Boşananda  azyaşlı uşaq   kimin yanında qalır? - CAVAB
20 oktyabr 2025 13:21 (UTC +04:00)

Boşananda azyaşlı uşaq kimin yanında qalır? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual boşanma zamanı azyaşlı uşağın hansı valideynlə qalması ilə bağlıdır.

Lent.az xəbər verir ki, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını müəyyən edən saziş təqdim edə bilərlər.

Uşaqların kimin yanında qalması barədə ər-arvad arasında belə saziş olmadıqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Bu halda, əgər valideynlər arasında razılıq yoxdursa, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın yaşından çox şey asılıdır. Bir qayda olaraq, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s.

Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar