Jurnalist təhlükəsizliyi ilə bağlı seminar keçirilib
05 avqust 2011 17:56 (UTC +04:00)

Jurnalist təhlükəsizliyi ilə bağlı seminar keçirilib

Koalisiyadan Lent.az-a verilən məlumata görə, seminarlar iyulun 28-dən avqustun 3-nə kimi Bakı və Tərtər şəhərlərində keçirilib.

“Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsi çərçivəsində keçirilən təlimlərdə Bakıda fəaliyyət göstərən, ümumrespublika yayımlı 16 aparıcı KİV redaksiyasından (AzərTAC İnformasiya Agentliyi, “Səs” İnformasiya Agentliyi, Space TV, İctimai TV, “Azadlıq” qəzeti, “Azərbaycan” qəzeti, “Xalq” qəzeti, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzeti, “Kaspi” qəzeti, “Ekspress” qəzeti, “İki sahil” qəzeti, “Araz” qəzeti, “Bakı xəbər” qəzeti, “Həftə içi” qəzeti, Lent.az xəbər portal) 16 nəfər jurnalist qatılıb.

Tərtər Şəhərində keçirilən təlimlərə isə Azərbaycanın Qərb bölgəsində fəaliyyət göstərən 9 aparıcı KİV redaksiyasından (“El TV” televiziyası, “Xəzər” TV-nin Qərb Regional bürosu, APA İnformasiya Agentliyinin Qərb Regional bürosu, “Ağdam” qəzeti , “Kür” qəzeti, “Yeni Tərtər” qəzeti, “Ağdaş” qəzeti, “Bərdə” qəzeti) 13 nəfər jurnalist qatılıb.

Beləliklə, iyulun 28-dən avqustun 3-nə kimi Bakı və Tərtər şəhərlərində keçirilən “Jurnalist təhlükəsizliyinin təmin edilməsində yeni metodlar” mövzusunda 2 təlimə ümumilikdə 25 KİV redaksiyasından 29 jurnalist qatılıb ki, bunlardan 9 nəfəri qadın jurnalistlər olublar.

Bakı və Tərtərdə keçirilən təlimlərin hər biri 3 gün davam edib.

Beynəlxalq Jurnalistlər Federasiyasından olan beynəlxalq ekspertlər yerli jurnalistlərə onların təhlükəsizliklərini təmin etmək məqsədilə müasir beynəlxalq təcrübə barədə məlumat veriblər. Məşğələlərdə müxtəlif praktiki tapşırıqlar yerinə yetirilib.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, “Etik Jurnalistika Təşəbbüsləri-Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli deyib ki, bu cür seminarların keçirilməsində əsas məqsəd jurnalistləri beynəlxalq sahədə mövcud olan təhlükəsizlik modulları ilə tanış etmək və bu sahədə onların bilikləri artırmaqdır: “Bu, Azərbaycan jurnalistləri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın müharibə şəraitində olması araşdırma ilə məşğul olan jurnalistlər üçün spesifik problemlər yaradır. İndiki təlimlərin keçirilməsi Azərbaycan jurnalistlərinə imkan verir ki, onlar konfliktli məsələlər barədə araşdırma apararkən, yaxud münaqişəli məntəqələrdən reportajlar hazırlayarkən, öz təhlükəsizliklərini təmin edə bilsinlər”.

“Söz Azadlığı və Jurnalist Peşəkarlığı Koalisiyası”na Jurnalistlərin Həmkarlar İttifaqı, Demokratik Jurnalistlər Liqası, Beynəlxalq Avrasiya Mətbuatı Fondu və “Ruh” Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi daxildir. Etik Jurnalistika Təşəbbüsləri Azərbaycan layihəsi Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən iki illik layihədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar