Vüsalə Mahirqızı: “Həyatımda APA-ya rəqib olacaq sevgi yoxdur” – MÜSAHİBƏ
05 avqust 2011 22:23 (UTC +04:00)

Vüsalə Mahirqızı: “Həyatımda APA-ya rəqib olacaq sevgi yoxdur” – MÜSAHİBƏ

Onlar təzə söz demirlər. Mən də bir vaxtlar özümdən əvvəlki baş redaktorları tənqid etmişəm, indi də mənə deyirlər. Öz sahəmdə kiminsə məndən öndə olması qəbul edə bilməyəcəyim bir şeydir”

Hər şey təsadüfən oldu, biz ora gedəndə məqsədimiz sadəcə “Mediada qadınlar” rubrikasının budəfəki qonağı kimi APA-nın baş direktoru Vüsalə Mahirqızı ilə həmsöhbət olmaq idi və məlum oldu ki, bu gün müsahibimin nə az, nə də çox düz 32 yaşı tamam olur. Merkez.az olaraq bu cür xüsusi bir gündə elə Vüsalə Mahirqızı ilə onun gəldiyi yollara onun baxışı ilə bir nəzər saldıq. İndi isə həmin yollara sizinlə birgə səyahət etmək istəyərik. Xülasə, qonağımız - təqdimatsız - Vüsalə Mahirqızıdır.

- Jurnalistikaya ilk addımlarınızı, APA-ya gələn yolu bizimlə bölüşmənizi istəyərdik? APA-ya çatana qədər çoxmu yol gəldiniz?

- Əslində mənim uzunmüddətli müxbir fəaliyyətim olmayıb. Cəmi bir neçə ay reportyor işləmişəm, sonra həmişə rəhbərlikdə təmsil olunmuşam. “Hürriyyət” qəzetində bir neçə yazım çıxıb, hələ onda BDU-nun filologiya fakültəsinin birinci kurs tələbəsi idim. Sonra BDU-nun qəzeti olan “Bakı Universiteti” qəzetində, daha sonra “Günaydın”, “Bu gün”, “Azadlıq”, “Məkan” qəzetlərində fəaliyyət göstərdim. Sonra “Xalq cəbhəsi” qəzetini yaratdıq və mən orda baş redaktor oldum. “Xalq cəbhəsi” qəzeti Azərbaycan mətbuatında yarandığı gündən gündəlik nəşr olunan ilk qəzetdir və mənim onda cəmi 22 yaşım vardı. Mən ən gənc baş redaktor sayılırdım. 2003-cü ilin noyabrına qədər “Xalq cəbhəsi” qəzetində işləmişəm. 2004-cü ilin oktyabr ayından isə APA fəaliyyətə başladı. Ondan sonrasını da bilirsiz.

- Siz jurnalistikaya ilk addımlarınızı yazılı mətbuatla atmısız, amma bugünkü gənclər daha çox radio-televiziyaya meyl edirlər. Sizcə, buna səbəb nədir?

- Bizim zamanımızda qəzet imzası daha məşhur idi. Mən həmişə jurnalist olmağı düşünmüşəm. Amma ixtisas seçimi zamanı anam dedi ki, sabahkı şərtlərini bilmirik, kiminlə ailə quracağın və onun dünya görüşünün necə olacağı bəlli deyil və jurnalist kimi fəaliyyət göstərmək də hər xanımın işi deyil. Buna hər ailə razı olmur. Jurnalist futbolçu kimi bir şeydir, 30 yaşlı reportyor 60 yaşlı reportyorla eyni keyfiyyətə malik deyil, operativ tələblərə cavab verə bilmir. Təbii ki, onda heç kim deyə bilməzdi ki, gələcəkdə necə jurnalist olacağam. Ona görə də anam dedi ki, sən filologiyanı seç, “yaxşı ədəbiyyatçı yaxşı jurnalist ola bilər, amma yaxşı jurnalist yaxşı ədəbiyyatçı ola bilmir”. Mənim də orta məktəbdə idealım televiziya jurnalisti olmaq idi və saatlarla güzgünün qarşısında dayanıb öz-özümə danışıb, oxuduğum əsərləri və şeirləri deyirdim. Çünki gözümüzün önündə olan jurnalistika, televiziya jurnalistikası idi. Mən rayondan gəlib paytaxt mühitinə düşdükdən sonra mətbuatla maraqlananda daha ciddi jurnalistika üzərində düşünməyə başladım. Bunu çəkinmədən deyirəm, mətbuat, yazılı jurnalistika ciddi və tarixi jurnalistikadır. Çünki televiziyada danışdıqların gedir, amma qəzetdə yazdıqların tarix olur. Televiziyada, bəlkə, tez ulduz olmaq mümkündür, elə mənimlə eyni vaxtda televiziyada fəaliyyətə başlamış müxtəlif insanlar var idi, amma bu gün onların çoxu məşhur deyil, jurnalistikada yoxdular, amma mən varam və məşhuram. Söhbət harada olmaqdan getmir, necə olmaqdan gedir. Bugünkü gənclik də daha tez populyar olmağa meyl edir. Mən bunu belə ifadə edərdim, ulduzlar həmişə tez yanır, tez də sönür, amma ulduzun axmağı da var, ay isə gec-gec görünür, həmişə aydır.

- Jurnalistikanı vəfasız sənət adlandırmaq olar?

- Mən həmişə deyirəm ki, jurnalistika ədalətsiz peşədir. Jurnalistika ulduz yetişdirən sənətdir, ulduzun da çox yaxşı bir xüsusiyyəti var. Hər tərəfdən görünür, bu yaxşıdır, amma hər tərəfədən göründüyü üçün hər kəsin sənə fərqli yöndən baxmaq imkanı olur. Ulduz söndüsə, bitdi hər şey, yeni ulduzlar əvvəlkini unutdurur. Bir az yazmayan, efirdə görünməyən jurnalisti oxucu, tamaşaçı tez unudur. Burda var olmaq çox çətindir. Dünyanın hər yerində belədir, sən önə çıxmaq istəyirsənsə vuruşmalısan. Bəzən ədalətsiz, bəzən isə ədalətli olub vuruşmalısan. Burda səni hər cür ləkəliyə bilərlər. Buna hər kəs dözmür. Jurnalistika ciddi səbr və sədaqət tələb edən sahədir. Sən həm oturub zamanını gözləməlisən, həm də işləməlisən. Sən burda öz mənbəndən eşitdiklərini sabah hər kəsə danışa bilməzsən. Bəzi şeylər var ki, illərlə səndə sirr olaraq qalmalıdır. Mən həmişə əməkdaşlarıma deyirəm ki, yazdıqlarınız, bildiklərinizin 10%-dir. Biz hamısını yazsaq, onda sabah bizə heç kim güvənməz. Jurnalistika ciddi etimad tələb edən sahədir. Sən oxucunun etimadını qazanmalısan. Mənim bizim agentliklə bağlı ən sevdiyim rəy bilirsizmi nədir? Heç zaman eşitmədim ki, kimsə soruşsun, “APA yazıb, görən düzdürmü?” Həmişə belə eşitmişəm, “ APA yazıbsa, deməli, düzdür”. Bunu qazanmaq çox çətindir. Səbr, sədaqət, etibar və etimad olmadan sən jurnalistikada irəli gedə bilməzsən. Jurnalistikada ola bilərsən, amma yer tuta bilməzsən.

- Siz də qeyd etdiniz ki, jurnalistika savaş meydanıdır. Amma jurnalistikada sağlam rəqabətdən çox hamı bir-birinin ayağının altını qazır? Bunun səbəbi nədir?

- Birincisi, jurnalistika məşhur peşələr sırasındadır. Məşhurluq uğrunda mübarizə gedən bütün peşələrdə şan-şöhrət həvəskarları gəlir və şan-şöhrət həvəskarı olan insanlarda intriqanın olması qaçılmazdır. İkincisi, jurnalistika cəmiyyətin bütün təbəqələrini tənqid edir. O tənqid edənlərin də dönüb bizi tənqid eləmələri, mübarizə aparmaları normaldı. Medianın öz içindəki intriqalara da təbii baxıram. Şan-şöhrət xəstəliyi olan peşələrin hamısında bir mənfi cəhət var ki, burda insanlar irəli gedəni sevmirlər. Bununla heç vaxt barışmırlar, hələ-hələ o insanlar öz içərilərindən çıxan keçmiş sıravilər olurlarsa… Bu gün mediaya biznesdən, başqa sahələrdən gələn insanlar da var, onların da şirkəti ortalıqdadır, mənim də qurduğum şirkət. Jurnalistlər isə daha çox məni tənqid edirlər. Çünki mən dünən onlarla birgə müxbir işləmişəm. Dünən onların sıralarında olmuşam, onlardan bəzisi hələ də “niyə mən yox, Vüsalə?” sualına cavab axtarır. Bəlkə də haqlı sualdır, amma işlərinə baxıb bu sualı versələr, daha ədalətli olar. Jurnalistlər məni tənqid edəndə həmişə gülüb keçirəm, çünki onlar elə bilirlər ki, təzə söz deyirlər. Onlar təzə söz demirlər. Mən də bir vaxtlar özümdən əvvəlki baş redaktorları tənqid etmişəm, indi də mənə deyirlər.

