İş № 585: Ekstazi alıcıları borc içində...
24 noyabr 2008 16:57 (UTC +04:00)

İş № 585: Ekstazi alıcıları borc içində...

Əvvəli - http://www.lent.az/news.php?id=12587

Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə ekstazi adlı narkotik maddənin qəbulunda və satışında ittiham olunan dəstənin mühakiməsi davam edir. Prosesdə Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovla yanaşı, zərif cinsin nümayəndələri, polis zabiti, Azərbaycan çempionu da mühakimə edilir. Bu gün də sizin diqqətinizə ötən dəfədən yarımçıq qalan çempion Cavidan Əliyevin ifadəsini çatdıracağıq.

Güləşçi Cavidan Əliyev ifadəsində qeyd edir ki, tanışı Əli İsmayılov onunla görüşə Mahirlə gəlir və beləliklə, onlar tanış olurlar. Mahir C.Əliyevə bildirir ki, həbin biri 60 manatdır. İdmançı isə ona bir həb üçün 50 manat verib, 10 manat borclu qalır. Əli İsmayılov həbi ona satan kimi getmək lazım olduğunu bildirir. Çünki onları qızlar gözləyirdi.

C.Əliyev bildirir ki, həbi elə maşını idarə edərkən qəbul edib. Yarım saatdan sonra dərmanın təsiri gəlib. Onun sözlərinə görə, ürəyi tez-tez döyünüb, dayanmadan hərəkət etmək istəyib, ona elə gəlirmiş ki, bədənini kimsə tumarlayır...

Çempionun borc boğazına yığılır

Ekstazi Cavidanı özünə necə bağlayırsa, o, səhəri gün Əliyə zəng edib, bir dənə də həb istəyir. Əli isə Mahirin telefon nömrəsini verərək, onunla əlaqə saxlamağı təklif edir. C.Əliyev Mahirlə əlaqə saxlayaraq, 6 ədəd həb istəyir. Statistika İdarəsinin yaxınlığında görüşüb həbləri alır, lakin pulunu 2-3 gün sonra ödəyəcəyini bildirir. İki gün sonra isə Əlinin yanında 6 həbə görə 350 manat pulu Mahirə ödəyir. Ona yenə borclu qalır, yalnız buna baxmayaraq, əlavə iki həb də istəyir. İki-üç günə isə borclarını bağlayır.

Beləliklə, C.Əliyev mütəmadi olaraq Mahirdən həb almağa başlayır və borclarını həmişə axıracan qaytara bilmədiyindən daim ona borclu qalır. Borclar da get-gedə artır. Mahirə borcunu qaytarmaq üçün o, kreditə telefon götürüb, 100 dollar ucuz sataraq, Mahirin borcundan qaytarır. Bütün bu proseslərə Əli də şahidlik edib. C.Əliyev Əli vasitəsilə Mahirə 500 dollar göndərib. Amma hələ 15-20 həbə görə 1500 dollar borcu qalırmış. Hətta bir neçə dəfə onun Mahirlə borc üstündə mübahisəsi də yaranıb. Ancaq sonra Mahir bu məsələnin üstünə gəlməyib.

Ekstazi biznesinin arxasında kimlər dayanır?

C.Əliyevin sözlərinə görə, Əli ona ekstazi təşkli edəndən sonra onu “X cute” disko-klubuna dəvət edib. Orada Mahir, Yalçın, Əli və Həsəni görür. Keflərinin köklüyündən başa düşür ki, hamısı ekstazi qəbul ediblər. Elə oradaca C.Əliyevə də 60 manata həb satırlar. Həbləri Həsən gətirir. O, başa düşür ki, bu dərmanların alverində orada iştirak edənlərin hamısının əli var.

Mahirə xeyli borcu qaldığından C.Əliyev daha ondan həb istəyə bilmir və başlayır ekstaziləri Həsən Həsənov və Yalçın Həsənovdan almağa. 2008-ci ildə isə Yalçın ona zəng edərək deyir ki, özü Dubaydadır, amma Bakıya təzə mal gəlir. Yalçın deyir ki, Həsənə tapşıracaq, ona da bir dənə həb versinlər. C.Əliyev Həsənlə əlaqə saxlayır və sonuncu ona həbi Amerika səfirliyinin yaxınlığında yerləşən ofisin qarşısında verir. Lakin həbin təsiri olmur. C.Əliyev bu barədə Həsənə məlumat verir. Həsən onu səhəri gün eyni yerə çağıraraq iki ədəd də həb verir. Bu dəfə həbin birinin təsirinin əvvəlkilərdən də güclü olduğunu hiss edir. Və həblər üçün Həsənə 150 dollar pul verir. Bir neçə gün sonra Yalçın Dubaydan gəldikdən sonra onunla görüşüb, 8 ədəd ekstazi istəyir. İki gündən sonra həmin həblərin pulunun yarısını verir, yerdə qalanını isə qaytara bilmir. Belləikllə, 300 dollar da Yalçına borclanır. Çempionun pulu olmasa da ekstazi istəyir. O zaman Yalçın ona dərman almağa nağd pulla gəlməyi məsləhət görür. Bu zaman o, Yalçına zəng edərək guya başqa adamların da həb istədiyini bildirir. Bu yolla da o, Yalçından nisyə həblər ala bilir.

2008-ci il aprelin 30-da isə Əli onunla görüşüb, Mahirlə Yalçının həbs edildiyini deyir. Bundan başqa, onlara məlum olur ki, tanışları Səbinəni də MTN-nin qarşısında görüblər və çox güman ki, onu da həbs edəcəklər. Beləliklə, C.Əliyev qaçmaq niyyətinə düşür, əvvəlcə İsmayıllıda bir neçə gün qalır, sonra pulu qurtaranda geri qayıdır. Polis kapitanından axtarışda olub- olmadığını öyrənmək istəyir. Kapitan məlumatı ona 200 dollara satacağını desə də C.Əliyev yenə də ona pulun yarısını verərək, borclu qalır. Bir ara Ukraynaya getmək istəyir, sonra fikrindən daşınır, Gürcüstandan keçməklə Sankt-Peterburqa qardaşının yanına getmək istəyir. Lakin onu sərhəd keçidində yaxalayıb MTN-ə təhvil verirlər.

C.Əliyev ifadəsində onu da bildirib ki, bütün bu olanların günahını Əli İsmayılovda görür. O, əlavə edir ki, ümumiyyətlə, Əlidən indiyə kimi heç kim xeyir görməyib.

Yalçın Həsənov ekstazi üçün biznes ortaqlarını işə necə cəlb etmək istəyirmiş? Bunu növbəti yazıda Ruslan Zalıyevin ifadəsindən öyrənəcəyik.

(Davamı var)

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1427
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar