32 yaşlı sərkərdə, üsyançı qadınlar, 35 il sonrakı xain qisas - CÜMHURİYYƏTİN SON QALASI
25 may 2020 12:21 (UTC +04:00)

32 yaşlı sərkərdə, üsyançı qadınlar, 35 il sonrakı xain qisas - CÜMHURİYYƏTİN SON QALASI

Bu gün bolşeviklərə qarşı Gəncə üsyanının başlanmasından 100 il ötür. Lent.az tarix üzrə fəlsəfə doktoru Cavid İsmayılın Gəncə üsyanının tarixi ilə bağlı iki il əvvəlki məqaləsini yenidən yayımlayır. 

 

Quzey Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin adı Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən qırmızı hərflərlə keçir. Cavad xan yurdunun yetişdirdiyi milli təfəkkürlü ziyalılar - Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov, İsmayıl xan və Adil xan Ziyadxanovlar, Xudadat bəy Rəfibəyli, Şəfi bəy Rüstəmbəyli, Məmmədbağır bəy və Nağı bəy Şeyxzamanlılar Cümhuriyyətin qurulmasında mühüm rol oynayıblar. Gəncənin taleyinə təkcə Şərqin ilk demokratik respublikasının ilk paytaxtı olmaq yox, eyni zamanda son istehkamı olmaq da yazılıbmış. Bəli, söhbət Gəncə üsyanından - bolşevik işğalına qarşı qanla yazılan qəhrəmanlıq dastanından gedir.

 

Üsyan hazırlıqları

 

Bolşevik işğalı ərəfəsində müqavimət tərəfdarı olan Cümhuriyyət liderlərinin planlarında Gəncə xüsusi yer tuturdu. Bu, təsadüfi deyildi. Çünki Gəncənin tarix boyu məlum olan üsyankar ruhu, bir sıra görkəmli Cümhuriyyət liderlərinin əslən Gəncədən olması və Bakı işğaldan azad olunana qədər hökumətin bu şəhərdə yerləşməsi gəncəlilərə inamı birə-beş artırırdı. Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının sədri Nağı bəy Şeyxzamanlı (Keykurun) xatirələrində yazırdı: "Hökumətimiz işğal ərəfəsində son olaraq belə bir qərar verir: hökumət təcili olaraq Bakıdan Gəncəyə çəkiləcək və Qızıl Ordu ilə müharibəyə Gəncədən başlanacaq. Bunun təmin edilməsi üçün maddi vəsaitə ehtiyac var idi. Təcili olaraq Azərbaycan dövləti Mərkəzi Banka Gəncə şöbəsinə 100 milyon manat göndərilməsi əmrini verir. Pullar sandıqlara qablaşdırılır və vağzala aparılaraq vaqonlara yüklənir. Qatar hərəkət edən anda Parlamentin mühafizə alayından qısaboylu türkiyəli zabit olan Xalid başında əlli-altmış silahlı dəstə üzvü vağzala gələrək, qatarın hərəkətinə mane olur".

 

Dövlətin xəzinəsini Gəncəyə köçürmək planı baş tutmasa da, bolşevik işğalından sonra istiqlal fədailərinin əksəriyyəti bu şəhərə axışırdı. Çünki Qafqaz İslam Ordusunun komandanı Nuri Paşanın və onun təlimçilərinin köməyi ilə yaradılan ilk milli alayımız və Cümhuriyyətin Müdafiə Nazirliyi məhz Gəncədə yerləşmişdi.

 

Gəncəyə müqavimətsiz daxil olan işğalçı rus ordusu ilk olaraq şəhərin komendantı Məhəmməd Mirzə Qacarı vəzifəsindən azad etdi. Ardınca I piyada diviziyasının rəisi, Əliağa Şıxlinskinin qardaşı oğlu, general-mayor Cavad bəy Şıxlinski və III süvari alayının rəisi, polkovnik Cahangir bəy Kazımbəyli istefaya göndərildilər. Bundan arxayınlaşan bolşeviklər və onların kölgəsində at oynadan ermənilər şəhəri çapıb-talayır, buna etiraz edənləri ya həbs edir, ya da sorğu-sualsız güllələyirdilər. Cəmi iki il əvvəl böyük arzularla elan edilən istiqlal qan içində boğulurdu. Bu səbəbdən əsəblər tarıma çəkilmişdi. Gəncə bir qığılcımdan partlamağa hazır olan barıt çəlləyini xatırladırdı. Belə bir qığılcım isə özünü çox gözlətmir - polkovnik Cahangir bəy Kazımbəyli Qazaxdan Gəncəyə varid olur.

