qazi Rasim
10 dekabr 2020 15:20 (UTC +04:00)

qazi Rasim

Milliyyətcə tatar olan qazi: “Döyüş yoldaşımı silkələyəndə..." - VİDEO

Rasim milliyyətcə tatardır. Bakıda doğulub, böyüyüb. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrinin giziridir: “Bakıda anadan olmuşam. Səbail rayonunda 162 saylı orta məktəbi bitirmişəm. Məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişəm. Milli Qvardiyanın Xüsusi Təyinatlı bölməsində xidmət etmişəm. Hərbi xidmətdən sonra 3 il ara vermişəm. 2011-ci ildən Daxili Qoşunlarda xidmətə başlamışam”.

Rasim Yaxin Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunudur: “Cənab Ali Baş Komandanın əmri ilə döyüşlərə başlamışıq. İlk döyüş yolumuz Kəlbəcərdən başlayıb. Sonra Cəbrayıl istiqamətində davam etmişik, daha sonra Füzuli istiqamətində uğurlu əməliyyatlar keçirmişik. Ən son tapşırığımız Şuşa idi”.

Gizirimiz Şuşa istiqamətində bir neçə yüksəkliyin düşməndən azad olunması istiqamətində uğurlu döyüş əməliyyatına qatılıb: “Ayın 7-si hücuma keçdik. Yüksəkliyi əldə etdik. Ayın 7-si gecə ermənilər minomyotlardan atəş açmağa başladı. Bir dənə o yadımdadır ki, qulağımda möhkəm səs əmələ gəldi, hər yeri qırmızı görməyə başladım”.

Şuşa uğrunda gedən döyüşlərdə Rasim də ağır yaralanıb: “Mən nəfəs ala bilmirdim. Bir az sonra ayıldım. Sol qolumda istilik hiss elədim. Bir az sonra isə sol biləyimin olmadığını hiss elədim. Yadımdakı döyüş yoldaşım İsmayıl Qəsəbov Qazax rayonun Çaylı kəndindən idi. Şəhid olmuşdu, onu oyatmaq üçün silkələyəndə gördüm ki, biləyim yoxdur. O, çox qəhrəman döyüşçü idi. Onun cavab vermədiyini görəndə sanitar axtarmağa başladım. İlkin yardım göstərildi, səhərə yaxın bütün yaralı hərbçiləri Şuşada bir evə yığdılar. Ayın 8-i axşam bizi qaynar nöqtədən çıxardılar”.

Daha sonra gizir Yaxin digər yaralı yoldaşları ilə birgə Bakıya - Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Hospitalına gətirilir və burada 3 dəfə əməliyyat olunur: “Qəlpə gözümü dağıtmışdı, çənəmi 3 yerdən dağıtmışdı. Və sağ qolumu aparmışdı. Bu əməliyyatlardan sonra az da olsa, özümə gəlmişəm. Gözüm görmür. Mən fəxr edirəm ki, azərbaycanlıyam, ordumuzda xidmət etmişəm. “Hər şey Vətən üçün” deyib yola çıxmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza şəfa versin! Milliyyətim tatardır. Mən Azərbaycanın suyu, çörəyi ilə böyümüşəm, elə övladlarım da həmçinin. Bundan sonra da Azərbaycanın müdafiəsinə hazıram”.

“Müharibə tarixində mənim də adım var və bu, mənim arzum idi” deyir Rasim. Sentyabrın 27-dən bu günədək övladları ilə görüşmədiyini deyir: “İki qız övladım var, 6 və 3 yaşlarında. Sağ-salamat çıxım, görüşəcəm”.

Vətənin qəhrəmanlıq tarixinə adını yazmış gizirimizə bundan sonra sevdikləri ilə birgə məsud yaşaması diləyi ilə!

Milliyətcə tatar qazidən reportaj

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15669
avatar

Oxşar yazılar