Bu cür satılan çörək sağlamlığa təhdiddir - AÇIQLAMA
12 dekabr 2020 14:10 (UTC +04:00)

Bu cür satılan çörək sağlamlığa təhdiddir - AÇIQLAMA

"Çörəyin keyfiyyəti, açıq daşınması ilə bağlı hər gün Azad İstehlakçılar Birliyinə müraciətlər daxil olur".

Bu barədə Lent.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, istənilən məhsul, o cümlədən çörək tarladan istehlakçının masasına çatana qədər qida zəncirində çoxlu çirklənmə riski yaşayır:"Onlardan biri də satışda çörəyin açıq satılması həlqəsidir. Bu sahədə problem yaşanır.

Nazirlər Kabinetinin neçə il əvvəl qəbul olunmuş 94 saylı qərarında göstərilir ki, Azərbaycanın əmtəə bazarında satılan bütün qidalar bükülməlidir və üzərində məlumatlar yazılmalıdır.

Lakin xüsusilə regionlarda, eləcə də hətta bəzi böyük marketlərdə çörəyin açıq satıldığını görürük.
Bizə gələn istehlakçı şikayətlərində o da deyilir ki,  nəyə görə marketlərdə çörək ən aşağı rəflərə qoyulur. Çörək həm müqəddəs qida olduğundan, həm də  insanların ayaq tozunun altında olmaması üçün yuxarıda qoyulmalıdır". AİB sədri çörəklə bağlı bir məsələdə istehlakçını günahlandırmağın mümkünlüyünü vurğulayıb.

Belə ki, Azərbaycan istehlakçılarının isti çörəyə üstünlük verməsi bir sıra problemlərə səbəb olur:"İsti çörək qablaşdırma zamanı, xüsusilə selofana qablaşdırılan zaman sıradan çıxır, xarab olur . Ona görə də bəzi istehsalçılar istehlakçının bu səhv tələbini nəzərə alaraq, çörəyi açıq daşımağa üstünlük verirlər.

Mağazaların içində olan təndirlərin də əleyhinəyəm. Bişirilir və birbaşa istehlakçıya ötürülür. Bu cür isti çörək isə insanlarda mədə-bağırsaq xəstəliklərinin yaranmasına rəvac verir. Bu çörəklər də açıq satılır və mağazanın içində də antisanitariya vəziyyəti yaradır".

E.Hüseynov bildirib ki, mükəmməl olan çörək zavodları var ki, AİB orada ictimai nəzarət həyata keçiririr: "Bəzi zavodlar çörəyi yarıaçıq kağız torbalara qablaşdırırlar. Düşünürəm ki, belə yaxşıdır. İstehlakçıda mədəniyyət formalaşmalıdır ki, açıq və yarıaçıq çörəyi əlləri ilə yoxlamasın.  İnsanların çörəyi yoxlaması üçün marketlər xüsusi əlcəklər də qoya bilərlər. Xususilə, koronavirus dövründə çörəklərin açıq satılması yolverilməzdir".

AİB sədri çörəyin daşınmasına da toxunub:"Çörəyin daşınmasında da problemlər var. Çox zaman səhərin erkən saatlarında arxası kəsilmiş antisanitar avtomobillərdə, bəzən oturacaq yerlərində necə gəldi daşınır.

Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilərsə, insanlar çörəyi, əti qablaşdırılmış şəkildə alar. Problem olanda isə onu istehsal edən firma ilə əlaqə saxlaya və şikayətlərini bildirə bilərlər. İstənilən halda problemlə üzləşən istehlakçıların Qida Təhlükəsizliyi Agentliyinin 1003 telefon xəttinə məlumat vermələrini tövsiyə edirəm". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Aygün İbrahimli

Oxşar yazılar