Şəmkirdəki qədim Əhəmənilər sarayının sirri açıldı
26 avqust 2010 12:38 (UTC +04:00)

Şəmkirdəki qədim Əhəmənilər sarayının sirri açıldı

Azərbaycan-Almaniya-Gürcüstan beynəlxalq arxeoloji ekspedisiyası Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində eramızdan əvvəl V-IV əsrlərə aid saray qalıqlarının tədqiqini davam etdirir.

Lent.az-ın Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, arxeoloqlar uzunu 80, eni 70 metr olan bu sarayın təkcə Azərbaycanın deyil, bütövlükdə Ön Asiyanın tarixinin öyrənilməsi baxımından əhəmiyyətli sayırlar.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev və Almaniyanın Münhen Müzeyinin direktor müavini, Heydelberq Universitetinin əməkdaşı Florian Klassın rəhbərlik etdikləri ekspedisiya 2007-ci ildə burada eramızdan əvvəl V-IV əsrlərə, yəni Əhəmənilər imperiyasına aid sarayın qalıqlarını aşkar ediblər. Bu il ərazidə arxeoloji qazıntı peyk vasitəsilə çəkilən xəritəyə əsasən aparılır.

Artlq məlum olub ki, əvvəlki illərdə aşkarlanan hissələr, o cümlədən sütunaltlıqları əslində sarayın girişidir. Sarayın özünün isə 80 metr uzunu, 70 metr eni vardır. Divarlar çiy kərpicdən tikilsə də, sütunaltlıqları yerli daşdan xüsusi memarlıq üslubunda yonulub. Otaqların birində 4 belə sütunaltlığı tapılıb. Digər bir otaqda hələlik 2 ədəd kvadrat şəkildə altlıq aşkarlanıb.

İranın sərhədlərindən kənarda Əhəmənilər dövlətinə məxsus hələlik 3 saray aşkar olunub və onun da 2-si Azərbaycan ərazisindədir.
# 802

Oxşar yazılar