Prezident AİPS-in 77-ci konqresinin iştirakçılarını təbrik etdi
28 aprel 2014 13:05 (UTC +04:00)

Prezident AİPS-in 77-ci konqresinin iştirakçılarını təbrik etdi

0

 

 

 

Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi işə başlayıb. Lent.az-ın məlumatına görə, tədbir qurumun yaradılmasının 90 illik yubileyinə təsadüf edir.

 

Əvvəlcə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin konqres iştirakçılarına təbriki oxuyub. Təbrikdə bildirilir ki, nüfuzlu təşkilatın mötəbər toplantısının və yubiley mərasiminin Azərbaycanda keçirilməsi respublikamızın ictimai həyatında diqqətəlayiq hadisədir: “Ümumiyyətlə, son illər Azərbaycan müxtəlif zirvə görüşlərinə, dövlətlərarası qurumların toplantılarına, sivilizasiyalararası dialoq forumlarına, qitə və dünya miqyaslı yarışlara ev sahibliyi edən bir məkan kimi tanınmağa başlayıb. Beynəlxalq idman təşkilatları 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi barədə qərar qəbul ediblər. Biz bu qərarları cəmiyyətimizə xas olan yüksək tolerantlıq mühitinə, mükəmməl idman infrastrukturunun yaradılması sahəsində görülən işlərə və beynəlxalq tədbirlərin təşkili sahəsində əldə edilmiş zəngin təcrübəyə möhkəm inamın zəngin təzahürü kimi qiymətləndiririk”.

 

Dövlət başçısı bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda söz və ifadə azadlığı təmin olunub, çoxsaylı vətəndaş cəmiyyəti institutları, müxtəlif dillərdə nəşr edilən plüralist media məkanı formalaşıb. Bu gün ölkəmizdə minlərlə KİV – televiziya, radio, qəzet, jurnal, sayt və xəbər portalı fəaliyyət göstərir. Onların 60-a qədəri bilavasitə idmanla bağlıdır. Hesab edirəm ki, AİPS-in 77-ci konqresi üzv ölkələrdə idman jurnalistikasının inkişafına, media nümayəndələri arasında əməkdaşlığın dərinləşməsinə, sağlam həyat tərzinin təbliğinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə sanballı töhfə verəcək. Konqresin işinə uğurlar arzulayır, bütün iştirakçıları assosiasiyanın 90 illik yubileyi münasibətilə təbrik edirəm”.

 

Ardından Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın da videomüraciəti səsləndirilib.  

 

Gənclər və idman naziri Azad Rəhimov AİPS-in 77-ci konqresinə qurumun 90 illik yubileyində təşkilatçılıq etməyi şərəfli hal adlandırıb. Nazir bildirib ki, bu tədbir vasitəsilə Bakıda keçiriləcək 2015-ci il I Avropa Oyunlarına töhfə kimi yararlanmaq imkanı olacaq: “Azərbaycan həm gənc, həm də Avropaya yaxın ölkədir və eyni zamanda idmana dərindən bağlıdır. Vaxt azlığına baxmayaraq, biz idman tariximizdə yeni fəsil açır, yeni tədbir həyata keçiririk. Avropa Oyunlarında 6000-dən çox idmançı iştirak edəcək. Konqres müddətində idman qurğuları üçün tikilən xeyli komplekslə tanış olacaqsınız. Çox vacib idman anlarını dünyaya təqdim etməyiniz təbliğati baxımdan vacibdir. Ona görə də AİPS-ə öz konqresini Bakıda keçirməsinə dair qərarına görə təşəkkür edirəm”. 

 

Sonda AİPS-in prezidenti Canni Merlo 2012-ci ildə Bakıda “Gənc reportyorlar proqramı” təşkil etdiklərini xatırladaraq, həmin tədbir barədə videosüjeti nümayiş etdirib.

 

Qeyd edək ki, mayın 1-dək davam edəcək konqresə 110-dək ölkənin 250-dən çox nümayəndəsi və müşahidəçisi qatılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 562

Oxşar yazılar