- Belə çıxır sizdə haqsız idiz, onlar da haqsızdırlar?

- Bu haqsızlıq deyil, normal insan psixologiyasıdır. Düşünürlər ki, onlar mənim yerimdə olsaydılar, daha yaxşı işlər görərdilər. Bəlkə də görə bilərlər. Bəlkə də bu şans verilsə, heç bu gün mən onlara verdiyim salamı da verməzlər mənə. O yerdə olmadan bunu bilmək mümkün deyil. Mən bəzi adamlardan soruşmuşam ki, doğurdan məni qəbul etmirsən, deyir ki, mən sizi qəbul edirəm, amma özümü belə göstərsəm maraqlı olmaram axı. Belə xırda şeylərə təbii baxıram. Hamının məni sevmək kimi məcburiyyəti yoxdur. Qəbul edən də olacaq, nifrət eləyən də… Əsas odur ki, o qəbulu etməyənlər inkişafıma stimul verirlər.

- Sizin yerinizdə olmaq istəyən çox adam var?

- Əminəm ki, mənimlə eyni nəsildən olan bir çox insan indi mənim olduğum yerdə olmaq istəyərdi. Amma maddi olaraq, mənimlə kreslo savaşına çıxan insanları sevmədiyimi açıq deyəcəm. Elə adamları da ətrafıma buraxmıram. Mənim yerimdə olmaq yox, mənim kimi olmaq istəmək, məncə, daha sağlam mübarizə üsulu olar.

- Bu gün sizin 32 yaşınız tamam olur. 32 ilin hesabatını versəniz, nəticə necə ola bilər?

- Mən bu sual qarşısında heç vaxt aciz qalmıram. Hesab edirəm ki, yaşıma görə çox tanınmış və çox iş görmüş adamlardan biriyəm. Ən azı ucqar bir rayonun kəndindən çıxıb, 10-15 il ərində Azərbaycanın aparıcı media orqanına rəhbərlik edib, Vüsalə Mahirqızı imzasını yarada bildim. Mən sadə bir ziyalı ailəsində böyümüşəm. Bakıya bütün ailəmlə bərabər kirayədə yaşamağa gəlmişəm. Bu gün nə qazanmışamsa, böyüklərimə, ailəmə və özümə minnətdaram.

- Jurnalistikada qazandıqlarınız göz önündədir. Bəs görmədiyimiz və bilmədiyimiz nələri itirdiz?

- İtirdiklərim oldu, əlbəttə. Məsələn, 32 yaşımda kiçik bir qızım var... Amma bir neçə ola bilərdi, daha çılğın bir gənclik yaşaya bilərdim. Bunlar olmadı. Adamların elə xəyanətlərini gördüm ki, aylarla onun psixoloji gərginliyindən çıxmaq üçün çabaladım. Duyğularım, hisslərim korşaldı və s…

- Bəs uşağınıza vaxt ayıra bilirsiz? Jurnalistika ana-qız münasibətinə mane olmur ki?

- Təbii ki, mən evdar xanımlar qədər, ya bir müəllimə, həkim xanım kimi övladıma vaxt ayıra bilmirəm. İnanın ki, heç bilmədim qızım Sara necə böyüdü. Bir də gördüm, 5 yaşı var. Mənim devizim budur ki, sən əgər karyera qurmaq istəyirsənsə, hislərini ayağının altına qoyub addımlamalısan. Mən həmyaşıdlarım kimi gənclik və tələbəlik yaşamadım. Elə birinci kursun yarısından işləməyə başladım. Tələbə yoldaşlarımla çox az xatirələrim var. Gəncliyimi yaşamamışam, bəziləri kimi çox çılğın gənclik xatirələrim yoxdur. Sonralar məlum oldu ki, məni sevən adamlar belə ciddiliyimdən qorxduqları üçün bunu məndən gizlədiblər.

- Peşmansınızmı bu dediklərinizi yaşamadığınız üçün?

- Yox, əsla. Ola bilər həyatımın hansısa məqamında düşünürəm ki, gərək bir az fəqli yaşasaydım. Amma mən sakit həyat yaşayacaq adam deyiləm.

