Etimad Əsədov: “Müharibə istəmirəm...” - MÜSAHİBƏ
04 dekabr 2008 12:52 (UTC +04:00)

Etimad Əsədov: “Müharibə istəmirəm...” - MÜSAHİBƏ

“İndiki müxalifəti tarixin arxivinə göndərməyin vaxtdır və xalq bunu edəcək”

“Sən haradasan” rubrikasının bu dəfəki qonağı Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədovdur. Onu hansı yönləri ilə tanıyırıq? Qarabağ uğrunda savaşa qoşulub. Amma onu bu savaşda iştirak edən on minlərlə insandan fərqləndirən xüsusiyyətləri var. Xarakteri və qabilyyətləri sayəsində bir zamanlar birliyə topladığı 10 minə yaxın insanın liderinə çevrildi. Özü də bunlar adi insanlar deyil, müharibə iştirakçıları, savaşdan qurbanlarla çıxan, psixikasında ciddi zərbələr daşıyan qazilərdir. Etiraf edək ki, bu kəsimin içərisində lider olmaq o qədər də asan məsələ deyil.

Rəhbərlik etdiyi təşkilat maraqlı bir yol keçib. Bir zamanlar öz haqlarını az qala savaşaraq qorudular. Bir müddət siyasətdən kənarda qaldılar. 2003-cü ildə aktiv siyasi fəaliyyətə qoşuldular. Hətta özü prezidentliyə namizəd İsa Qəmbərin vəkili oldu. Seçkidən bir neçə gün sonra həbs edildi. Məhkumluq həyatı yaşadı. 2005-ci ilin əvvəlində azadlığa buraxıldı, parlament seçkilərində namizədliyini irəli sürdü...

Amma hazırda bu aktivlik hiss olunmur. Müsahibələrinin birində dediyi kimi, ona “əməlli-başlı müxalifət damğası vurdular”. Amma o, özünü müxalifətçi hesab etmir, sadəcə, hansısa zaman ərzində öz konstitusion hüquqlarını müdafiə etdiyini bildirir.

Etimad Əsədovla söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməyə çalışırıq. Rubrikanın ənənəsinə uyğun olaraq, əvvəlcə “Sən haradasan” soruşduq:

- Hazırda Qarabağ Qaziləri İctimai Birliyinə rəhbərlik edirəm. Ofisimiz Montində yerləşir. Yerli təşkilatlarımızı formalaşdırırıq, birliyin üzvü olan qazilərin sosial problemləri ilə maraqlanırıq.

- Bəs bu fəaliyyətiniz sizi tam qane edirmi?

- Yox. Son dövrlərdə təkcə QHT-lərin yox, elə siyasi partiyaların fəaliyyətində də bir sönüklük hiss olunur. Bu da Azərbaycan reallığından irəli gəlir.

- Məsələn, nə etmək istərdiniz və niyə edə bilmirsiz?

- Çox istərdik ki, Birliyin maddi-texniki bazasını gücləndirək. Bunda da əsas məqsəd odur ki, qazilərin və dünyasını dəyişən üzvlərimizin ailələrinin, övladlarının sosial problemlərini həll etməkdə çətinlik çəkməyək. Atasız qalan qazi övladlarını az-çox himayə edə bilirik. Amma istəyimiz odur ki, həmin qazilərin adlarına layiq köməklik edək. Bu isə imkanımız xaricindədir.

- Birlik yeni fəaliyyətə başlayanda cəmiyyət sizdən elə bil, başqa işlər də gözləyirdi. Yəni qazilər təkcə öz sosial problemlərini həll etməyəcək, həm də gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsinə dəstək olacaq. İndi sanki fəaliyyətiniz dar bir çərçivədə məhdudlaşıb...

- Biz təşkilatı formalaşdıranda təbii ki, qarşımıza daha böyük missiya qoymuşduq. Ən başlıcası bu idi ki, Qarabağ savaşında psixi zərbələr alan insanların cəmiyyətə adaptasiyasında köməklik edək. Qazilərin bir çoxu hətta qazandıqları fiziki qüsurları belə sinirə bilmirdilər. Çalışırdıq ki, həmin şəxslərə mənəvi-psixoloji, hətta ideoloji dəstək verək ki, Vətən uğrunda itki verməyin özü bir müqəddəs işdir, şərəfdir. Onları inandırırdıq ki, bunun üçün təəssüflənmək, peşman olmaq olmaz. Eyni zamanda cəmiyyət üzvlərindən də tələb edirdik ki, bu şəxslərə qarşı xüsusi diqqət, hörmət olmalıdır. Düşünürəm ki, bu missiyamıza müəyyən mənada nail olduq.

Eyni zamanda, hətta Qarabağ probleminin həllində belə hansısa rolda çıxış etmək istəyirdik. Amma hamıya məlumdur ki, bu problem dövlətin çox yuxarı qatında müzakirəyə çıxarılır. Təşkilatların, fərdlərin bu müzakirəyə qoşulması mexanizmi hələ ki, yoxdur. Biz də Qarabağ Azadlıq Təşkilatı kimi yalnız problemlə bağlı fikirlərimizi bildirib, bəyanatlar verə bilirik. Çalışırıq ki, beynəlxalq təşkilatlarla görüşlərdə, seminarlarda Qarabağ problemi ilə bağlı öz düşüncələrimizi çatdıraq. Amma desəm ki, Qarabağın azad olunması ilə bağlı hər hansı xətt götürüb dayanmadan fəaliyyət göstərmişik, yalan demiş olaram. Çünki buna imkan yoxdur. Onu da deyim ki, əgər problemi müharibə vasitəsilə həll etməyə qərar verilərsə, onda biz təcrübəli insanlar kimi öndə olmağa, gənclərə bu istiqamətdə dəstək verib, təcrübələrimizi bölüşməyə canla-başla hazırıq.

- Fəaliyyətinizin elə dövrü oldu ki, gərgin mübarizə apardınız, hətta savaşa belə çıxdınız. O vaxtlarla indini müqayisə edəndə...

- Hər bir zamanın öz tələbləri, reallığı var. Tamamilə doğru deyirsiz, biz əvvəlki kimi aktiv deyilik. Mübarizəyə qoşulduğumuz zamanlar da olub. Amma nədənsə həmişə bu mübarizəyə siyasi don geyindirdilər. Siyasi adla da bunun qarşısını ala bildilər. Və bunlar təzyiqlər nəticəsində reallaşdı. Burada özümüzü qınadığım və haqq verdiyim məqamlar da olur. Azərbaycanda fərqli qaydalar var. Demokratik şəraitdə apardığın mübarizəni qələbə ilə başa çatdırmaq çox vaxt mümkün olmur. Bəli, biz mübarizəmizi sona çatdıra bilmədik. Burada bəzi subyektiv və obyektiv səbəblər də var. O zamanlar bizim cərgəmizdə olan subay gənc qazilər, zamanla ailə qurdular, başları daha çox sosial problemlərə qarışdı, qayğılar çoxaldı. Bəli, danmıram ki, əvvəlki kimi fəal deyilik.

- Birliyiniz təzə-təzə fəaliyyətə başlayanda siyasətdən kənarda qalmaq istəyiniz açıq görünüdü. Hətta o zamanlar tədbirlərinizə siyasətçilərin qatılmasından da çəkinirdiniz. Amma zaman keçdi, vəziyyət gəlib o yerə çatdı ki, Etimad Əsədov siyasi liderlərlə birlikdə həbs edilib, ittiham olundu...

- Bilirsiniz, hər bir vətəndaşın konstitusion hüquqları var. Həmin illərdə sosial problemlər daha çox qabarıq görsənirdi. İndi də bunlar həll edilməyib, amma zaman-zaman dirçəlişə doğru gedir. Biz xalqın əsgərləriyik. Xalqın problemlərinin həlli üçün konstitusion hüququmuzdan istifadə edib, siyasi proseslərə qoşulduq. Aparıcı siyasi təşkilatların birində seçki prosesinə qatılmışdıq. Nəticəni də bilirsiniz. 2003-cü il prezident seçkilərindən sonra kütləvi həbslər oldu, mən də onların arasındaydım.

Mən “Bizim Azərbaycan” blokunda prezidentliyə namizədin vəkillərindən biri olmuşam. Təbliğat kompaniyasında da kəskin çıxışlar edirdim. Proseslərin inkişafını izləsək, görərik ki, elə həbs edilənlər arasında olmalıydım da. Əgər prosesin aktivləri həbs olunurdusa, məntiqlə, mən orada olmalıydım. Bunu tam təbii qarşılayıram.

- Bəs, hazırda siyasi proseslərdən kənarda qalmağınızı necə izah edərdiniz?

- Zaman başqa zamandır. Həmin vaxtın güclü siyasi təşkilatları belə fəaliyyətlərini düzgün qura bilmədiklərinə görə parçalanırlar. Hazırda onlar vahid güc mərkəzi kimi çıxış edib, xalqın aktiv hissəsini öz arxalarınca aparmaq qabiliyyətində deyillər. Cəmiyyətdə bu qüvvələrə olan rəğbətin yerini antipatiya alıb. Bir vaxtalr istər müxalifət, istərsə də iqtidar daha aktiv fəaliyyət göstərirdi. İndi bütün təbəqələrdə bir süstlük var. Belə bir zamanda biz daha çox ictimai problemlərlə məşğul olmağa üstünlük veririk. Mən, ümumiyyətlə, inanmıram ki, hətta gələcək seçkilərdə belə əvvəlki radikallıq olsun. Hələ uzun müddət hər şey belə sakitcə davam edəcək. Çünki xalqı araxasınca aparıb hansısa mübarizəyə qoşa bilən qüvvələr yoxdur. Müxalifət yalnız mətbuatda bir-birini təhqir etməklə, əvvəl birləşib sonra ayrılaraq, yenidən təhqirlərə keçməklə məşğuldur. Xalq da bunu görür. İndiki müxalifət qüvvələrini tarixin arxivinə göndərməyin vaxtdır və xalq bunu edəcək. Yeni, sivil müxalifətin formalaşacağına əminəm. Bu qüvvələr əvvəlkilər kimi camaatı arxasınca aparıb, sonra da döyülmələrə, təzyiqlərə aparıb çıxarmayacaq.

- Gələcəkdə siyasi təşkilat yaratmaq niyyətiniz var?

- Bunu qeyri-mümkün hesab edirəm. Əvvəla, daha yaş o yaş deyil. Bundan başqa, fiziki cəhətdən problemlər var. İndi elə bir zaman gəlib ki, heç olmasa indi ailə, ev problemləri ilə məşğul olmalıyam.

- İndi ən çox müzakirə edilən mövzulardan biri də müharibə ilə bağlıdır. Cəmiyyətdə müharibə mövzusuna ikili münasibət var – kimi onu təbliğ edir, kimi də müharibənin dəhşətlərindən danışıb, insanları çəkindirir. Sizin bu məsələdə mövqeyiniz nədir?

- Müharibə labüd olarsa, burada qorxudan danışmaq olmaz. Şəxsən mən müharibədə qorxmamışam. Amma müharibə olmasını da istəmirəm, müharibə minlərlə insanın taleyini dəyişir, alt-üst edir. Düzü, müharibəni təbliğ edənlərin çoxunun səmimiyyətinə inanmıram. Müharibə qərarı çıxdığı təqdirdə isə biz qaziləri ön cərgələrdə görəcəksiniz.

- Sizi hərbçilərə xas sərt xarakterlə də xatırlayırlar. Bu xüsusiyyətinizin şəxsi həyatınızda mane olduğu məqamlar olubmu?

- Düşünürəm ki, olub. Mənim kimi insanlar bir qədər sərt olur. Amma ailə genişləndikdən sonra bunu mütləq nəzərə almalısan. Bir də görürsən, istəmədən evdə kiminsə qəlbinə dəyirsən. Təbii ki, bundan peşmançılıq hissi doğur. Ailənin kiçik üzvləri ilə xüsusilə diqqətli davranmalısan.

- Övladınızın hərbçi olmasını istəyərdiniz?

- Yox. Bəlkə sovet dönəmində istərdim, amma indi yox. İndi hərbiçilərə sözdə hörmət var. Ümid edirəm, gələcəkdə bu vəziyyət dəyişəcək.

- İnsanların tanımadığı bir yönünüz varmı? Məsələn, yaradıcılıqla məşğul olasınız, rəsm çəkəsiniz...

- Şeir yazmışam...

- Nə mövzuda?

- Şeir yazmağı məhbəsdə yoxladım, iman əhli olduğum üçün dini mövzuda yazdım.

- Heç məhəbbətdən yazmamısız?

- Yazmışam. Məhəbbətdən də yazmışam...

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2242
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar