“Azərbaycan” qəzeti dövlət qurumlarının mətbuat xidmətlərini tənqid etdi
14 noyabr 2012 18:05 (UTC +04:00)

“Azərbaycan” qəzeti dövlət qurumlarının mətbuat xidmətlərini tənqid etdi

Lent.az-ın məlumatına görə, yazıda bəzi qurumların mətbuat xidmətlərinin KİV-lə əməkdaşlıqdan qaçması və eyni zamanda, jurnalistlər arasında ayrı-seçkiliyə yol verildiyi qeyd olunur: “Əksər strukturların mətbuat xidmətləri işlərini, əsasən, təmsilçisi olduqları qurumların fəaliyyətinə nəzərən qururlar. Başqa sözlə, fəaliyyəti ilə müsbət mənada fərqlənən, yeniliklərə can atan, islahatlara meylli olan, dövlət və xalq qarşısında məsuliyyətini dərk edən nazirlik, təşkilat və komitələrin mətbuat xidmətləri daha operativ, fəal, çevik olur, şəffaflığa üstünlük verirlər. Görülən işlər, reallaşdırılan layihələr barədə ictimaiyyətə məlumatların çatdırılması həm də informasiya sahiblərinə ictimai inam və etimadı artırır. Zamanın nəbzini tuta bilməyən, yeniliklərə mühafizəkar yanaşan, fəaliyyətində ciddi qüsurlara yol verənlərin isə cəmiyyət və media qarşısına çıxmağa, sadəcə, üzləri olmur. Belələri sadəlövhcəsinə "çıxış yolu"nu jurnalistlərin zənglərindən qaçmaqda, telefonlarını faksa qoşmaqda, verilən suallardan yayınmaqda görür, beləliklə, süründürməçiliyə yol verərək vətəndaşların, KİV-in informasiya əldə etmək hüququnu pozurlar. Bir sıra nazirlik və komitələrin, özəl qurumların mətbuat xidmətlərinin rəhbərlərini əksər vaxtlarda iş yerində tapmaq müşkül məsələyə çevrilir! Onlara ünvanlanan şifahi və yazılı sorğular qanunla müəyyən olunmuş vaxt ərzində cavablandırılmır! Bəzi hallarda isə həmin cavablar dolğun, dürüst, suala adekvat olmur! Nəticədə məlumat operativliyini itirir. Bu hallarla jurnalistlər ən çox kənd təsərrüfatı, maliyyə, gənclər və idman, səhiyyə nazirliklərinin mətbuat xidmətləri əməkdaşlarının fəaliyyətində rastlaşırlar. Onlar hətta elementar, sadə suallara belə cavab verə bilmirlər. Məsələn, son illər ölkədə nə qədər diaqnostika mərkəzlərinin, sağlamlıq ocaqlarının, yeni məktəblərin, olimpiya idman komplekslərinin tikildiyi, yaxud həkimlərin, tibb işçilərinin, müəllimlərin orta aylıq əməkhaqları və s. barədə sorğulara dəqiqləşdirilmiş, doğru-dürüst cavab verməkdə acizdirlər”.

Qəzetin yazdığına görə, jurnalistlərin narazılıq etdiyi ünvanlardan biri də Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidir. Bu xidmətin əməkdaşları müxbirin informasiya almaq hüququna məhəl qoymurlar, məlumatlardan xəbərsizdirlər, şöbələrdə telefonları götürən olmur: “Rayon icra hakimiyyətlərində isə müraciətlərə məhdud dairədə cavab verilir, amma onun dərc olunması üçün öz rəhbərliklərinin icazəsini şərt kimi qoyurlar. Bu problem əksər dövlət qurumlarına, nazirlik, təşkilat və komitələrə də aiddir. Bunu informasiyanı gizlətmək, öz rəhbərliyinin mənfi planda görünməsinə müqavimət kimi də qiymətləndirmək olar. Belə təşkilatlar tənqid olunduqdan sonra onun əməkdaşları faktları inkar etməyə çalışırlar. Nəticədə həmin mətbuat xidmətləri informasiya verən deyil, informasiya axınının qarşısını alan qurumlara çevrilirlər! Onların işinin səmərəsi sıfıra bərabər olur! Apardığımız sorğulara əsasən Nəqliyyat Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi, “Azərsu” və “Azəriqaz” səhmdar cəmiyyətlərinin mətbuat xidmətlərinin suallara cavab verməyə sadəcə vaxtları olmur. Bütün zənglər cavabsız qalır. Güc nazirliklərindən və hüquq-mühafizə orqanlarından isə istədiyin məlumatla deyil, onların verdiyi informasiyalarla kifayətlənməlisən. Müdafiə Nazirliyinin hospitallarından, xəstəxanalarından yazmaq üçün belə onlara rəsmi şəkildə müraciət edilməli, icazə alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətləri çox istəyirlər ki, jurnalistlərə zəngin informasiya versinlər. Lakin əməkdaşların peşəkarlıq səviyyəsinin aşağı olması buna imkan vermir. Ona görə də mətbuat xidmətlərinin fəaliyyəti həm də bu qurumlara rəhbərlik edənlərin şəxsi idarəçilik keyfiyyətləri ilə bağlıdır desək, yəqin ki, yanılmarıq”.

Qəzetdə o da qeyd olunur ki, bu kimi problem yaranması səbəblərindən biri də kadr problemidir: “Müşahidələr göstərir ki, jurnalistika sahəsində yetkinləşən, çalışdığı sahənin incəliklərini dərindən mənimsəyən, müasir texnologiyalarla işləməyi bacaran, innovasiyalara meylli olanlar işlərini də mükəmməl səviyyədə qurur, jurnalistlərin və cəmiyyətin etimadını qazanırlar. KİV-də müəyyən iş təcrübəsi olmayan, zamanın ruhunu duymayan, müasir jurnalistikanın əsaslarını bilməyən adamlarla uğurlu təbliğat aparmaq qeyri-mümkündür. Ona görə də ictimai rəyə təsir göstərmək, orada öz obrazını yaratmaq istəyən qurumlara kadrların seçilməsi də çox vacibdir. Zəif komanda ilə aydındır ki, heç bir ciddi iş görmək və nəticə əldə etmək mümkün deyildir. Kompyuterlə, internetlə işləməyi bacarmayan, yeniliklərə uyğunlaşa bilməyənləri isə konkret ünvanla, adla göstərməyə ehtiyac yoxdur. Cəmiyyət də, media da hansı qurumun mətbuat xidmətinin daha yaxşı işlədiyini, KİV-lə müntəzəm əlaqələr qurduğunu gündəlik izləmək, qiymətləndirmək imkanındadır. Deməli, mətbuat xidmətlərində peşəkar kadrların yerləşdirilməsi onların təmsil etdikləri qurumlara ixtisaslı rəhbərlikdə ən mühüm şərtdir. Əksər nazirliklərdən, eləcə də AMEA-nın institutlarından göndərilən yazılar aşağı səviyyədə, zəif, dəqiqləşdirilməmiş, hətta bəzən yanlış faktlardan ibarət olur. Məqalənin dili, üslubu redaktəyə belə gəlmir. Görkəmli alimlər, şəxsiyyətlər haqqında redaksiyaya göndərilən materiallar yalnız tərcümeyi-hal xarakteri daşıyır. Halbuki bu insanların ölkənin inkişafında böyük xidmətləri xüsusi vurğulanmalıdır. Bu işin də normal təşkilinə mətbuat xidmətləri məsuliyyət daşıyır”.

Yazıda bəzi mətbuat xidmətlərinin jurnalistlər arasında ayrı-seçkiliyə yol verdiyi xüsusi ilə qeyd olunur: “Problemlərin digər bir qismi mətbuat xidmətlərinin KİV-lər arasında ayrı-seçkiliyə yol verməsi zəminində baş qaldırır. Müşahidələr göstərir ki, bəzi hallarda mətbuat xidmətlərinin rəhbərləri informasiyaları şəxsi münasibətləri yaxşı olan jurnalistlər vasitəsilə yaymağa üstünlük verirlər. Və yaxud obyektiv üstünlüklə bağlı daha operativ yayım imkanları olan internet saytları ilə işləməyə çalışırlar. Lakin bu zaman digər KİV-lərin də operativ məlumat almaq hüququ təmin olunmalı, qanunun tələblərinə riayət olunmalıdır. Eyni zamanda, mətbuat konfranslarına və brifinqlərə yalnız "dost jurnalistlər"in dəvət edilməsi kimi xoşagəlməz ənənəyə də son qoyulmalıdır!”

Qəzetin iddiasına görə, bəzi qurumların saytlarının fəaliyyəti “sürət əsri”nin tələblərinə tam cavab vermir. “Bəzi komitə və özəl qurumların internet saytlarının olmaması sadəcə anlaşılmazdır. Bu həm də “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinin kobud şəkildə pozulması, şəffaflıq və hesabatlılığa əməl olunmaması deməkdir. Bundan başqa, bir sıra qurumların internet saytlarının uzun müddət yenilənməməsi, zəruri informasiyalarla təmin edilməməsi onun funksionallığını pozur, jurnalistlərin məlumat əldə etmək imkanlarını çətinləşdirir. Eyni zamanda əksər dövlət və qeyri-dövlət qurumlarının saytlarında mətbuat xidmətlərinin, ictimaiyyətlə əlaqə şöbələrinin telefonları göstərilmir. Məsələn, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Statistika Komitəsinin internet saytlarından mətbuat xidmətləri ilə əlaqə telefonlarını əldə etmək mümkün deyil-deyə, yazıda qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1106

Oxşar yazılar