Polislərin əməkhaqqı  artırıla bilər   - TƏKLİF
02 oktyabr 2023 16:52 (UTC +04:00)

Polislərin əməkhaqqı artırıla bilər - TƏKLİF

“Hazırda polisdə mühafizə, post-patrul xidməti kimi sahələrdə çalışan çoxsaylı əməkdaş işdən çıxır”.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnamə”də dəyişiklik edilməsi barədə qanunun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, bu sahələrdə əməkhaqqı az olduğu üçün həmin polislər işləmək istəmirlər: “Polisdə 450 manat maaş alan əməkdaşlar var. Ailələrini dolandıra bilmirlər, ona görə də işdən çıxırlar. Layihəyə əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək öhdəliyi nəzərdə tutulur. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək. İndi öhdəlik qoyuruq ki, işdən çıxacaqsansa, təhsil haqqını geri ödə. Belə də olmaz. Pulları olsa, niyə işdən çıxsınlar?”

Qanun layihəsinin qəbulunu dəstəkləyən deputat Fəzail Ağamalı da polislərin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmalı olduğunu qeyd edib: “Gələcəkdə polislərin əməkhaqqının artırılması üçün paket şəklində qanunlar qəbul edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20973
avatar

Oxşar yazılar