 

Cahangir bəy kim idi?

 

Cahangir bəy Kazımbəyli 1888-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Öncə Gəncə gimnaziyasında təhsil almış, sonradan Peterburqdakı hərbi məktəbi müvəffəqiyyətlə bitirmişdi. Çar Rusiyası ordusunun sıralarında Birinci Dünya müharibəsində (1914-1918-ci illər) iştirak etmişdi. Xalq Cümhuriyyəti elan olunduqdan sonra Azərbaycan Ordusunda xidmətə başlayan Cahangir bəy Kazımbəyli 1920-ci ilin əvvəllərində 3-cü süvari alayının komandiri təyin olunmuşdu.

 

Üsyan necə başladı?

 

Professor Xaləddin İbrahimli "Azərbaycan mühacirəti tarixi" əsərində yazır ki, 1920-ci il mayın 22-də Cahangir bəy Kazımbəylinin təşəbbüsü ilə hərbçilərdən bir qrupu hələ bolşeviklərin əlinə keçməmiş Nüzgar kəndinə toplaşdı. Burada silahlı üsyana qalxaraq dəmir yolunu tutmaqla Bakı ilə Qərb bölgəsinin əlaqəsini kəsmək, oradakı Qızıl Ordu birləşmələrinin geriyə - Azərbaycanın içərilərinə hərəkətinin qarşısını almaq, nəhayət, bolşevik hakimiyyətinə son qoymaq qərara alındı.

 

Əhməd İsayev "Gəncə və gəncəlilər" əsərində bildirir ki, müşavirədə Qaçaq Qasım, Sarı Ələkbər, Qaçaq Qənbər və silahlı dəstələrin digər başçıları iştirak edirdilər. Orada döyüş əməliyyatının vaxtı, yeri və üsulları müəyyən edildi. Qərara alınır ki, Bağmanlar tərəfdən hücuma keçən silahlı dəstələr Gəncə çayını keçərək şəhərin ermənilər yaşayan məhəlləsində yerləşən Qızıl Ordu rotasını dağıtsın. Bu, üsyanın başlanma planı idi.

 

Müşavirələr sonrakı günlərdə də davam edir. Cahangir bəy 1953-cü ildə ABŞ-da çıxan "Azərbaycan" jurnalının 12-ci sayında çap olunan xatirələrində o günləri belə təsvir edir: “Mayın 25-i səhər saat 6-da üsyanın gələcək planını müzakirə etmək üçün ümumi yığıncaq çağırdım. Adyutantımı I Azərbaycan diviziyasının komandiri, general Cavad bəy Şıxlinskinin, baş intendant, Azərbaycan Ordusunun generalı Məhəmməd Mirzə Qacarın və diviziya komandiri, general Teymur bəy Novruzovun dalınca göndərdim. Əvvəlki iki general adyutantın müşayiəti ilə gəldilər, Teymur bəy Novruzov isə evdə tapılmadı. Qərargaha gələn generalları toplantı iştirakçıları hərarətlə qarşıladı. Mən küçəyə toplanan izdihamı güclə sakitləşdirdim. Bu yığıncaqda ümumi rəhbərlik və yerli hakimiyyət orqanlarının təşkili Məhəmməd Mirzə Qacara həvalə olundu. General Şıxlinskiyə artilleriyaçı kimi bolşeviklərdən qənimət götürülmüş artilleriyanı və bolşeviklər tərəfindən korlanmış Azərbaycan artilleriyasını hazırlamaq və artilleriyaçılara ümumi rəhbərlik, mənə isə öz polkuma və partizan dəstələrinə rəhbərlik etmək tapşırıldı”.

