TQDK-dan bir ilk
08 dekabr 2012 16:42 (UTC +04:00)

TQDK-dan bir ilk

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən Təsviri sənət istiqamətli ixtisaslar üzrə seminar keçirilib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin təsviri sənət istiqamətli ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri haqqında müzakirələr aparmaq məqsədi ilə keçirilən tədbirdə Qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər.

Seminarda müzakirələrdən sonra 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinin “rəngkarlıq”, “qrafika”, “dekorativ sənət”, “dizayn”, “heykəltəraşlıq”, “təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramları qəbul olunub. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “rəngkarlıq”, “qrafika"”, “teatr dekor sənəti”, “rəssamlıq”, “heykəltəraşlıq” ixtisasları üzrə ilk dəfə olaraq 2013/2014-cü tədris ili üçün qabiliyyət imtahanlarının proqramları qəbul edilib, bu ixtisaslar üçün qiymətləndirmə meyarları və metodiki tövsiyələr hazırlanıb. Eyni zamanda keçən tədris ilində tələbə qəbulu aparılmış “dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “dizayn” və “təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə də qabiliyyət imtahanlarının proqramları qəbul olunub. Ali təhsil müəssisələrinin “rəngkarlıq”, “qrafika”, “dekorativ sənət”, “dizayn”, “heykəltəraşlıq”, “təsviri incəsənət müəllimliyi”, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “rəngkarlıq”, “qrafika”, “teatr dekor sənəti”, “dekorativ tətbiqi incəsənət və xalq sənəti”, “rəssamlıq”, “dizayn”, “heykəltəraşlıq”, “təsviri incəsənət müəllimliyi” ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Təsviri sənət” adlı tədris metodiki vəsaitdə nəşr ediləcək.
# 3613

Oxşar yazılar