Nostalgiya təkcə xatirələr deyil, həm də keçmişə duyulan həsrət və eyni zamanda xoş anlardan gələn istilikdir. Psixoloqlar qeyd edir ki, nostalgiya beynimizin vacib hesab etdiyi xatirələrə reaksiyasıdır. Bu, şəxsiyyətimizi və keçmişlə bağlılığımızı qorumağa kömək edən müdafiə mexanizmidir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloq Kley Rutledcin sözlərinə görə, nostalgiya bizə problemlərlə mübarizə aparmaq üçün emosional resurs verir. Bu hiss bizi həyatımızın daha xoşbəxt, daha təhlükəsiz və sevilmiş hiss etdiyimiz dövrlərinə qaytarır.
Rutledc əlavə edir ki, nostalgiya “yaddaş montajı” kimidir. Beynimiz mənfi anları silir, müsbət xatirələri isə sanki vurğulayır. Alimlər bunu “retrospektiv müsbət qərəz” adlandırır: biz keçmişi olduğundan daha yaxşı xatırlayırıq və bu qəribə şəkildə bizi sakitləşdirir, hətta o anlar reallıqda ideal olmasa belə.
Nostalgiya həyatımıza necə təsir edir?
Sosial əlaqələri gücləndirir - nostalgiya insanın özünü daha az tənha hiss etməsinə səbəb olur və sosial dəstəyi gücləndirir. Dostlarla və ailə ilə paylaşılan xatirələr əlaqələri möhkəmləndirir.
Özünə inamı artırır - 2015-ci ildə aparılan təhlil sübut edib ki, nostalgiya sosial aidiyyət hissini yüksəldir, bu isə öz növbəsində özünə hörməti artırır. Keçmiş uğurlar və xoşbəxt anların xatırlanması insanın öz dəyərini daha yaxşı dərk etməsinə kömək edir.
Stress və narahatlığı azaldır - nostalgiya stress hormonu, kortizolun səviyyəsini azaldır. Keçmiş xatirələr emosional “təhlükəsizlik yastığı” rolunu oynayaraq bizi daha optimist və dayanıqlı edir.
Həyata mənalar qatır - nostalgiya insanların keçmişlə bu günü arasında körpü yaradır. Bu hiss həyatın bütövlüyünü dərk etməyə və xüsusilə keçid dövrlərində həyatın mənasını tapmağa kömək edir.
Nostalgiya, sadəcə keçmişi xatırlamaq deyil, həm də psixoloji dayanıqlığımızı qoruyan mühüm vasitədir. O, bizi keçmişdən güc almağa, bu günü daha rahat yaşamağa və gələcəyə ümidlə baxmağa təşviq edir.