2021-2022-ci tədris ilində inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsi genişləndiriləcək.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən, növbəti tədris ilində Bakı şəhəri 246 saylı və Quba şəhəri 2 saylı məktəb-liseylərdə, Gəncə şəhəri 39, Sumqayıt şəhəri 4 və 21, Şirvan şəhəri 10, Qazax şəhəri 2 və Şəki şəhəri 12 saylı tam orta məktəblərdə inklüziv siniflərin təşkili nəzərdə tutulub.
Əmrə əsasən, yerli təhsili idarəetmə orqanları sağlamlıq imkanları məhdud uşaqların psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında seçilmiş ümumi təhsil müəssisələrində inklüziv təhsilə cəlb olunmasını və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etməlidirlər.