Azərbaycanda ev tikməyin yeni qaydaları hazırlanır – ARAYIŞ
08 avqust 2011 17:21 (UTC +04:00)

Azərbaycanda ev tikməyin yeni qaydaları hazırlanır – ARAYIŞ

Azərbaycanda tikinti və şəhərsalma sahəsindəki münasibətlər vahid məcəllə ilə tənzimlənəcək. Milli Məclisdə hazırlanan Tikinti və Şəhərsalma Məcəlləsində mühüm yeniliklər nəzərdə tutulub. Hələlik layihə şəklində olan bu sənəddə fərdi yaşayış evlərinin tikintisi ilə bağlı proseslər ciddi surətdə sadələşdiriləcək. Məcəllədə nəzərdə tutulan yeni prosedur və normativ qaydalar fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməsinə və istifadəyə verilməsinə imkan verəcək.

Tikinti Məcəlləsi nə üçün lazımdır?

Yeni Məcəllə və burda nəzərdə tutulanlar barədə daha ətraflı məlumat verən Milli Məclisin «İnzibati və hərbi qanunvericilik» şöbəsinin müdir müavini Səyyad Kərimov «Daşınmaz Əmlak» jurnalına bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin hazırlanmasının əsas səbəbi bu sahədə olan vəziyyəti qaydalar əsasında tənzimləməkdir: «Digər məqsəd ictimai və fərdi maraqların balanslaşdırılması əsasında normal tikinti və şəhərsalma fəaliyyətini təmin etməkdir». Tikinti sahəsində islahatlar həmçinin Avropa İttifaqının direktiv tələblərindən biridir. Azərbaycan Aİ-ə üzv olmasa da, Avropaya inteqrasiya baxımından bu sahədə onların təcrübələrindən yararlanmaq çox vacibdir.

Hamının maraqları nəzərə alınacaq

Beləliklə, Tikinti Məcəlləsində ölkəmizin tikinti sektoru üçün bir çox yeni anlayışlar öz əksini tapıb. Məcəllədəki belə yeniliklərdən biri tikinti fəaliyyətinin müəyyən prinsiplərə tabe edilməsidir. Səyyad Kərimov bildirir ki, söhbət tikintinin şəhərsalmaya uyğun aparılmasından, eləcə də tikinti zamanı şəhərin memarlıq baxımından quruluşu və görkəminin saxlanılmasından gedir.
Bu prinsipə əsasən şəhərin memarlıq quruluşunda müəyyən qaydanın yaradılması artıq əvvəldən müəyyənləşir. Tikintiyə icazə veriləndə isə tikilinin layihəsinin bu sxemə uyğun olub-olmamağı yoxlanılır. Bu prinsip şəhərin görkəminin qorunması baxımından çox əhəmiyyətlidir.

Tikinti Məcəlləsində nəzərdə tutulan növbəti prinsip, başlanması nəzərdə tutulan tikinti ilə bağlı ictimaiyyətə əvvəlcədən məlumat verilməsidir. Belə ki, hər hansı tikintinin həyata keçirilməsi müəyyən şəxslərin maraqlarına toxuna bilər. Bu baxımdan məcəllədə tikinti zamanı qonşuların maraqlarının qorunması da əsas götürüləcək.
Məsələn, ərazidə hündür mərtəbəli ev tikilirsə, bu prosesin qonşuluqdakı aşağı mərtəbəli binalarda günəş işığına təsiri və onların işıqlandırılması zamanı yarana biləcək problemlər nəzərə alınmalıdır. Bunun üçün tikintiyə icazə veriləndə həmin tikinti kimin maraqlarına toxuna bilərsə, həmin şəxslər müəyyənləşdirilməli və bu prosesə cəlb edilməlidirlər. Tikintiyə icazə verilib-verilməməyi məsələsi də yalnız onları dinlədikdən sonra həll olunacaq. Tikintiyə o zaman icazə veriləcək ki, onun aparılması həmin şəxslərin maraqlarına toxunmasın. Əks halda isə tikintiyə icazə verilməyəcək, yalnız hüquqların təmin olunması üçün şərtlər yerinə yetirildikdən sonra tikintiyə yol veriləcək.

«Susmaq razılıqdır» prinsipi

Tikinti və Şəhərsalma Məcəlləsində ən maraqlı yenilik fərdi evlərin tikilməsi proseduru ilə bağlıdır: «Fərdi yaşayış evlərinin qısa vaxt ərzində rəsmiləşdirilməli və istifadəyə verilməli olduğunu nəzərə alaraq prosedur və normativ qaydalar vətəndaşların tələblərinə uyğun olacaq». Səyyad Kərimovun sözlərinə görə, Məcəllədə tikintisi üçün icazə tələb olunan və olunmayan obyektlər müəyyənləşib. Birinci qaydada, yəni tikintisi üçün icazə tələb olunan obyektlər birinci və ikinci məsuliyyət dərəcəli obyektlərdir. Buna misal olaraq hündür mərtəbəli yaşayış evlərini göstərmək olar. Bu binalar üçün xüsusi təhlükəsizlik tələblərinə cavab verməsi ilə bağlı məsuliyyət səviyyəsi müəyyən olunub. Belə obyektlərin tikintisi üçün mütləq icazə alınmalıdır. Əgər tikilinin layihəsi şəhərsalma normalarına zidd deyilsə müvafiq qurum 3 ay müddətində icazə üçün cavab verir.
Tikintisinə icazə tələb olunmayan obyektlərə isə fərdi yaşayış evlərini misal çəkmək olar. İndiyədək fərdi evlərin tikintisi üçün müvafiq icra hakimiyyətindən icazə tələb olunurdusa, artıq bu icazə məlumat icraatı ilə əvəz olunub. Amma bu qayda istənilən fərdi ev yox, yalnız mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan yaşayış evlərinə aiddir.
Məsələn, hündürlüyü 12 metrə qədər olan ev tikmək istəyən vətəndaş onun layihəsini hazırlayır və həmin layihəni ərizə ilə birlikdə tikintiyə icazə verən quruma göndərir. Bu proses məlumat xarakterli olduğu üçün məlumatlandırma icraatı adlanır: «Yəni, şəxs tikintiyə icazə verən qurumu məlumatlandırır ki, bu mənim layihəmdir və bu layihəyə uyğun ev tikirəm». Tikintiyə icazə verən qurum layihəni nəzərdən keçirir və yoxlayır ki, şəhərsalma planına uyğun olsun. Layihəni alan qurum 30 gün müddətində tikinti sahibinə iradı varsa, bildirir: «İrad bildirmə tikintiyə icazə verməmək deyil. İrad bildirdəndə müvafiq qurum, layihənin şəhərsalma planına uyğun olmadığını deyə bilər. Bu iradlar da konkret normalara əsaslanmalıdır». İrad əsasında göstəriş tərtib olunur və şəxs bu göstərişi yerinə yetirdikdən sonra işə başlayır. İrad olmadığı halda isə şəxs 30 gün sonra tikintiyə başlaya bilər.

Tikililərin özünə aid tələblər

Qeyd edək ki, Tikinti Məcəlləsində tikiləcək obyektin özünə aid tələblər də müəyyən edilib. Məsələn, tikinti obyekti layihələndirilən zaman müəyyən tələblərə cavab verməlidir. Bura tikilinin yanğın təhlükəsizliyi baxımından davamlı olması, sanitar-gigiyena qaydalarına uyğunluğu, sağlam yaşayış mühitinin təmin olunması aiddir. Bununla yanaşı, binanın istismarına aid tələblər də qoyulub. Bu tələblər istismar zamanı istifadəçilər üçün arzuolunmaz halların qarşısı almaq üçün nəzərdə tutulub. Məsələn, binaya qalxan yollar və pilləkənlər elə tikilməlidir ki, piyadaların sürüşməsinə səbəb olmasın. Yəni bina bədbəxt hadisələrin olma ehtimalından uzaq şəkildə tikilməlidir. Təbii və süni işıqlandırma normaları da qorunmalıdır.
Yeri gəlmişkən, Tikinti Məcəlləsində binaların enerjiyə qənaət olunacaq qaydaya uyğun şəkildə tikilməsi tələbi də əksini tapıb. Qeyd edək ki, bu tələb Avropa Birliyinin direktivlərindən qaynaqlanır. Hazırda binalar tikiləndə onların enerjiyə qənaət edib-etməməyi nəzərə alınmır. Məcəllədə isə bu məsələ tələb kimi qoyulub. Məsələn, binanı elə tikmək tələb olunur ki, burdakı mənzillərdə gündüz vaxtı işığı yandırmaq lazım gəlməsin, yəni təbii işıq lazımi qədər təmin olunsun. Bunun üçün isə pəncərə və divarların ölçüsü buna uyğun olmalıdır. Məcəllədə həmçinin binanın tikildiyi materiallarla bağlı da tələblər qoyulur. Tələblərə əsasən tikinti materialları ekoloji baxımdan zərərsiz olmalı və standartlara cavab verməlidir.

