Qadınlara açıq-aşkar nifrət yağdıranları hansı CƏZA GÖZLƏYİR?  - Hüquqşünasdan CAVAB
06 avqust 2025 14:14 (UTC +04:00)

Qadınlara açıq-aşkar nifrət yağdıranları hansı CƏZA GÖZLƏYİR? - Hüquqşünasdan CAVAB

Son vaxtlar sosial şəbəkələrdə bir neçə şəxsin özünə bloq səhifəsi açaraq qadınlara qarşı nifrət, ayrı-seçkilik, eləcə də onlar barədəsində ümumi və əsassız fikirlər səsləndirərək, bu yöndə kontent yaratmağa çalışdığını müşahidə edirik. Hətta onlar bəzi onlayn verilişlərə, podkastlara da çıxıb, eyni sözlərlə reytinq yığırlar.

Həmin fikirlərlə sosial şəbəkə gündəmini zəbt edənlərdən biri də ötən gün "Baker Tilly Azerbaijan" şirkətinin maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru vəzifəsindən azad olunan, Fərhad Pərvizi kimi tanınan şəxsdir.  

Bu şəxslər ayrı-seçkilik fikirləri ilə eyni “düşüncə”yə malik kişiləri və qadınları ətrafına yığırlar. Bəs onlar barədə qanunvericiliyin tələbləri nələrdir? Hər kəs çıxıb sosial mediada dini-cinsi-irqi-etnik fərqləri təhqir edərcəsinə danışa bilərmi? Onlar üçün hansı cəzalar müəyyənləşib?          

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, sözügedən hal Cinayət Məsuliyyətinə səbəb olur:

“Cəmiyyətdə və sosial mediada son dövrlərdə Azərbaycan Respublikasının Konstitusiya dəyərlərini açıq şəkildə təhdid edən, qadınlara qarşı sistemli şəkildə ayrı-seçkilik və nifrət kampaniyaları aparılır. Sözügedən hal milli təhlükəsizlik səviyyəsində qiymətləndirilməlidir. Bu təkcə bir insanın şəxsi fikri və yaxud ifadə azadlığı kimi qəbul edilməməlidir. Azərbaycanda son 1 ildə təxminən 5-10 adam çıxıb, eyni şeyləri  - boşanmış qadınlara qarşı əxlaqsızlıq ittihamları, qadınların işləməsinin əleyhinə fikirlər səsləndirir. Onlar deyirlər ki, güya qadınlar evdə, ailəsinə baxanda, ərinə yemək bişirib,  uşaq böyüdəndə daha xoşbəxt olurlar, nəinki çalışanda, həmçinin boşanmış qadınlara aliment verilməməsi, bəziləri daha irəli gedib qadınların seçki hüququ verilməməlidir kimi fikirlər də söyləyirlər. Bu çağırışlar çox təhlükəlidir, onlar qadını, qadın haqlarını açıq-aşkar şəkildə pozmağa, onu əzməyə yönəlib. Bu fikirlər sistematik xarakter daşıyır və şəxsi mövqedən kənara çıxır, ictimai rəyə yönəlir. Bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən, milli, irqi, sosial və dini ədavət və düşmənçilik yaratmağa yönəlmiş hərəkətlər (zorakılıq və ya zorakılıq çağırışı ilə müşahidə olunduqda ictimai təhlükə doğuracaq şəkildə törədildikdə) cinayət məsuliyyəti doğurur. Həmçinin CM-nin 281.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişdirməyə və ya zəiflətməyə yönəlmiş açıq çağırışlar 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qadınlara qarşı yönələn fikirlər də məhz cinsi ayrı-seçkilik və sosial düşmənçiliyin formasıdır. Hansısa “malaziyalı, “sinqapurlu “ bir alimin araşdırmasına əsasən, qadın ailəni dağıdır, işləyən qadın xəyanətə meyillidir, qadınlar aliment üçün boşanırlar kimi fikirlərlə çıxışlar edirlər. Lakin bu sözlər hansısa emprik dəlilə söykənmir və “arqument avtoriteti” üsulundan istifadə edilərək cəmiyyəti manipuliyasiya edir. Bu “araşdırma”ları cəmiyyətə emprik dəllili, rasional, sübutlu fakt kimi təqdim etmək olmaz. Bu, insanlarda düşmənçilik və nifrətə səbəb olur.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi, həmçinin Avropa İnsan Hüquqları haqqında konvensiyalar var. Bu sənədlər gender əsaslı ayrı-seçkiliyi təkcə hüquq pozuntusu kimi yox, həm də sosial sabitliyə və insan hüquqlarına qarşı həhdid hesab edir”. 

Hüquqşünas bu kimi fikirlər səsləndirdiyi üçün şəxslərin işdən çıxarılması məsələsinə də toxunub:

“İşdən çıxarılma Əmək Qanunvericiliyinə əsaslanmalıdır. Əgər şirkətin daxili qaydalarında, etik kodeksində və nizamnaməsində göstərilən maddələrin pozulması, şirkətin imicinə xələl gətirilməsi, daxili iş mühitində ziddiyət yaradan, habelə şirkətin maddi itkilərlə üzləşməsi, mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin zərər çəkməsi halları olarsa, qanunvericiliyin tələbinə əsasən şəxs barəsində işdən azadetmə tədbiri görülə bilər. Bu qərardan razı olmayan şəxs isə Əmək Müfəttişliyinə və ya məhkəməyə müraciət edərək razılaşmadığı məsələni qeyd edə bilər.

Ümumiyyətlə şəxslərin milli-etnik, irqi-dini və cinsi təhqir olunması, ayrı-seçkiliyə məruz qalması ifadə azadlığı kimi qiymətləndirilməli deyil, çünki bu fikirlər birbaşa ictimai rəyi formalaşdırır və məsuliyyət yaradır.

Azərbaycan televiziyalarının efirlərində Konstitusiyamızın heçə sayılmasına, qanunun müddəlarınının, ər-arvadın hüquqlarının bərabərliyinin, kişi və qadının hüquqlarının eynilik meddəalarının yox sayılmasını təəssüflə qarşılayıram. Bu cür fikirlərin efirlərdə səsləndirilməsi qorxulu haldır. 1918-ci ildən bəri Azərbaycan qadın və kişi hüquqlarının eyniliyin, bərabərliyini təsbit etmiş ölkədir. İnsanlarımız qadına hörmətlə, kişiyə də ehtiramla yanaşıb, bu bizim, şifahi xalq ədəbiyyatında, dastanlarda, nağlllarımızda da özünü göstərirdi. Lakin indi bu kimi nifaq salan söhbətlər doğru deyil. Güman edirik ki, bu şəxslər artıq cəmiyyətə nifrət toxumu səpməzlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 784

Oxşar yazılar