Ramazan ayı: hansı icma, hansı təqvimdən istifadə edir? – SORĞU
05 avqust 2011 18:01 (UTC +04:00)

Ramazan ayı: hansı icma, hansı təqvimdən istifadə edir? – SORĞU

Bu gün müqəddəs Ramazan ayının 5-ci günüdür. Orucluğun geridə qalan 5 günündə müşahidə olunan əsas məsələ müxtəlif məscidlərdə azan vaxtlarının fərqli olması, oruc tutan insanların iftarı və ya imsaqı müəyyən zaman fərqilə qarşılamasıdır.

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gəlməsi ilə bağlı fətva verdiyi tədbirdə çıxış edən Şeyx Allahşükür Paşazadə də bu problemi qabartmış, ən doğru təqvimin onların Şamaxı Rəsədxanası ilə birgə hazırladığı təqvim olduğunu bəyan etmişdi. O, Azərbaycana ən yaxın rəsədxananın Şamaxıda olduğunu və buna görə də əsas istinad qaynağının ora olduğunu bildirmişdi. Bununla belə, QMİ-nin yaydığı təqvimdən əlavə, insanlarda bir neçə fərqli təqvimlər, fərqli oruc duaları var.

Hazırda fəaliyyətsiz olan Əbubəkr Məscidinin imamı, Azərbaycanda önəmli dini çəkiyə malik sələfilik (vəhhabilik) təriqətinin lideri olan Hacı Qamət Süleymanov da Lent.az-a açıqlamasında fərqli təqvimdən istifadə etdiklərini bildirib. O deyib ki, tərəfdarlarına hansısa bir təqvimdən istifadə ilə bağlı xüsusi bir tapşırıq verməyiblər: “Biz də hamı kimi ortada olan bir neçə təqvimdən birini istifadə edirik. İnternet saytlarda müxtəlif təqvimlər var. Eyni zamanda, bütün dünya ölkələri üçün iftar, imsaq vaxtlarını göstərən saytlar da var. Biz də həmin məlumatlara əsasən oruc tuturuq”.

Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimin ümumi olduğunu qeyd edən Hacı Qamət Süleymanov bildirib ki, QMİ ölkədəki bütün dini qrupları nəzərə almağa çalışdığı üçün belə bir təqvim dərc edib: “Ancaq hər dini icma fərqli vaxtda iftar, imsaq edir. Buna görə də, QMİ-nin təqvimi ilə fərq yaranır. QMİ-nin təqvimi isə bütün bu fərqli dini təriqətlər üçün ortaq bir təqvimdir”.

QMİ-nin hazırladığı təqvimin tam dəqiq ola bilməyəcəyini deyən Hacı Qamət, indiki halda bu cür təqvimlərin tam dəqiqliklə müəyyən olunmasının çətin olduğunu qeyd edib: “Bununla belə, biz, Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimi də qəbul edirik”.

“İçərişəhər” Cümə Məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu isə Lent.az-a açıqlamasında bildirib ki, onun Ramazan ayında bir qayda olaraq, bu cür haşiyəli məsələlərlə bağlı mövqe bildirməmək prinsipi var. İ.İbrahimoğlu rəhbərlik etdiyi camaatın hansı təqvimə əsasən hərəkət etdikləri barədə də heç bir açıqlama verməyib.

Azərbaycandakı Türkiyə vətəndaşlarının islamın sünni məzhəbinə inandıqlarını nəzərə alaraq, onların hansı təqvimlə oruc tutduqları ilə maraqlandıq. Türkiyənin ölkəmizdəki Səfirliyinin Dini Attaşesindən Lent.az-a bildirdilər ki, Azərbaycandakı Türkiyə vətəndaşları üçün xüsusi bir Ramazan təqvimi nəzərdə tutulmayıb. Məscidlərdə isə Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimə riayət olunur: “Əvvəllər Diyanət İşlərindən belə bir təqvim verilməsi nəzərdə tutulurdu. Ancaq hazırda Azərbaycandakı türklər Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı təqvimə əsasən oruclarını tuturlar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumatda bildirilib ki, komitə Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Rəsədxanası ilə birlikdə hazırladığı təqvimi əsas hesab edir və digər təqvimlərə uyulmamasını istəyir. Bu barədə komitənin sədri Hidayət Orucov da iyulun 28-də QMİ-də keçirilən konfransda çıxış etmişdi.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar