Azərbaycanda hibrid maşınlar niyə bəyənilmir? - Ekspert AÇIQLADI
20 may 2021 22:11 (UTC +04:00)

Azərbaycanda hibrid maşınlar niyə bəyənilmir? - Ekspert AÇIQLADI

Son illər dünyada hibrid avtomobillərin istismarına daha çox üstünlük verilir. Bu isə onların həm yanacaq sərfiyyatı baxımdan qənaətcil, həm də ekoloji təmiz olmaları ilə əlaqədardır. Düzdür, Azərbaycanda da həmin maşınlara tələbat demək olar ki, artıb. Ancaq əksər sürücülər hibridlərin keyfiyyətsiz olduğunu dilə gətirir.

Bəs görək, ekoloji baxımdan təmiz, yanacaq sərfiyyatı qənaətcil olan avtomobilləri Azərbaycanda gözdən salan nədir?

Mövzu ilə bağlı Lent.az-ın sualına avtomobillər üzrə eksperti Eldəniz Cəfərov aydınlıq gətirib. Onun sözlərinə görə, problemli hibridlər əsasən, ABŞ istehsalı olan maşınlardır:

Avtomobil eksperti Eldəniz Cəfərov

“Problem yaranan hibrid avtomobillər ABŞ-ın istehsal etdikləridir. Xüsusən də, 2008-ci il buraxılışlarında daha çox nasazlıq yaranır. Amma Azərbaycanda rəsmi distrübüterlərin təklif etdiyi hibridlərin servisi yaxşı təşkil edilir. Bu servislərin işində çatışmazlıq yoxdur. Distrübüterlərin təklif etdiyi hibrid avtomobillərin kifayət qədər ustaları da, ehtiyat hissələri də var. Azərbaycanda sürülən maşınlar Avropa spesifikasiyasına aiddir. İdxal olunanlar da məhz Avropa standartları üçün hazırlanan avtomobillərdir. İstehsalçılar isə Yaponiya, Cənubi Koreya və Avropa ölkələridir.

Bu gün istehsal olunan hibridlər ən qabaqcıl texnologiyalara və bütün standartlara cavab verir. Bir daha qeyd edim ki, Azərbaycanda hibrid maşınların servisləri yüksək səviyyədə təşkil olunur. Vətəndaşlar çəkinmədən və keyfiyyətə şübhə etmədən hibrid avtomobillər alıb sürə bilərlər. ABŞ, Yaponiya və digər ölkələrdən avtomobil almaqda problem yoxdur. Sadəcə olaraq, tövsiyə edirəm ki, bu işi peşəkar mütəxəssislərlə birgə etsinlər və avtomobilin bütün texniki sazlığına nəzər yetirsinlər. Xarici sığorta şirkətləri satış zamanı maşının tarixçəsini də təqdim edirlər. Məlumatları həmin tarixçədən öyrənmək olar. Bundan əlavə, Azərbaycandakı rəsmi distrübüterlərdən də maşın almaq məsləhətlidir”.

Ekspert Azərbaycanda avtomobillərin kredit şərtlərinin çətin olmasından da söz açıb:

“Avtomobil alıcılarına tövsiyə edirik ki, məhz Avropa standartlarına uyğun olan maşınları alıb gətirsinlər. Bundan əvvəl də müraciət etmişdik ki, Gürcüstanda vurulan, yararsız olan avtomobilləri gətirməsinlər. Təəssüf ki, vətəndaşlarımız əlində olan pula Gürcüstandan köhnə və yararsız maşın alıb gətirirlər. Bunun da bir sıra səbəbləri var. Kredit şərtləri və faizlər həddən artıq yuxarı olduğu üçün vətəndaşlar əlində olan 10-15 min manata Gürcüstandan maşın almağı üstün bilirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3264
avatar

Mehman Nəbiyev

Oxşar yazılar