 

Bu dövrdə Sovet hakimiyyətinin işləri Qarabağda da çox pis gedirdi, hətta bəzi kəndlərdə yerli əhali əsgərlərin köməyi olmadan bolşevikləri qova bilmişdi. Gəncə üsyanının rəhbərləri əsasən Qarabağda yerləşən milli ordu birləşmələri ilə əlaqə yaratmaq üçün bölgəyə iki nəfər zabit göndərdi. Bolşeviklərlə mübarizədə Gürcüstanla fəaliyyət birliyinə nail olmaq məqsədilə Tiflisə Gəncədə gizli yaşayan iki gürcü polkovniki də yola salındı. Bir tərəfdən Gürcüstan Respublikasının, digər tərəfdən isə Zaqatala, əsasən də Qarabağdakı Milli Ordu birliklərinin yardımına arxalanan gəncəlilər üsyanın uğur gətirəcəyinə inanırdılar. Şəhərdəki hərbi hissələr xəlvəti döyüşə hazırlıq vəziyyətinə gətirilir, hiss olunmadan təlim məşqləri keçirilirdi.

 

Tiflisə göndərilən gürcü zabitlər Cümhuriyyət dövründə Əksinqilabla Mübarizə Təşkilatının sədri Nağı bəy Şeyxzamanlını (Keykurun) müşayiət edirdilər. Nağı bəy o günləri belə xatırlayır: "Ertəsi gün iki yoldaşla bərabər Gürcüstanın o zamankı daxili işlər naziri Ramişvilinin qəbuluna getdik. Ona, bolşeviklərə qarşı üsyan edəcəyimizi dedik və bizə nə kimi kömək edə biləcəklərini soruşduq. Ramişvili bizə "Siz bilirsiniz ki, bizim sosialist bir hökumətimiz var. Ruslarla anlaşa bilmədiyimizdən, sizin bolşeviklərə qarşı edəcəyiniz üsyanı müdafiə edə bilmərik" dedi".

 

İlk plana görə, üsyana mayın 28-də - Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümündə başlanılmalı idi. Cahangir bəy Kazımbəyli üsyanın başlaması tarixini milli istiqlal günümüzlə eyni günə təsadüf etməsinin zəruriliyindən bəhs edərək yazırdı: “Biz tələf olarıq, lakin düşmən də qalib gəlmədən öncə yüzlərlə və minlərlə şəhidin cəsədləri üzərindən yürüsün. 28 May yalnız milli istiqlalımızın elan günü kimi deyil, Vətən uğrunda şəhid verdiyimiz gün kimi də tariximizə yazılmalıdır. 28 May günündə düşmənə cavabımız ruhumuzun yüksəkliyinin, mənəvi qalibiyyətimizin simvolu olacaqdır”.

 

Lakin bolşeviklərin üsyan hazırlıqlarından xəbər tutması üsyançıları planlarında dəyişiklik etməyə vadar edir. Professor Xaləddin İbrahimli yazır ki, hadisələrdən duyuq düşən qızıl ordu hissələri mayın 25-dən 26-a keçən gecə Azərbaycan diviziyası əsgərlərinin qərargahlarına hücuma keçdilər. Bu həmlə dəf olunduqdan sonra əsgərlər əks-hücumla şəhərin müsəlmanlar yaşayan hissəsindəki XΙ ordu qruplaşmalarını tərksilah edərək, 600 nəfərdən ibarət şəxsi heyəti əsir götürdü.

 

Beləliklə, Azərbaycan Ordusunun 32 yaşlı polkovniki Cahangir bəy Kazımbəylinin başçılığı ilə Gəncədə bolşevik işğalına qarşı üsyan başlayır. İlk olaraq şəhərin strateji nöqtələri - fövqəladə komissarın qərargahı və şəhər həbsxanası ələ keçirilir, gecə ikən məhbuslar həbsxanalardan azad edilir, şəhər əhalisi silahlandırılır və döyüşən qüvvələrin sayı 10 min nəfərə çatdırılır. Şəhərin müsəlmanlar yaşayan məhəllələri ruslardan tam azad edilir, yerli qarnizonun hərbi cəbbəxanası və şəhərin dəmir yolu stansiyası bolşeviklərdən geri alınır. Gəncədə sovet hakimiyyətinin devrildiyi elan olunur.

