Avropada doğum səviyyəsi  1961-ci ildən bəri rekord həddə  azalıb
06 dekabr 2024 16:47 (UTC +04:00)

Avropada doğum səviyyəsi 1961-ci ildən bəri rekord həddə azalıb

Avropa İttifaqında doğulan uşaqların sayı 2023-cü ildə rekord həddə aşağı düşüb. 

Lent.az-ın bildirdiyinə görə, “Financial Times” xəbər verir ki, bu, regionun demoqrafik problemlərinin ciddiliyini vurğulayır. 

Keçən ay yenilənən məlumatlara görə, 2023-cü ildə Avropa İttifaqına üzv 27 ölkədə 3 milyon 665 min uşaq dünyaya gəlib. Qeyd olunur ki, bu, 1961-ci ildən bəri ən aşağı göstəricidir.

Avropa İttifaqında doğum səviyyəsi 2022-ci ilə nisbətən 5,5 faiz aşağıdır. Nəşr vurğulayır ki, bu, bütün müşahidələr tarixində ən böyük illik azalmadır.

Həmçinin, 2023-cü il göstəricisi “Eurostat”ın uzunmüddətli demoqrafik proqnozundan aşağı olub, buna görə regionda 4 milyon uşaq doğulmalı idi.

Jurnalistlər xatırladıblar ki, 1960-cı illərin ortalarında Avropa İttifaqında doğum səviyyəsi pik həddə çatıb. O zaman 7 milyon uşaq dünyaya gəlib, lakin sonradan bu rəqəm sürətlə azalmağa başlayıb.

Nəşrin əlavəsinə görə, ekspertlər hesab edirlər ki, doğum səviyyəsinin azalması dövlət maliyyəsinə böyük təzyiq göstərəcək, çünki əmək qabiliyyətli əhalinin sayı azalacaq, səhiyyə və pensiya xərcləri artacaq.

“İnsanların yaşadıqları qeyri-müəyyənliklər, məsələn, işin təminatsızlığı, yaşayış və mənzil qiymətlərinin artması, COVID-19 pandemiyası, geosiyasi gərginliklər və iqlim dəyişikliyi də daxil olmaqla çoxsaylı qlobal böhranlar fərdi reproduktiv qərarlara mənfi təsir göstərə bilər”, - BMT-nin əhali məsələləri üzrə rəsmisi Quanyuy Çjan deyib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Villem Adema jurnalistlərə bildirib ki, indi gənclərin əmək və mənzil bazarında özlərini reallaşdırması əvvəlkindən daha çətindir.

Romadakı Luis Universitetinin demoqrafiya professoru Mariya Rita Testa əmindir ki, indi avropalılar arasında uşaq sahibi olmaq qərarına beynəlxalq səviyyədə siyasi və iqtisadi gərginliklə bağlı olan yeni amillər təsir edir.

Bundan əlavə, Eurostat Avropa İttifaqında qadınların daha gec yaşlarda uşaq sahibi olmağa başladığını müəyyən edib. Qeyd olunur ki, 2022-ci ildə ilk övladını dünyaya gətirən qadınların orta yaşı 30-a yaxın olub.

Ekapertlərin sözlərinə görə, uşaqların doğum səviyyəsinin azalması tendensiyası daha çox İtaliya, İspaniya, Yunanıstan, Polşa, Finlandiya və Baltikyanı ölkələrdə özünü göstərir. Onlar vurğulayıblar ki, son on ildə orada doğulanların sayı ən azı dörddə bir azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar