Valideynlər adqoyma sərbəstliyindən niyə məhrum edilir? - MÜSAHİBƏ
08 avqust 2011 12:59 (UTC +04:00)

Valideynlər adqoyma sərbəstliyindən niyə məhrum edilir? - MÜSAHİBƏ

Filologiya elmləri doktoru, millət vəkili Nizami Cəfərovun ANS PRESS-ə müsahibəsi:

- Adların, soyadların və ata adlarının qoyulması və dəyişdirilməsilə bağlı yeni layihələr hazırlanıb. Hazırlanan tövsiyələrdə bəzi məqamlar var ki, burada müəyyən anlaşılmazlıq yaranır. Məsələn, qeyd edilir ki, arxaik, kənardan gəlmə, Vera, Zara kimi adların qoyulması qadağan ediləcək. Bəlkə, hansısa ailədə valideynlərdən biri rus əsillidir, yaxud digər etnik qrupun nümayəndəsidir və həmin valideyn övladına öz qohumunun adını qoymaq istəyir. Bəs bu zaman insanların hüquqları pozulmayacaq ki?

- Azərbaycan Milli Elmlər Akademiyasının verdiyi tövsiyələr əsasında Nazirlər Kabinetində bunun hüquqi tərəfləri hazırlanır. Bu prinsiplərdə müxtəlif variantlar var. Bilirsiniz, burada prinsipdən söhbət gedir. Yəni, burada başqa adlar da ola bilər. Elə qarışıq, metis ailələr var ki, onlar övladlarına Valeri, Vladimr, Yuri, yaxud digər ad qoya bilər. Bu mümkündür. Amma burada söhbət daha çox qarışığı olmayan azərbaycanlı ailələrdən gedir. 3 prinsip nəzərdə tutulur. Elə adlar var ki, onların qoyulmağına heç bir etiraz yoxdur. Elə adlar var ki, onların qoyulması qadağandır. Bir də, elə adlar var ki, onların qoyulması məsləhət bilinmir. Bu həm mümkündür, həm də mümkün deyil. Valeri, Venera kimi adların qoyulması məsləhət deyil. Amma bunu heç kim qadağan etmir. Amma Hitler, Stalin, Andranik kimi adları azərbaycanlı ailəsi qoyursa, bu qəti surətdə qadağandır. İnanmıram ki, belə adlar azərbaycanlı ailələrində olub. Olsa da belə, onların qoyulması qadağandır. Necə icazə verək ki, kimsə ulu babasını yada salıb, övladının adını Andranik qoysun. Ümumiyyətlə, uşağa valideynin adqoyma azadlığı müəyyən həddə qədərdir. Çünki valideynin övladı, eyni zamanda cəmiyyətin vətəndaşıdır. Yadımdadır, bir azərbaycanlı ailə körpənin adını Binladen qoymuşdu. Bir vaxtlar Kombayn, Traktor kimi adlar da qoyulurdu. Ona görə də, indi valideynlərə ad qoyarkən sərbəstlik verilmir.


Bir də görürsən valideyn uşağın adını bir hərfdən ibarət qoymaq istəyir. Məsələn B. Buna icazə vermək olar? Ona görə də, hər ağıla gələn şey qəbul edilə bilməz. Bizdə 2 hərfdən ibarət ad qoyulması anlayışı yoxdur. Yaxud, uşağa hansısa partiya adı qoyula bilməz. Birdən kimsə, övladına ADR, AXCP kimi ad qoymaq istədi, onda necə? Bu qəti qadağandır.


- Bu zaman valideynlər narazı qalarlarsa və hüquqlarının pozulduğunu düşünərlərsə, nə etməlidirlər?

- Əgər valideynlərlə VVAQ arasında mübahisə yaranarsa, məsələyə yenə məhkəmə aydınlıq gətirir. Valideynlər məhkəməyə müraciət edir, məhkəmə qanun çərçivəsində məsələyə aydınlıq gətirəcək. Əgər valideyn məhkəmədən də narazı qalarsa, ali məhkəmə, Konstitusiya məhkəmələrində iddia qaldıra bilər. Əgər bütün bu proseduradan keçib, yenə də hüquqlarının tapdandığını düşünərsə, beynəlxalq məhkəməyə müraciət edə bilər. Amma əminəm ki, ailələrdə vəziyyət o həddə qədər gedib çıxmayacaq.

- Mürəkkəb adlarla bağlı da bəzi anlaşılmazlıqlar var. İki və daha çox sözlərdən ibarət olan mürəkkəb adlar var ki, onlara da müəyyən məhdudiyyətlərin qoyulması məsələsi planlaşdırılır. Kiminsə atasının, babasının adı Həsənquludur və o həmin adı övladına qoymaq istəyir. Bu zaman məsələ necə tənzimlənəcək?

- Elə mürəkkəb adlar var ki, onlar qoyulması estetik baxımından özünü doğrultmur. Məsələn, Məmmədqulu, Həsənqulu və s. Amma bu o demək deyil ki, həmin adların qoyulması qadağandır. Bəli, biz dədə-baba ənənələrinə riayət edirik, həmin adətlər uğurlu olmasa belə. Həmin adların qoyulmasına icazə verilir, lakin məsləhət görülmür. Yəni, söhbət bu adların qanunla qadağan olunmasından getmir. Sadəcə elmi baxımdan bu məsləhət deyil.


Bu prinsiplər hazırlanıb, Nazirlər Kabinetində, bu işlə məşğul olan Ədliyyə Nazirliyində müzakirə edilir və məsələnin hüquqi tərəflərinə baxılır.

- Vurğuladığınız qaydalarla bağlı bəzi müddəalar var ki, burada müəyyən anlaşılmazlıq yarana bilər. Məsələn, vurğulanır ki, uşağın soyadı ilə bağlı valideynlər arasında razılıq olmadıqda, problemi yerli icra orqanları həll edir. Burada icra orqanı məsələni necə həll edə bilər?

- Ata ilə ana bir-birindən ayrılıblar və bundan sonra uşaq dünyaya gəlir. Uşağın kimə veriləcəyi məsələsi mübahisəlidir. Ana uşağa qoyulması üçün öz atasının adını təklif edir, ata isə öz atasının adını. Belə hallarda, təbii ki, məsələ gedib dava-dalaşa çıxa bilər. Ona görə, mübahisəni çözmək üçün yerli icra orqanı məsələyə qarışır. Tərəflərin fikirləri öyrənilir və ortaq məxrəc tapılır. Əlbəttə ki, icra nümayəndəsi uşağa götürüb öz dədəsinin adını qoymur. Nəsillə, nəcabətlə məsləhət olunur, uyğun bir ad qoyulur.

- Bəs burada yenə anlaşılmazlıq yaransa?

- Anlaşılmazlıq yaranarsa, yenə də məsələyə məhkəmə qarışır.

- “Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir” müddəasında müəyyən anlaşılmazlıq yaranmır ki?

- Elə uşaqlar var ki, onlar 10 yaşına çatanda, artıq sərbəst düşünmək qabiliyyətinə malikdir. Onlarla məsləhətləşmək olar. Əgər 10 yaşına çatmış uşaq təkid edir ki, soyadını dəyişməsin, valideynlərinin soyad dəyişməsinə etiraz edirsə, bunu bacarırsa, onda uşağın fikrilə razılaşmaq olar. Amma 18 yaşından sonra onun sərbəst fikir bildirmək ixtiyarı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar