Hollandiya iddia edir ki, onun Şimal dənizindəki külək stansiyaları yaxınlıqdakı Belçika turbinləri sayəsində daha az enerji istehsal edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, mübahisə Şimal dənizində quraşdırılan külək turbinləri ilə bağlı yaranıb. Hollandiya iddia edir ki, daha cənubda yerləşən Belçika turbinləri hava axınını pozur və onların külək stansiyalarının səmərəliliyinə mənfi təsir göstərir. İrəli yerləşdirilmiş turbinlər küləyin sürətini ləngidir və turbulentlik yaradır ki, bu da küləkdən aşağıya doğru yerləşən turbinlərin işini azaldır.
Qeyd olunur ki, ilkin hesablamalara görə, Hollandiyada elektrik enerjisi istehsalında itkilər bəzi qurğularda 3 faizə çata bilər.
Ətraf mühit üzrə ekspertlər Avropa İttifaqını dəniz turbinlərinin yerləşdirilməsi üçün ümumi çərçivə yaratmağa, külək axınının dinamikası ilə bağlı birgə tədqiqatlara başlamağa və "külək oğurluğu"ndan qaçmaq üçün gələcək layihələri əlaqələndirməyə çağırırlar.
Şimal dənizi artıq dəniz küləyinin inkişafı üçün Avropanın aparıcı ərazilərindən biridir. Növbəti illərdə potensialın əhəmiyyətli artımı gözlənilir. Cari güc təxminən 30 giqavatdır, 2030-cu ilə qədər 120 giqavat, 2050-ci ilə qədər isə on dəfə artım planlaşdırılır.