Bələdiyyələrdə ictimai münasibətlərin inkişafı prioritet məsələdir - FOTO
08 avqust 2011 13:07 (UTC +04:00)

Bələdiyyələrdə ictimai münasibətlərin inkişafı prioritet məsələdir - FOTO

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişaf etdirilməsi, şəffaflığın artırılması üçün tədbirlər planının hazırlanması və reallaşdırılması” layihəsinin ikinci mərhələsinin icrasını davam etdirir. 5 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin birinci mərhələsində bələdiyyə üzvləri və qulluqçuları arasında sorğular keçirilib. İkinci mərhələdə isə nəzərdə tutulan pilot bələdiyyələrdə ictimai müzakirələr keçirilir. Artıq həmin ictimai müzakirələrdən ikisi keçirilib. İlk müzakirə Şabran bələdiyyəsində, daha sonra anoloji müzakirə Quba şəhər bələdiyyəsində baş tutub. Keçirilən hər iki ictimai müzakirədə bələdiyyə üzvləri və qulluqçuları, məhəllə komitələrinin nümayəndələri iştirak edib. “Bələdiyyələrdə ictimai münasibətlərin inkişafı və şəffaflıq” mövzusunda keçirilən ictimai müzakirədə “Bələdiyyələrdə ictimai münasibətlərin inkişafı və vətəndaşlarla əlaqələrin gücləndirilməsi”, “İctimai müzakirələr və Vətəndaş Cəmiyyəti sektorunun prosesdə iştirakı”, “Bələdiyyələrin ictimai münasibətlərin inkişafında maraqları”, “Bələdiyyələrin informasiya açıqlığının vacibliyi”, “Sosial problemlərin həllində ictimai münasibətlərin rolu”, “İctimai vəsaitlərin xərclənməsində vətəndaş nəzarəti” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Layihənin rəhbəri Rəfail Becanov ictimai müzakirələrdə çıxış edərək, layihənin məqsədi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılmasında və hesabatlılığın olmasında maraqlı olması haqqında geniş məlumat verib.

Sonra müzakirə iştirakçıları ilə mövzu ətrafında diskussiya aparılıb. Müzakirələrdə bələdiyyə büdcəsi ilə bağlı fikirlər səsləndirilib. Belə ki, büdcə proqnozları və büdcə vəsaitləri xərclərinin yerli əhali ilə müzakirə olunmasının vacibliyi və bunun bələdiyyələr haqqında müvafiq qanunvericilikdə də təsbit olunması bələdiyyələrin nəzərinə çatdırılıb.

Bələdiyyə üzvləri və qulluqçuları da tədbirlərdə aktivlik göstəriblər.

Növbəti analoji tədbirlər bu həftə Qusar və Xudat bələdiyyələrində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 485

Oxşar yazılar