- Bəs qorxmursuz müəyyən bir yaşdan sonra artıq karyera geridə qalanda ötüb keçənləri xatırlayanda tamam başqa fikirdə olasınız?

- Dostlarımın da dediyinə görə, mən bir az hisslərdən kənar adamam. Şeir dinləyib ağlamaq, mahnıya qulaq asıb kövrəlmək mənlik deyil. Bu cür şeyləri özümə yaxın buraxmamışam, özümü belə tərbiyələndirmişəm. 6-7-ci sinifdən etibarən qarşımda məqsədim var idi. Bu kənddən çıxacam, ailəmə, özümə yaxşı bir mühit yaradacam, ölkədə tanınmış adamlardan biri olacam. Mən bura məqsədli və hədəfli şəkildə gəlib çıxmışam. Bəzən ac, bəzən paltarsız qalmışam, mənim tədbirlərə köhnə ayaqqabı ilə gəlməyimə lağ eləyən həmkarlarım olub. Çox ciddi sınaqlarla üzləşmişəm, amma gözümün yaşını silib durub demişəm ki, mən o hədəfə doğru getməliyəm. Öz sahəmdə kiminsə məndən öndə olması qəbul edə bilməyəcəyim bir şeydir, həyatımda bundan sonra bir şeyə peşman ola bilərəm. O da ki, qızımın “sənin filan vaxtı etdiyin hərəkət mənim irəli getməyimə mane oldu” kəlməsi ola bilər. Mən bundan sonra yalnız Saranın qarşısında peşmançılıq hissi keçirə bilərəm.

- Bəs sizə hədəfə çatmaq üçün mane olan insanları görürsüz? Onları zirvədən müşahidə edirsiz? Necə davranırsız onlarla?

- Yadımdadır, 10-cu sinifdə oxuyurdum. Kənddə bir nəfərə borcumuz var idi. Yaxın qohumumuz idi, atamgil evdə deyildilər, gəldi hay-küylə borcunu istədi, vaxt qoyub dedi ki, axşama qədər borcumuzu verməsək, gəlib yorğanlarınızı aparacaq. Mən dindar insan deyiləm, amma onda ilk dəfə əlimi açıb Allaha dua etdim: “İlahi, bizi bu dar dalandan çıxart, onlar məndən kömək istəsinlər, mən heç vaxt yox deməyəcəm”. Mən o sözümə sadiqəm. Mənə pislik eləyən adamlar dəstək istəyəndə hər dəfə o andım gözümün önünə gəlir və düşünürəm ki, bu da mənim üçün növbəti sınaqdı və o adamlara həmişə dəstək oluram. Amma deyim ki, hamısı tək-tək bu qapıya gəldilər.

- Böyük gənclik sevgisi yaşamısınız?

- Qarşıma çıxanlar olub. Amma mənim böyük sevgi yaşamağa vaxtım olmayıb. Əksər insanın həyatında həyəcanlı bir gənclik sevgisi olur, mən isə onu yaşamadım. İndi özümü çox xoşbəxt hesab edirəm və həyat yoldaşımla da sevib evlənmişəm.

- Qadın jurnalistə evdə qonaq deyirlər. Sizdə necədir? Həyat yoldaşınız sizi bu barədə anlayır?

- Arada yoldaşım deyir ki, bizə də vaxt ayırsan, pis olmaz. Bəzən qadın verilişlərində qonaq olanda gender məsələlərindən danışıram. Həmişə də sonuncu cümləm bu olur ki, burda yekə-yekə danışıram, amma bilmirəm evdəki vəziyyət başqa cür olsaydı, mən necə davranardım. Ailəsi olmayan insan üçün bu asan bir şeydir. Bəzən düşünürəm ki, Sara olandan sonra dilemma qarşısında qoysaydılar ki, ailə və karyera, neyləyərdim. Sözdə deməklə deyil, doğurdan da çətin seçimdir. Bu o biri seçimlərə bənzəmir, çox ciddi və həyati seçimdir. Ömür boyu həyatında iz qoyacaq bir şeydir. Karyeranı seçib ömür boyu peşman olarsan. 6 ildir evliyəm və o seçim qarşısında qalmamışam. Həyat yoldaşım təkcə məni yox, işimi də sevir. O, 32 yaşına qədər yaşadığı hər şeyi arxada qoyub, mənə görə Bakıya gəldi. Bu böyük fədakarlıqdır, etiraf edim ki, mən bunu etməzdim. Adam orda bütün qazandıqlarını maddi, mənəvi olan hər şeyi mənim üçün buraxıb gəldi. Mən bu gün məşhuram, amma bunun ailəyə heç bir aidiyyatı yoxdur. Evin böyüyü odur. Mən heç vaxt ona demirəm ki, olarmı mən xaricə ezamiyyətə gedim? Mən deyirəm ki, filan vaxtı xaricə ezamiyyətə gedirəm. O bilir ki, mən bundan sui-istifadə etmirəm. Mən 6 aylıq uşağı yoldaşıma tapşırıb 24 günlük Amerikaya getmişdim. Həmin səfərə o məni məcburən göndərib. Edip mənim karyerada irəli getməyimdə ən az mənim qədər maraqlıdır. Belə adamlarla yola getmək çox asandır. Mənim yoldaşım açıq, anlayışlı, demokratik dünyagörüşlü bir adamdır.