 

Mayın 27-də Nəriman Nərimanovun başçılıq etdiyi Azərbaycan Hərbi İnqilab Komitəsi kömək üçün xalqa müraciət edir və xüsusi səlahiyyətli Fəhlə-Kəndli Şurası yaradır. Həmin vaxt Ağstafada olan Sovet Azərbaycanının daxili işlər komissarı Həmid Sultanov eyni zamanda Gəncə quberniyası üzrə fövqəladə komissar təyin edilir.

 

Rəna Bayramova "Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr" əsərində yazır ki, üsyan başlanan zaman şəhərin erməni əhalisi Yelenendorf (indiki Göygöl) istiqamətində XI Ordu tərəfindən çox həvəslə vuruşurdu. Bu səbəbdən üsyançılar erməni məhəllələrini öz nəzarətləri altına ala bilmədilər.

 

Mayın 28-də XI Qızıl Orduya xeyli hərbi qüvvə - M.Q.Yefremovun komandanlığı ilə zirehli qatarlar qrupu, P.V.Kurışkonun 18-ci süvari diviziyası, M.D.Velikanovun komandanlıq etdiyi 20-ci atıcı diviziyasından ibarət güclü hərbi birləşmələr köməyə göndərilir. Bakını işğal edən Yefremovun "III İnternasional" zirehli qatarı Gəncə üzərinə od yağdırır. Şəhər aramsız pulemyot atəşinə məruz qalsa da, üsyançılar ciddi müqavimət göstərirlər. Operativ idarənin rəisi V.Voronkovun ordu qərargahına verdiyi məlumatda deyilirdi: "Şəhərin yarısı artilleriya zərbəmizlə dağıdılmışdı". Bombardmanlar nəticəsində general Cavad ağa Şıxlinski yaralanır.

 

Mayın 29-da ruslar şəhərin bir neçə məhəlləsinə soxulsalar da, üsyançılar tərəfindən geri oturduldular. Artıq küçə döyüşləri başlamışdı ki, burada da üstünlük az qala hər dalana, hər tinə bələd olan gəncəlilərin tərəfində idi.

 

Xanlar Bayramov “Gəncə üsyanı” əsərində yazır ki, mayın 29-da yağan leysan yağışlar hər iki tərəfin vəziyyətini çətinləşdirsə də, bolşeviklərə gələn əlavə qüvvələr onları vəziyyətdən çıxarır. Bolşeviklərin tabeliyindəki 178-ci alay bu vəziyyətdən istifadə edib müsəlmanlar yaşayan tərəfə hücuma keçmək istədikdə üsyançıların üç pulemyotçusu tərəfindən atəşə tutulurlar. Onlarca bolşevik əsgəri suda boğularaq ölür və həmin gün onlar geri çəkilir. Bunu görən bolşevik qoşunlarının komandiri Velikanov 179-cu alayı da onların köməyinə göndərir.

 

Mayın 30-u nisbətən sakit keçir. Amma bu, tufanqabağı sakitlik idi. Həmin gün bolşeviklər Gəncəyə əlavə qüvvələr - 5 atıcı, 6 süvari alay, 7 əlahiddə hissə, 57 top və 2 zirehli maşın göndərirlər.

 

Mayın 31-də XΙ ordu şimal istiqamətindən şəhərə şiddətli hücuma başlayır. Əvvəlcə üzümlüklərdə gedən döyüşlər yavaş-yavaş şəhərin ucqar məhəllələrinə keçir. Artıq üsyançılar ev uğrunda mübarizə aparır, düşmən tərəf isə atəş gələn evləri top mərmiləri ilə yerlə-yeksan edir. Ermənilər daha da fəallaşaraq, dağıntı və tələfat törədir, fürsətdən istifadə edib müsəlman əhalini qırırlar. Göstərilən sərt müqavimətə baxmayaraq, mayın 31-i axşama yaxın şəhər XΙ ordunun nəzarətinə keçir.

 

Sovetlərin etirafı

 

Sovet dövründə Gəncə üsyanı barədə həqiqətlər uzun illər ört-basdır edilib. Bolşeviklər üsyanı "müsavatçıların anti-sovet Gəncə qiyamı" kimi təqdim etməklə onun miqyasını kiçiltməyə çalışıblar. Bəs əsl həqiqət necə idi?

 

Gəlin, 1 iyun 1920-ci il tarixli "Gəncədə əksinqilabi qiyamın yatırılması haqqında ordu qərargahı əməliyyat idarəsinin məlumatı"nı oxuyaq:

 

“Mayın 25-dən 26-na keçən gecə Gəncədə bəy-xanların və bəzi general dəstəsinin başçılığı ilə bizim hissələrimizə hücum təşkil olunmuşdu. Üsyançılar... tez bir zamanda şəhərin tatarlar (azərbaycanlılar - red.) yaşayan bütün hissəsini tutaraq iki artilleriya anbarını ələ keçirdilər, Gəncə stansiyasını mərmi ilə darmadağın etdilər. Bizə bütün ətraf kəndlərdən bandaların hücumlar olurdu ki, onların da şiddətinin hüdudu yox idi. Mayın 29-da hərtərəfli hücumumuz müvəffəqiyyət qazanmadı. Mühasirəyə alınmış bəylər və xanlar öz əlaltıları ilə qəti müqavimət göstərərək bizə böyük tələfat yetirdilər. Qızıl əsgərlərin qəzəbi artır və güclənirdi, amansız hücumun uğursuzluğunda bizim zəifliyimizi görən üsyançılar eyni vaxtda həm şəhərin erməni hissəsinə, həm də stansiyaya sürətli hücuma keçdilər. Onlar hərbi hissəmizi güclü artilleriya atəşinə tutaraq bizə xeyli ziyan vurdular.

 

Mayın 31-i sübh tezdən hissələrimiz qəti hücuma keçdi. Düşmənin şiddətli əks-hücumlarını dəf edərək onu bütün mövqelərdən vura-vura küçələrdə dəhşətli döyüş gedən şəhərə daxil olduq. Üsyançılar öz mövqelərini möhkəm qoruyurdular və nəhayət, bizim çox şiddətli artilleriya atəşimizdən yarıya qədər dağılmış Gəncənin taleyi artıq həll olunanda üsyançı banda çaxnaşma içində şəhərdən çıxış yolunu axtarmağa üz tutdu”.

 

Üsyanın yatırılmasındakı xidmətlərinə görə Sovet Azərbaycanının daxili işlər komissarı Həmid Sultanov "III İnternasional" zirehli qatarının komandiri M.Q.Yefremovun təklifi ilə Azərbaycan SSR-in Qırmızı Döyüş Bayrağı Ordeni ilə təltif olunur. Bir müddət əvvəl Bakını işğal edən XI Qızıl Ordunun komandiri Levandovskiyə üzərində "minnətdar Azərbaycan xalqından hədiyyə" yazılmış qılınc hədiyyə edən Azərbaycan Hərbi İnqilab Komitəsinin sədri Nəriman Nərimanov M.Q.Yefremovun özünü də bir nömrəli Qırmızı Döyüş Bayrağı Ordeni təltif edir - “Burjua-müsavat hökumətinin ürəyinə ölümcül zərbə vurduğuna görə”.

 

Üsyan liderinin taleyi

 

Mayın 31-də üsyan yatırılsa da, gəncəlilər daha bir neçə gün müqavimət göstərir. Bu fakt Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin qaynı, general Hüseynqulu xan Xoyskinin oğlu Zahid xan Xoyskinin də xatirələrindən bəlli olur: “Üsyan məğlub olanda – iyunun 3-dən 4-nə keçən gecə xalqı qırğından qorumaq üçün üsyanın rəhbəri, mənim yeznəm, polkovnik Cahangir bəy Kazımbəyli XI ordunun cənub cəbhəsini yarıb xalqın dağlara çəkilməsinə yardım etdi. Məni, anam Şirinbəyim xanımı, bacılarım Sima və Valiyəni, 6 aylıq oğlu Abbası və qardaşım İsgəndər xanı 2 faytonda 20 silahlı əsgərin müşayiətilə dağ yolları ilə Qazaxın Qıraq Kəsəmənli kəndinədək apardı”.

 

Daha sonra Cahangir bəy başda olmaqla hərbçilərdən bir qrupu Bərdə istiqamətinə, oradan da Qarabağın içərilərinə irəliləyərək, Nuri Paşanın hərbi birləşmələrinə qoşuldu.

 

Anar Turan və Ceyhun Bayramlının yazdıqlarına görə, Gəncə üsyanının uğursuz taleyi ömrü boyu Cahangir bəy Kazımbəylinin qəlbini göynədirdi. 1953-cü ildə ABŞ-da çıxan “Azərbaycan” jurnalının 12-ci nömrəsində o yazırdı: “Yeddi günlük aramsız döyüşlər adamları yormuş, hər bir əsgər və partizanın çöhrəsində dərin iz qoymuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən usanmış halda mən gecə-gündüz daha təhlükəli yerlərə baş çəkir, döyüşçülərdə ruh yüksəkliyini saxlayır və onları növbəti mübarizəyə həvəsləndirdim. Məqsədim artıq qələbə deyildi. Gəncə yaxınlığında cəmləşən və zaman-zaman yeni qüvvələrlə gücləndirilən ordunun darmadağın edilməsi xam xəyal idi. Yeganə məqsədim o idi ki, düşmən daha çox itki versin. Bu məqsədə çatmaq üçün son imkanlara qədər vuruşmaq lazım idi...

 

Düşmən həqiqətən də çoxlu itki verirdi. Son günlər xüsusilə ağır idi. Şəhəri hər tərəfdən mühasirəyə alan və getdikcə daralan həlqə ilə irəli can atan düşmənin kütləvi hücumları, hər tərəfdən eşidilən şiddətli artilleriya, pulemyot və tüfəng atəşlərinin gurultusu, rotaların və partizanların daha təhlükəli cəbhə bölgələrində yerləşdirilməsi, düşkünləşmiş döyüşçüləri ruhlandıran və onları növbəti mübarizəyə səsləyən silahlı qadınların döyüş mövqelərində görünməsi sarsıdıcı və unudulmaz təəssürat oyadırdı”.

 

Sonradan Cahangir bəy Kazımbəyli müsavatçıların köməyi ilə Gürcüstandan keçməklə Türkiyəyə qaçırılır, oradan Polşaya gedir. Burada o, Polşa ordusuna daxil olub diviziyaya komandirlik edir. 1939-cu ildə Varşavanın müdafiəsində iştirak edib, almanlara əsir düşür. Müharibədən sonra İtaliyaya köçür. Sonra İstanbula gəlir. 1954-cü ildə Almaniya Federativ Respublikasının Münhen şəhərinə gedir. Burada azərbaycanlıların birliyini yaratmaq üçün onlar arasında təşkilati-siyasi söhbətlər aparır, Almaniyada Azərbaycan Mərkəzini yaradır. "Azadlıq” radiosunda fəaliyyətə başlayan Kazımbəylinin dünya azərbaycanlılarını mübarizəyə səsləyən çağırışları yenidən sovet kəşfiyyatını təcili tədbirlər görməyə vadar edir. O, Gəncə üsyanından 35 il sonra - 1955-ci ilin yazında sovet kəşfiyyatının əli ilə Berlində xaincəsinə qətlə yetirilir. Belə ki, bir qadın tərəfindən gediş-dönüş təyyarə bileti göndərilən Cahangir bəy onunla bir restoranda görüşdükdən sonra həyatla vidalaşır. Mühacirət mətbuatında ən çox qəbul edilən versiya zəhərlənərək öldürülməsidir.

 

Cahangir bəy Kazımbəyli Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xan Xoyskinin qızı Valiyə xanımla ailə həyatı qurmuşdu. 1947-ci ildə Valiyə xanımla 12 azərbaycanlı hərbçinin olduğu və Türkiyədən Romaya gedən təyyarə Afina yaxınlığında qəzaya uğrayıb. Həlak olan Valiyə xanım və hərbçilər İstanbulda Feriköy məzarlığında dəfn ediliblər. Valiyə xanımın məzarının üzərində yazılıb: "Azərbaycan faciəsinin əziz qurbanı Valiyə Kazımbəyli".

 

Kazımbəylilər ailəsinin Abbas, Mustafa və Əli adında üç övladı olub.

 

Üsyanın qanlı statistikası

 

Gəncədə baş verən qanlı döyüşlərdə tabur komandiri Mirizadə, əcnəbi zabitlər - polyak Stankeviç və alman Hauzen qəhrəmancasına həlak oldular. Üsyan yatırıldıqdan sonra başlanan repressiyada 6 general, 6 polkovnik, 3 mayor və 7 kapitan qətlə yetirildi, ümumi sayı 76 nəfərə çatan hərbçi Narginə aparılaraq, orada güllələndi.

 

Gəncə üsyanının qurbanları arasında general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qənbər, mühəndis Abuzər Rzayev, müəllim Mirzə Abbaszadə və görkəmli ədəbiyyat tarixçimiz Firidun bəy Köçərli də var idi. Sonuncunun edam hökmünü şəxsən Həmid Sultanov təsdiqləmişdi.

 

Gəncə üsyanında tərəflərin itkiləri barədə zaman-zaman müxtəlif rəqəmlər səslənib. Son illər qəbul olunmuş ümumi mövqeyə görə, 12 min nəfərdən çox üsyançı həlak olub, XI Ordu isə 8 min nəfər itki verib. Üsyandan sonra minlərlə gəncəli şəhəri tərk etməyə məcbur olur, şəhər demək olar ki, boşalır. Əhməd İsayev yazır ki, 1916-17-ci illərdə 60291 nəfər əhalisi olan Gəncədə 1923-cü ildə 38800 nəfər yaşayırdı.

 

Üsyanın tariximizdəki yeri

 

Ceyhun Hacıbəyli 1952-ci ildə çapdan çıxmış "Azərbaycan" dərgisində Gəncə üsyanı haqqında belə yazırdı: "Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü".

 

Nağı bəy Şeyxzamanlı xatirələrində haqlı olaraq qeyd edir ki, Gəncə üsyanı adi bir üsyan deyil, başdan-başa bir qəhrəmanlıq dastanı idi: "Tarixdə nadir təsadüf edilən bu üsyanla milli varlığın zalım düşmən qarşısında necə dayandığını gördük".

 

Məhəmməd Əmin Rəsulzadə isə "Azərbaycan Cümhuriyyəti" əsərində Gəncə üsyanına belə qiymət vermişdi: "Çarizmin qəddar generalı knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edə bilmədiyi təcavüzlərə qarşı üsyankar ruhu ilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizionlarını itirdilər. Bakıdan qüvveyi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca, şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşqın nəhr ilə kəsilən əhali müdhiş bir qətliama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı".

 

Gəncə üsyanı ilə yanaşı, Tərtər, Ağdam, Şuşa, Şəki, Zaqatala, Lənkəran və Qubada da bolşevik işğalına qarşı üsyanların baş verdiyini vurğulayan Rəsulzadə yazırdı: "Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq müvərrix (tarixçi - red.) bu üsyanları tədqiq və təfsilatı ilə, əlbəttə, təhrir edəcəkdir. Bu üsyanların bihudə olduğunu və səlaməti-ümumiyyəyə zərər gətirdiyini iddia edənlər var. Fəqət bu üsyanlar dəxi olmasaydı, Azərbaycan xalqı hansı hadisələrlə kəndi namusunu müdafiə etmiş olduğunu isbat edəcəkdi?!"

 

İstifadə olunmuş ədəbiyyat:

 

1. Məhəmməd Əmin Rəsulzadə. "Azərbaycan Cümhuriyyəti"

2. Nağı bəy Şeyxzamanlı. "Xatirələrim"

3. Xanlar Bayramov. “Gəncə üsyanı”

4. Xaləddin İbrahimli. "Azərbaycan mühacirəti tarixi"

5. Əhməd İsayev. "Gəncə və gəncəlilər"

6. Rəna Bayramova "Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr"

7. Anar Turan, Ceyhun Bayramlı. "On yeddi illik mücadilə"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Cavid Cabbaroğlu

Oxşar yazılar