Sosial ədalət prinsipləri

Məcəllədə nəzərdə tutulan yeni prinsiplərdən biri sosial minimumların təmin edilməsidir. Səyyad Kərimov bildirir ki, məsələn, Avropa ölkələrində olduğu kimi bizdə də ictimai iaşə obyektlərində, ümumi istifadədə olan yerlərdə hərəkət imkanları məhdud olan yaşlı və əlil şəxslərin obyektlərə daxil olması üçün xüsusi şərait nəzərdə tutulacaq. Əlverişli infrastruktur ilk növbədə onların yaşadığı binalarda, obyektlərdə yaradılacaq.
Məcəllədəki növbəti prinsip tikinti zamanı ətraf mühitin və ekoloji təhlükəsizliyin təmin olunmasıdır. Məsələn, hazırda tikintiyə icazə verilərkən həmin tikintinin ətraf mühitə, ekoloji tarazlığa təsiri aydınlaşdırılmır. Yeni prinsip bu təsiri qiymətləndirməyi tələb edir. Bu prinsipə əsasən, yolların çəkilməsi, iri obyektlərin tikilməsi zamanı əvvəlcədən ekoloji qiymətləndirmə olmalıdır. Ərazinin bitki və ya heyvanat aləminə zərər vura bilən tikililərə icazə verilməyəcək.
Tikinti Məcəlləsində tikintidə təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetiriləcək. Bu, tikinti fəaliyyəti ilə bağlı yanğın təhlükəsizliyi, əmək təhlükəsizliyi qaydaları, tikintinin özünün təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsini tələb edir.
Yeni Məcəllədə mədəniyyət abidələrinin qorunmasına da yer ayrılıb. Sənədə əsasən tikinti fəaliyyətini həyata keçirəndə ərazidə tarixi abidələrin olub-olmamağı, tikinti obyektinin tarixi abidələrə təsiri mütləq nəzərə alınmalıdır. Burada söhbət təkcə abidələrin fiziki qorunmasından getmir. Mədəniyyət abidələrinin ictimaiyyət üçün açıq olması imkanları da qorunmalıdır. Yəni yeni tikili abidəyə gedən yola maneə yaratmamalıdır və s.

İctimai məlumatlandırma

Məcəllədə dövlət büdcəsi hesabına maliyyələşdirilən tikintidə vətəndaşların maraqlarının təmin olunması da nəzərə alınıb. Bura yolların və digər iri obyektlərin, məsələn park, iri inzibati binalar və s. tikintisi zamanı vətəndaşların məlumatlandırılması aiddir. Yaşayış yerindən asılı olmayaraq belə obyektlərin tikilməsi haqqında əvvəlcədən kütləvi informasiya vasitələrində məlumat verərək yerli əhalini məlumatlandırmaq tələb olunur. Bu zaman maraqlı şəxslərin bu layihələrlə bağlı təkliflər vermək və fikir söyləmək haqqı yaranır. Nəzərdə tutulub ki, belə hallarda tikintiyə icazə verən orqan bir ay ərzində iradlara cavab verməlidir.


*«Daınmaz Əmlak» jurnalı - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təsis etdiyi aylıq nəşrdir.
64 səhifəlik jurnalda Azərbaycanın və regionun daşınmaz əmlak bazarında baş verən proseslər, yeniliklər, paytaxtda və regionlarda daşınmaz əmlak bazarının ayrı-ayrı sektorlarındakı dəyişikliklər işıqlandırılır. Bundan başqa «Daşınmaz Əmlak» jurnalında daşınmaz əmlak qanunvericiliyi, maarifləndirilmə, bazardakı yeni investisiya və biznes imkanları və barədə məlumatlar verilir. Jurnalda daşınmaz əmlak bazarının mənzərəsi illik, rüblük və aylıq məlumatlar, diaqram və cədvəllər vasitəsilə izlənilir. Məqsədlərinə, fəaliyyət istiqamətlərinə görə, jurnal əhalini geniş təbəqələri və investorlar üçün məlumat mənbəyi və biznes bələdçi rolu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2818

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

12 may 2025 , 15:35