İş №585: Ekstazi alverçiləri necə tələyə düşdülər?
04 dekabr 2008 15:34 (UTC +04:00)

İş №585: Ekstazi alverçiləri necə tələyə düşdülər?

Əvvəli - http://www.lent.az/news.php?id=13212

Milli Təhlükəsizlik Nazirliyinin araşdırdığı “Ekstazi işi”nin istintaq materiallarında çox maraqlı məqamlarla rastlaşırıq. Əvvəlcə qeyd edək ki, bu iş artıq Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə məhkəmə araşdırılmasına çıxarılıb. Bu məhkəmədə 14 nəfər mühakimə olunur. Onların arasında dəstə başçıları kimi Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı və Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov göstərilir. Dəstə üzləri arasında xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, polis kapitanı və digərləri də var.

Polis kapitanı nəyi gizlədirmiş?

Təqsirləndirilən şəxslərin istintaqa ifadəsində bəzi ziddiyyətli məqamlara rast gəlirik. Məsələn, polis kapitanı Vüqar Əliyev bildirirdi ki, o, heç vaxt ekstazinin dadına baxmayıb. Amma istintaq onun telefon danışıqlarının mətnini sənədlərin arasına əlavə edib ki, bu danışıqlar zamanı V.Əliyevin müxtəlif cür ekstazi həblərinin təsirindən xəbərdar olduğu müəyyən edilir. Bu danışıqdan bəzi məqamları diqqətinizə çatdırırq. Polis kapitanı Mahir Mirsalamlı ilə danışır:

M.irsalamlı: Nə təhər edək, onda şeyin pulunu verə bilərsən mənə?

V.Əliyev: Hə, amma zəif idi...

M,Mirsalamlı: Zəifdi?

V.Əliyev: Da.

M,Mirsalamlı: Hı...

V.Əliyev: Mənfi müsbət haçan gəlir?

M,Mirsalamlı: Bilmirəm, deyirlər də, indi görək.

V.Əliyev: Xəbər edərsən də onda gələndə.

M,Mirsalamlı: Hə, oldu.

Maraqlıdır, dadına baxmadığı ekstazilərin hətta üzərindəki şəkillərdən belə sifariş verən V.Əliyev ifadəsində nə qədər səmimi olub? Bundan başqa, V.Əliyevlə Rüfət Çobanovun üzləşdirməsində də ikinci bildirir ki, onun yanında maşın ustası Ə.İsmayılov polis kapitanına selofana bükülü ekstazi həbləri verib və V.Əliyev də bu həblərin təsirindən uzun-uzadı danışıb.

Təqsirləndirilən şəxs Ruslan Zaliyevin dediyindən belə çıxırdı ki, ona ekstaziləri demək olar ki, zorla verirmişlər. Amma üzləşdirmə zamanı Y.Həsənovun sürücüsü Həsən Həsənov vəziyyətin heç də belə olmadığını qeyd edir.

Gömrük əməkdaşı alverçini aldatdı

Cinyaət işi materialları arasında bir ifadə daha çox diqqətimizi çəkdi. Bu ifadə Gömrük Komitəsinin əməkdaşına aiddir. Əməkdaşın adını çəkməyə ehtiyac duymuruq. Amma onun çox uğurlu bir əməliyyatı başa çatdıra bilməsinin şahidi oluruq. Əməkdaş ifadəsində bildirir ki, onlarda Türkiyədən ekstazi gətirilməsi və Bakıda bunun satışının təşkil edilməsi barədə əməliyyat məlumatları olub. Rəhbərliyin tapşırığı ilə o, əməliyyata başlayır. Müəyyən edir ki, Ruslan Rüstəmov adlı şəxs Bakı barlarında ekstazi satır. 2008-ci ilin mart ayında o, Ruslanla əlaqə qurur və Malakan bağının yaxınlığında yerləşən “Anadolu” restoranında görüşürlər. Görüş zamanı əməliyyatçı Ruslana ekstazi ilə maraqlandığını bildirir. Hətta Ruslanı maraqlandırmaq üçün deyir ki, o da ekstazi satışı ilə məşğul olur və yaxşı müştəriləri var. Ruslan isə bildirir ki, heç bir problem yoxdur, nə qədər istəsə, həb götürə bilər. Eyni zamanda onu da qeyd edir ki, bu həbləri o özü yox, başqası gətirir. Ruslan söhbət zamanı deyir ki, hazırda onda həb azdır, amma yaxın günlərdə xeyli sayda gətiriləcək. Danışıq belə olur ki, həblər gələn zaman Ruslan xəbər verəcək və o, həbləri satmağa hazırdır.

2008-ci il martın 7-də əməliyyatçı Komitənin hesabından 1000 dollar götürüb, Ruslanla görüşə gedir. Metronun “Sahil” stansiyasının yaxınlığında görüşürlər. Əməliyyatçı 1-i 100 dollara Ruslandan 10 ədəd ekstazi alır. Və bunu işə təhvil verir. Eyni əməliyyat aprelin 19-da da təkrar olunur. Beləliklə, əməliyyatçı əvvəlcə öz rəhbərliyinə rəsmi məruzə edir. Sonra məlumatlar toplanıb, Milli Təhlükəsizlik Nazirliyinə verilir. Komitə artıq əməliyyatlara MTN ilə birlikdə hazırlaşır.

Sifariş artdıqca qiymətlər düşür

2008-ci il aprelin 25-də əməliyyatçı Ruslana zəng edib, 100 ədəd ekstazi həbi sifariş edir. O, MTN işçilərindən seriyaları əvvəlcədən qeyd edilən 3000 dollar götürür. Bundan başqa, MTN işçiləri onun üzərinə gizli şəkildə videokamera və mikrafon yerləşdirirlər. Əməliyyatçı Ruslanla “Nizami” kinoteatrının yaxınlığında yerləşən “Manqo” mağazasının yaxınlığında görüşüb, qəzet köşkünün arxasına keçir. Ruslan deyir ki, 100 ədəd həbi gətirib. Əməliyyatçı isə ondan yalnız 50 ədəd həb ala biləcəyini qeyd edir və inandırmaq üçün bildirir ki, 50 həb istəyən müştəri onu “podvodit” edib. Beləliklə, həblərin 50 dənəsi əməliyyatçı tərəfindən sayılaraq alınır. Və bu dəfə çox həb aldığı üçün qiyməti 50 manata danışırlar. Əməliyyatçı 3000 dolları sayıb, ona verir. Amma Ruslana onu da bildirir ki, yerdə qalan 50 ədəd həbi saxlasın, gələn dəfə ona daha 100 həb sifariş edəcək.

Aprelin 29-da əməliyyatçı bir daha Ruslana zəng edir. Onlar sabah üçün eyni məkanda görüş təyin edirlər. Əməliyyatçı bu dəfə seriyası qeyd edilən 5 min dollar götürür. Yenə də onun üzərinə gizli videokamera və mikrofon yerləşdirilir. Səhər saat 09:20 radələrində görüşürlər və qəzet köşkünün arxasına keçib alver edəndə MTN əməkdaşları onları yaxalayır.

Qeyd edək ki, Ruslan Rüstəmovun əvvəlki ifadəsinə nəzər salsaq görərik ki, o, bu həbləri M.Mirsalamlıdan alırmış. Satış zamanı M.Mirsalamlı onu kafelərin birində gözləyirmiş. Çox güman ki, Ruslanı izləməklə və telefon nömrəsini diqqətə almaqla, onun həbləri M.Mirsalamlıdan almasını müəyyənləşdirmək MTN əməkdaşları üçün o qədər də çətin olmayıb. Çünki Ruslan görüşə gələndə də, görüşdən gedəndə də Mahirlə görüşüblər.

Hüquq fakültəsinin qızları ekstazi işinə necə cəlb olundu? Növbəti yazıda biləcəksiniz.

(Davamı var)

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1748
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar