Pişiyiniz rakovinada, qutuda və ya hətta ayaqqabınızda yatır, özünün rahat pişik yatağını isə tamamilə görməzdən gəlir? Bu yalnız gülməli vərdişlər deyil — bu davranışlar pişiklərin instinktləri və ehtiyacları ilə bağlı ipuclarıdır, bəzən isə sağlamlıqla bağlı siqnal ola bilər.
Lent.az bu barədə bəzi məlumatları sizə təqdim edir:
Pişiklər niyə belə qəribə yerləri yatmaq üçün seçirlər?
Pişik davranışları üzrə ekspert Amanda Kampion bu barədə TikTokda izah edib və qeyd edib ki, bu qəribə seçimlərin səbəbləri əsasən instinktiv ehtiyaclarla bağlıdır. Bəzən isə bu hallar sağlamlıq problemlərinin əlaməti də ola bilər.
Pişiklər aşağıdakı ehtiyaclarını qarşılamaq üçün bu cür yerləri seçirlər:
1. Hündürlük
Pişiklər yüksəkdə olmağı sevirlər. Bu onlara ətrafı izləmək və təhlükələri vaxtında görmək imkanı verir. Hündürlükdə olmaq pişiyə təhlükəsizlik hissi və nəzarət imkanı verir — bu onların yırtıcı instinkti ilə bağlıdır.
2. İsti və rahat mühit
Pişiklər istini sevir. Onlar tez-tez istiliyi yaxşı saxlayan yerləri və ya bədənlərini bükərək sıx şəkildə yerləşə biləcəkləri dar məkanları seçirlər. Məsələn, qutular, qapalı tunellər və ya radiator yaxınlığı.
3. Təhlükəsizlik və gizlilik
Karton qutular, rakovinalar, tunellər və ya ayaqqabılıqlar pişiklər üçün “sığınacaq” kimi görünür. Belə yerlərdə pişiklər həm önlərini, həm arxalarını nəzarətdə saxlaya bilirlər və özlərini yırtıcılardan qorunmuş hesab edirlər.
4. Tanış qoxular
Sizin iyinizlə doymuş əşyalar — məsələn, ayaqqabılarınız — pişiklər üçün sakitləşdirici təsirə malik ola bilər. Tanış qoxular onlara rahatlıq və güvən verir, bu da yuxu üçün ideal mühit yaradır.
Narahat olmağa əsas varmı?
Əgər pişiyiniz daim bu cür yerlərdə yatırsa və ümumi vəziyyəti normaldırsa (yaxşı yeyir, oynayır, aktivdir), narahat olmağa ehtiyac yoxdur — bu, onun instinktiv davranışıdır. Lakin pişiyiniz qəfil qapanmağa, daim tək qalmağa və ya əvvəl sevdiyi yerlərdən qaçmağa başlayıbsa, bu, stressin və ya sağlamlıq probleminin əlaməti ola bilər. Belə hallarda baytara müraciət etmək tövsiyə olunur.