, həmin vaxt körpə olan qızları Sevinc və Arzunu belə təqib edirdilər.

Onun Naxçıvan səfərləri, hətta dostlarını belə Sirusdan uzaqlaşdırmışdı.
Onun isə bir arzusu vardı. Bilirdi ki, Azərbaycanı, Azərbaycan xalqını bütün bu fəlakətlərdən bir nəfər xilas edə bilər: Heydər Əliyev.


Və həmin 91 nəfərdən ibarət qrup, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edə bilir. Sonradan isə onlar, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olundular. 
Onun haqqında dostu, professor Şahlar Əsgərov deyirdi: “ Azərbaycanın azad olmasını çox istəyirdi, ona görə 1990-cı illərdə mitinqlərin aparıcısı idi. 1991-ci ildə Naxçıvanda Heydər Əliyevlə görüşüb, yeni partiyanın yaradılması məsələsini müzakirə etmişdi. Heydər Əliyev əvvəl demişdi ki, bu işə gənclər qol qoysa, daha yaxşıdır. Ulu öndərin bu fikrinə Sirus Təbrizlinin yaddan çıxmayan bir cavabı olub – “Gənclərin yanında ağsaqqal sözünə ehtiyacımız var”.
Sirus Təbrizli 1995-ci il noyabrın 12-də baş tutan Azərbaycan Milli Məclisinə I çağırış seçimlərə qatıldı. 13 saylı Nizami rayonu II seçki dairəsindən majoritar qaydada Milli Məclisin üzvü seçildi. O, Milli Məclisdə fəaliyyət göstərdiyi zaman Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın mətbuat və informasiya naziri təyin olunur.  
Təbrizli 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərinə də qatıldı. 13 saylı Nizami-Xətai rayonları seçki dairəsindən növbəti dəfə Milli Məclisə seçildi. 


İstər millət vəkili olduğu dönəmdə, istərsə də nazir işləyəndə, fərq etməzdi, daim öz üzərində çalışır, mütaliə ilə məşğul olurdu. Qış aylarında qarda yuyunmağı, buzlu suda çimməyi ilə məşhur idi. Bir dəfə mətbuatda onun qeyri-adi fotoları çap olunmuşdu. Yaşı 70-i keçməsinə baxmayaraq peşəkar idmançılar kimi bir göz qırpımında başı üstə dayanır, ayaqlarını havada müxtəlif formalarda saxlayır. Sonradan deyəcəkdi: 

“Baş üstə dayanmağın ən birinci faydası odur ki, bu, insanda iradəni tərbiyə edir. Əyilib ayaqqabının bağını bağlayanda bəzən hiss edirsən ki, necə çətin olur. Amma burada sən birdən başın üstə qalırsan, ürək yuxarıda, beyin aşağıda qalır. Bu zaman qan beyinə yüksək təzyiqlə gedir, faktiki olaraq insan özünü insulta təhrik edir. Təbii ki, çox təhlükəlidir. Ancaq bu şəkildə qan bütün bədən üzrə dövr eləyir”. 
Təbrizli 2007-ci il martın 27-də YAP-dan kənarlaşdırılmışdı. Gününü elə idman və mütaliə ilə keçirirdi. Təbiətə çıxmağı çox sevirdi. Velosiped sürürdü. Ən sevimli məkanlarından biri isə Nabrandakı bağ evi idi. 

Elə oradaca dünyasını dəyişmişdi. Həyat yoldaşı Rəfiqə Təbrizli bir dəfə jurnalistlərə demişdi:


 “Heç bir şikayəti yox idi, elə yuxuda keçinib. Hər gün dənizdə çimirdi, gəzirdi. Biz iyul ayından Nabrandayıq. Qonaqlarımız, uşaqlarımız gəlmişdilər, onlar getdilər biz ikimiz qaldıq. Qapını açdıq ki, uzanmış vəziyyətdədir. Eynəyi gözündə, oxuduğu kitab da düşüb sinəsinin üstündə… Sonuncu oxuduğu kitab Putinlə bağlı idi – “Если бы я был русский царь…”.  

Sən demə, bu kitabı da ona qızı Arzu Moskvadan alıb gətiribmiş.

Çox cəsarətli adam idi. Bir faktı deməsəm olmaz. Demək dostlarından biri Amerikadan ona idman forması hədiyyə alıbmış. 1999-cu ilin yanvarında İrana səfərə gedir. Təbrizdə oteldən çıxır, adəti üzrə səhər qaçışına başlayır. Və əynində nə olsa yaxşıdır? Üzəruində ABŞ bayrağı, bu ölkənin gerbi olan həmin forma. Siz, bunu təsəvvür edirsiniz?
O, parlamentdə belə sərt çıxışlar etməkdən çəkinmirdi. Müsahibələrinin birində demişdi:
“1992-ci ildə çəkinməyib yazmışdım ki, mütləq Heydər Əliyevi çağırmalıyıq. Heydər Əliyev gələndən sonra mənim də üzərimə məsuliyyət düşür. Heydər Əliyevin gəlişi ilə atəşkəs yarandı, çörək qıtlığı aradan götürüldü, nəqliyyat işlədi, hərc-mərclik aradan götürüldü, işlər sabitliyə doğru getdi. Amma hansısa “JEK” müdirinin xalqa divan tutmasına göz yuma bilməzdim. Bütün bunlar da bizim adımıza yazılırdı. Normal insan düşündüyünü deməlidir”.


Heydər Əliyevə, onun siyasi varisi Prezident İlham Əliyevə nə çox sadiq idi. Heydər Əliyev də ona YAP sədrinin müavini vəzifəsi etibar etdi. Və o da Heydər Əliyevin etibarını, etimadını layiqincə doğrultdu. 
Bu sözləri də o demişdi:
“Necə ki bir vaxtla deyirdik Heydər Əliyev var, indi də deyirik ki nə yaxşı İlham Əliyev  var. O, Azərbaycanı yeni-yeni üfüqlrf aparacaq, xalqın pis ağır günlrəi acı xatirlərdə qalacaq”.

Müsahibələrinin birində deyirdi: “Heydər Əliyevin bizə vəsiyyəti vardı. O deyirdi ki, dövləti heç vaxt təsadüfi adamlara əmanət etməyin”.
Hə, bir də onu deyirdi: Əliyevçilərin sayı, YAP-çıların sayından çoxdur. Bilirsinizmi niyə? Çünki kiminsə özü, atası, ya qohumu siyasətlə məşğul olmaya bilər. YAP üzvü olmaya da bilər. Amma o vaxt həmin adamlar da deyirdi ki, Əliyev gəlməlidir. Ölkəni ancaq o xilas edə bilər”.

Çox az adam bilir ki, YAP-ın qərargahının açılışında qırmızı lenti kəsən Heydər Əliyev həmin hissəni məhz ona hədiyyə etmişdi.

 

Həmin qırmızı lent hələ də Təbrizlilər ailəsinin evində ehtiramla saxlanılır.
“Mən heç vaxt, heç kimə namərdlik etməmişəm. Dostlarımı nazir kimi, deputat kimi yox, elə Sirus Təbrizli olaraq qazanmışam. Belə mərd dostların sayı nə qədər çox olsa, biz də bir o qədər güclü olacağıq. Elə dostlarım var, indi yeri görünür”. Belə demişdi bir zaman.
Elə sənin də yerin görünür, düzü. Yaşasaydın, bu gün 80 illik yubileyin qeyd ediləcəkdi.  səmimi adam, çılğın adam, sədaqətli adam, etibarlı adam...


Allah o dünyanı versin!

# 16500
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar