“Sürücülərin əksəriyyətində buzlu yollarda avtomobil idarə etməklə bağlı təcrübə yoxdur. “Nə olar, olar” deyib yola çıxırlar və nəticədə qəzaya səbəb olurlar”.
Bu sözləri Lent.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Qış mövsümü ilə əlaqədar hər bir sahədə insanlar müəyyən tədarük görürlər. Qarlı və şaxtalı havanın təsirsiz ötüşmədiyi şəxslər sırasında avtomobil sürücüləri də var. Qarın nəticəsində meydana gələn buz və palçıqlı yollarda təhlükəsiz hərəkəti təmin etmək üçün sürücülər nələrə diqqət etməlidir?
Elməddin Muradlının mövzu ilə bağlı fikirlərini sizə təqdim edirik:
“Hava haqqında məlumat əvvəlcədən həm sürücülər, həm də piyadalar üçün bir xəbərdarlıqdır. Bu baxımdan hər bir hərəkət iştirakçısı qaydalara əməl etməyə borcludur. Sürücülərin bəzilərində bu prosesə yanaşma fərqlidir”.
Onun sözlərinə görə, Bakıya çox qar yağmadığı üçün sürücülərin əksəriyyətində belə hava şəraiti ilə bağlı təcrübə yoxdur:
“Nə olar, olar" deyib yola çıxanların arasında taksi sürücüləri də var. Belə sürücülər adi bir sürüşkən yolda özlərini itirirlər və nəticədə qəza baş verir. Ona görə də qarlı havada, yollar buz bağladığı zaman avtomobilinin xarakteristikasına, təkərlərinə güvənməyən sürücülər yola çıxmamalıdır”.
Bəs bu cür hava şəraitində taksilərə ümid olan sərnişinlər? Onlar sifariş etdikləri taksinin etibarlı olub-olmadığını öncədən müəyyən edə bilərmi?
Nəqliyyat eksperti bildirib ki, vətəndaş bunu əvvəlcədən heç cür aydınlaşdıra bilməz:
“Sərnişin yalnız avtomobilə mindikdən sonra onun yollarda hərəkətini izləyə və nasaz olub-olmadığını başa düşə bilər. Ona görə də əsas məsuliyyət sürücülərin üzərinə düşür. Yola çıxmamışdan öncə avtomobil yoxlanmalı və ehtiyatlı sürülməlidir. Sürücülər özlərini düşünmürlərsə, heç olmasa daşıdıqları sərnişinlərin həyatına önəm versinlər".
Xatırladaq ki, ölkə ərazisində havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.