Müşahidə kameraları piyadaların qayda pozuntusunu qeydə alırmı? - CAVAB
23 noyabr 2021 17:08 (UTC +04:00)

Müşahidə kameraları piyadaların qayda pozuntusunu qeydə alırmı? - CAVAB

Bakıda baş verən qəzaların əksəriyyəti piyadaların qanunsuz yerlərdən yolu keçməsi ilə əlaqədardır.

Bu barədə Dövlət Yol Polisi İdarəsinin dəfələrlə yaydığı müraciətlərdə qeyd olunub. Belə ki, əksər piyadalar hərəkət intensivliyi olan sürətli yolları qadağan olunmuş yerlərdən keçirlər. Bəziləri hətta işıqforun işığına məhəl qoymadan belə yolu keçmək istəyirlər. Bu zaman isə piyadanı görməyən avtomobil ya onu vuraraq həyatdan məhrum edir, ya da qəzadan qaçmağa çalışaraq digər yol-nəqliyyat hadisəsini törədir.

Bəs görəsən, paytaxt yollarındakı müşahidə kameraları avtomobillər kimi piyadaların da yol hərəkəti pozuntularını qeydə ala bilirmi?

Lent.az-ın sualına Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cavab verib.

Həmsöhbətimiz həmin kameraların yalnız avtomobillərin qayda pozuntularını qeydə aldığını bildirib:

Araz Əsgərli, polis mayoru

“Bakıda müşahidə kameraları hərəkətin bütün iştirakçılarını, avtomobilləri, piyadaları, velosipedçiləri, moped və motosikletləri təbii ki, qeydə alır. Avtomobillərin qayda pozuntularını qeydə alınması isə mümkün olur. Sürücülər bilir ki, hansısa yol hərəkəti qaydasını pozsalar dərhal nəqliyyat vasitəsinin nömrəsi fiksasiya olunaraq xüsusi texniki vasitələrlə qeydə alınacaq və real vaxt rejimində həmin pozuntu sistemə ötürülməklə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tədbir görüləcək. Amma piyada, velosipedçi və moped sürənlərin pozuntuları qeydə alınsa da, bu metodla tədbir görmək olmur. Avtomobillərdən başqa hərəkətin digər iştirakçıları elə düşünür ki, kamera altında pozuntu etsələr də onlara cərimə yazılmayacaq. Yalnız polis ərazidə olarsa, onları cərimələyə bilər. Bu çox yanlış təsəvvür və yanaşmadır. Cərimələr nəticə çıxarıb eyni xətanı etməmək üçündür. Bu səbəbdən də hazırda piyadalar sürücülərdən daha çox məsuliyyətsizdirlər”.

Araz Əsgərli bir daha piyadalara müraciət edərək, cəriməyə görə deyil, öz həyat və sağlamlıqları üçün yol hərəkəti qaydalarına riayət etməyi xahiş edib:

"Xahiş edirik ki, hər bir şəxs, eləcə də piyadalar və hərəkətin digər iştirakçıları məsuliyyətli olub qayda pozuntusu etməsinlər. Bəzən qaydaları pozan insana cərimə ödəmək qismət olmur… Cəriməyə görə yox, öz və həyat sağlamlığımız üçün qaydalara əməl edək!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3924
avatar

Mehman Nəbiyev

Oxşar yazılar