- Azərbaycanlı bir kişi olsaydı Sizi bu cür başa düşərdi?

- Belə azərbaycanlı tapsaydım, ailə qurardım da onunla. (Gülür) Mənim qarşıma eləsi çıxmayıb. Əminəm, bizdə də elə insanlar var. Çünki xanım millət vəkilləri və kifayət qədər xanım dövlət məmurları, redaktorlar var, ailəlidirlər və işləyirlər. Deməli, onların da həyat yoldaşları dözümlüdür.

- APA-ya rəqib olacaq sevgi var həyatınızda?

- Həyatımda APA-ya rəqib olacaq sevgi yoxdur. Ümumiyyətlə, mən işlə evi qarışdırmağı xoşlamıram. Sara anadan olandan 15 gün sonra işdə problemlər olduğu üçün onu dayəyə tapşırıb, işə çıxdım. Kimsə APA-nı başqa qurumlarla, elə yaratdığımız digər qurumlarla belə müqayisə edəndə mənim acığıma gəlir. Deyirlər niyə belə edirsən? Deyirəm ki, mən APA-nı Saradan üstün tutdum. İnsanın öz yaratdığı çox doğma olur. Hər kəs dünyaya övlad gətirə bilər, amma hər kəs APA gətirə bilməz. Bu ölkədə bu var, o var, amma bir dənə APA var. Bu təkcə mənim əlimdən çıxan səs deyil, bütün kollektivin, bizə dəstək verən böyüklərimizin zəhmətidir.

- Zahirən çox ciddi, zəhmli bir qadına bənzəyirsiniz. Bu sizin obrazınızdır?

- Bir dəfə xaricdə ezamiyyətdə idim, Sürücü maqnitofonu açdı və Azərbaycan musiqisi səsləndi, özümdən asılı olmayaraq mahnını zümzümə etməyə başladım. Gördüm dostum təəccüblə soruşur ki, sən mahnı da oxuya bilirsən? (Gülür) Bu, mənim xarakterimdir, görünüşümdür. Həm də cəmiyyətimiz üzdə olan qadını tənqid etməyi sevir. Bir söz var, həmişə onu deyirəm “mənə deyən təpiklər sənə dəysəydi…….” Bir nəfərə salam verirsən, ona da birtəhər baxırlar. Mən haqqımda əfsanələrin və şayiələrin dolanmasını sevmirəm, bundan zövq alanlar sırasında deyiləm. Hər cəmiyyətdə xanımın öz obrazı var. Bizim cəmiyyətin bu obrazı çox mühafizəkardır. Bizdə bəzən çox şeyi qarışdırırlar. İnsanlarla yaxın olursan yanlış anlayırlar. Evimə çox insanın gəlməyini istəmirəm. Çünki insanlarla yaxın olursan, sonra onu sənə qarşı istifadə edirlər.

- Qəzet, kitab oxumağa vaxt ayırırsınız?

- Qəzet, kitab oxumağa həmişə vaxtım var. Azərbaycanda 3 nəfərin oxuduğu saytı da mən oxuyuram. Mən AYO-çuların bütün kitablarını oxumuşam, onların əsərlərinə olan marağımdan “kulis.az”-ı yaratdım.

- Bəs dinləyib unutmayacağınız mahnı?

- Mahnı yox. Nəbi Xəzrinin bir şeiri var “Dəniz, göy, məhəbbət”… Çox sevirəm o şeiri… Elə mahnı yoxdur ki, ona qulaq asım, “həyatımın devizi budur” - deyim (Gülür) O şeir tək şeirdir ki, məni bir az reallıqlardan uzaqlaşdıra bilir.

(merkez.az)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar